İNVESTİSİYA MÜHİTİ
Dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi investisiya — innovasiya siyasəti qazanılan bir çox uğurların əsasını təşkil edir. Makroiqtisadi sabitliyin və iqtisadi artımın təmin olunmasında, iqtisadi təhlükəsizlik, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsində, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, bir çox sosial-iqtisadi problemlərin həllində ölkədəki investisiya durumu, investisiyaların innovasiya yönümlü olması vacib şərtlərdən biridir.
Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib. Ölkədə yaradılan siyasi-iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir. Mövcud investisiya siyasəti, yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.
Daim təkmilləşən islahatçı biznes mühiti nəticəsində bütün investorlar üçün bərabər hüquqlar və imkanlar yaradılıb. Eyni zamanda bu sahədə güclü mühafizə siyasəti və qanunvericiliyin yaradılması investorlar üçün cəlbedici amillərdir.
İnvestisiya mühitini dəstəkləyən amillərdən biri də dövlət təftişlərinin (vergi, insan sağlamlığı və dövlət təhlükəsizliyi məsələləri xaric) olmamasıdır.
Eyni zamanda xarici və yerli investorlara münasibətdə ayrıseçkiliyin olmaması, xarici investisiya üçün ilk öncə icazənin alınması kimi tələblərin, həmçinin, xarici mübadilə məhdudiyyətlərin, kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üçün lisenziyalaşdırmanın, şirkətlərdə xarici kapitalın miqdarına məhdudiyyətin, texnologiyanın köçürülməsi üçün məhdudiyyətin, mülkiyyətcilikdə hüquqi məhdudiyyətin, mənfəətin repatriasiyasında məhdudiyyətin və yerli həmkar tələbinin mövcud olmaması investorlar üçün əlverişli biznes mühitinin yaradılmasından xəbər verir.
Bugün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi hazırda 280 milyard dollara çatıb.
Azərbaycanın hazırda bir sıra regional və qlobal layihələrdə investor ölkə kimi çıxış etməsi onu mühüm geosiyasi aktora, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkəyə çevirib. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biri olmuş və layihələr uğurla tamamlanmışdır.
Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.
Artıq iri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir.
Hazırda işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində işlər aparılır, bir-sıra ölkələr ərazilərin bərpası, infrastuktur layihələrinin reallaşmasında yaxından iştirak edir.