ÜMUMİ MƏLUMAT

1991-ci ildə dövlət istiqlaliyyətini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.

Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyat əhəmiyyətli fəaliyyəti özündə ehtiva etdirir. Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng enerji, nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Beləliklə, demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra nüfuzlu təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biri, Qoşulmama Hərəkatının fəal üzvüdür. Beynəlxalq və regional  təşkilatlarda iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını müdafiə edib gerçəkləşdirir.

Azərbaycan Respublikasının ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun güclü dövlətçilik duyğusu, dərin məntiqi və məsələlərin mahiyyətini düzgün dərketmə qabiliyyəti beynəlxalq əlaqələrin qurulması işinə düzgün yanaşma yolunu müəyyən etməyə imkan yaradırdı. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Azərbaycanın xarici siyasəti əsası Heydər Əliyev tərəfindən qoyulmuş, dünya ictimaiyyətinin bütün xoşməramlı üzvlərilə qarşılıqlı faydalı münasibətlərin hərtərəfli inkişafı kursuna öz möhkəm sadiqliyini nümayiş etdirməkdədir və Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı tərəqqi və əhalinin rifahının təmin edilməsinə yönəldilmişdir. Kompleks və çoxşaxəli xarakter daşıyan bu proses çərçivəsində aparılan diplomatik fəaliyyət bir neçə əsas istiqamətdən ibarətdir, birlikdə isə onlar müstəqil Azərbaycanın xarici siyasətini təşkil edir.