ÜMUMİ MƏLUMAT

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik  ̶  Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci ildə verilmiş qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.

1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Ulu öndər Heydər Əliyevin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.

19 iyun 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti “Təhsil haqqında” Qanunun tətbiq edilməsi barədə Fərman imzalayıb.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrində, ən nüfuzlu universitetlərində, müxtəlif ixtisaslar üzrə, təhsilin bakalavr, magistr, doktorantura pillələri üzrə təhsil almasını təmin edən Dövlət Proqramı qəbul edildi.

Azərbaycan Respublikasında təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunmuşdur:

 

Məktəbəqədər tərbiyə

  • Ümumi təhsil:
  • İbtidai təhsil;
  • Əsas təhsil;
  • Orta təhsil.

 

Peşə-ixtisas təhsili:

  • Texniki peşə təhsili;
  • Orta ixtisas təhsili;
  • Ali ixtisas təhsili.

 

Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s.);

  • Magistratura;
  • Doktorantura;
  • Məktəbdənkənar təlim və tərbiyə;
  • Sərbəst təhsil;
  • İxtisasartırma və kadrların yenidən hazırlığı.