AZƏRBAYCANIN KİTAB EVLƏRİ

Baxmayaraq ki, bizim ərazidə kitab işinin inkişaf tarixi XI əsrdən başlayır, onun əsasının qoyulma tarixi daha qədimlərə — ilk dövlət yarandığı zamanlara təsadüf edir. Tarixi qaynaqlardan məlumdur ki, hələ V əsrdə Qafqaz Albaniyasında 52 hərfdən ibarət əlifba mövcud olub ki, buna görə də o dövrün bir sıra kitabları Alban dilinə tərcümə olunub, kilsə və məktəblərdə isə ilk kitabxanalar yaranmağa başlayıb. İslamın Azərbaycan ərazisinə gəlişi və yayılması ilə əlaqədar olaraq kitabxanalar mədrəsə və məktəblərdə yaradılmağa başladı ki, bu da oxu mədəniyyətinin xalq arasında geniş yayılmasına səbəb oldu. Belə ki, kitabxana işinin inkişaf zirvəsi XI əsrə təsadüf edir. Bu vaxt ən qiymətli əsərlərin üzü köçürülərək qorunması üçün müxtəlif kitabxanalara yerləşdirilirdi ki, bu da kitab evlərinin sayının daha da çoxalmasına səbəb olurdu.

Öz dövrünün əsil ədəbiyyat bilicilərinin, ziyalı, hörmətli, tanınmış və dövlətli adamlarının çox vaxt şəxsi kitabxanaları olurdu. Bu kitabxanalarda dünyanın müxtəlif ərazilərindən kitablar mövcud idi. Bunların içərisində çox vaxt ən məşhurları — əsası XI əsrdə qoyulmuş, öz zamanında dünyada qiymətli sayılan Bəhmənyarın kitabxanası; XI-XII əsrlərin qovşağında əsası qoyulan ilk Azərbaycan ədəbiyyatı nəzəriyyəçisi sayılan  Xətib Təbrizinin kitabxanası; XIII əsrdə Marağada yaradılan 400.000 nüsxədən çox kitabı olan Nəsrəddin Tusinin “Seyyidina” kitabxanası; iki bina və şəhər universitetinin kitabxanasından ibarət olan Rəşidəddinin “Rəşidiyyə” kitabxanalarıdır.

Bura, Azərbaycanın ilk universiteti olan “Rəşidiyyə”yə, şəhər məscidinin kitabxanasına və şəfa ocaqlarına kitablar İrandan, Misirdən, Çindən, Yunanıstandan, Bizansdan və digər ölkələrdən gətirilirdi.

Orta əsrlərdə Azərbaycanda kitab işinin inkişafından sonra saray, dini, elmi və şəxsi kitabxanalar əmələ gəlməyə başladı. Saray kitabxanaları içərisində Şirvanşahlar sarayının kitabxanasını (XII əsr), Təbriz kitabxanasını (XIII əsr), Ağqoyunlu və Qaraqoyunlu kitabxanalarını (XIV- XV əsrlər) xüsusilə qeyd etmək olar. XVI əsrdə görkəmli Azərbaycan dövlət xadimi Şah İsmayil Xətai Təbriz saray kitabxanasının əsasını qoydu. 1522-ci ildə isə Şah İsmayıl “kitabxana fəaliyyəti” haqqında dövlət fərmanını imzaladı. Dini ədəbiyyat aləmində isə əsas yeri Ərdəbildə yerləşən Şeyx Səfi rəsədxanası tuturdu. Artıq XIX əsrin 40-cı illərində yeni milli ictimai kitabxanalar, o dövrün elm və sənət aləminin görkəmli şəxslərinin şəxsi kitabxanaları yaranmağa başladı.

Keçən əsrin əvvəllərində Azərbaycan ziyalıları kitabyayımı və yeni kitabxanaların və oxu zallarının yaranması naminə xeyriyyə cəmiyyəti yaratdılar. Azərbaycan Demokratik Respublikası (1918-1920-ci illər) zamanı M.Ə.Sabir və Bakı Dövlət Universitetlərinin kitabxanaları yaradıldı.

1920-ci ildə Azərbaycanda 965 məktəb, Bakı və ətraf ərazilərdə 50, regionlarda isə 100 kitabxana fəaliyyət göstərirdi.

Hal-hazırda Azərbaycanda 12.000 kitabxana fəaliyyət göstərir ki, onlardan ən böyükləri bunlardır: M.F.Axundov adına Milli kitabxana, Mərkəzi Elmi kitabxana, Elmi Təbabət kitabxanası, Bakı Dövlət Universitetinin kitabxanası, Prezident kitabxanası, Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanası.

Eləcə də, Azərbaycanda kitab evləri qovşağı — Baku Book Center, Libraff, Əli və Nino və bir sıra kitab evləri mövcuddur ki, burada klassik və müasir dünya ədəbiyyat nümunələri təqdim olunur.