PREZİDENT KİTABXANASI
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə respublikanın iki zəngin kitabxanasının bazasında yaradılmışdır. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S.M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə Mərkəzi Şəhər Kitabxanası (keçmiş V.İ. Lenin adına Mərkəzi Kitabxana) idi. 1920-ci ildə Bakı Partiya Komitəsinin nəzdində yaradılmış Mərkəzi Partiya Kitabxanası 1934-cü ildə Azərbaycan KP MK S.M. Kirov adına Siyasi Maarif Evinin tərkibinə verildi. O zamandan etibarən ölkənin partiya kitabxanaları şəbəkəsinin əsas kitabxanası olan Siyasi Maarif Evinin Kitabxanası sovet dövrünün sonuna kimi fəaliyyət göstərdi.
Mərkəzi Şəhər Kitabxanası da (keçmiş V.İ.Lenin adına Mərkəzi Kitabxana) Bakının zəngin tarixə malik ictimai kitabxanalarından biri olmuşdur və fəaliyyətə başlaması 1870-ci ilə təsadüf edir. Sovet dövründə bu kitabxana Bakı Xalq Maarif Şöbəsinin dekreti ilə Mərkəzi Kitabxanaya çevrildi. Bu kitabxana göstərdiyi kitabxana-bibLioqrafiya xidmətinin yüksək səviyyəsi, kütləvi tədbirlərin keçirilməsi sahəsində fəallığı ilə seçilirdi. Siyasi Maarif Evi Kitabxanasının və Mərkəzi Şəhər Kitabxanasının fondu əsasında yaradılan, həmin kitabxanaların ən yaxşı ənənələrini davam etdirən Prezidentin Kitabxanası az bir zaman ərzində öz tələbatçılarına yüksək keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməyə başladı. 2004-cü il dekabr ayının 17-də Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış və əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabr ayının 9-da isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir. Həmin vaxtdan etibarən Kitabxananın bütün əməkdaşları dövlət qulluqçularıdır. 2006-cı il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kitabxanaya gələrək onun fəaliyyəti ilə yaxından tanış olmuş, müasir informasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə maraqlanmış, fondun daha da zənginləşdirilməsi və Kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlara müvafiq olaraq Kitabxana müasir fərdi kompÜterlər və digər hesablama qurğuları, şəbəkə texnikası, çap üçün avadanlıq və s. ilə təchiz edilmişdir. 2009-cu il iyul ayının 22-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir.
Kitabxananın fondunda XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə olan nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, hüquqa, fəlsəfəyə, statistikaya, tarixə, ədəbiyyatşünaslığa və dilçiliyə dair ədəbiyyat üstünlük təşkil edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və digər ölkələrdə çap edilən 250 adda jurnal, qəzet və digər dövri nəşrlər daxil olur. Hazırda Kitabxanada fondun elektron nəşrlərlə komplektləşdirilməsi sahəsinə xüsusi diqqət yetirilir.
Prezident Kitabxanasının missiyası ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçularına, eləcə də, informasiya maraqları kitabxananın profilinə uyğun olan digər tələbatçılara kitabxananın fondunda olan sənədlərlə, burada yaradılan müxtəlif ilkin sənəd və biblioqrafik informasiya resursları ilə mükəmməl kitabxana-biblioqrafiya xidməti göstərməkdir.
Prezident Kitabxanasında yeni texnologiyaların tətbiqi, xüsusilə də, yeni informasiya daşıyıcılarına əsaslanan resursların yaradılaraq inkişaf etdirilməsi, kitabxana fondlarının ən yeni sənəd növü olan elektron sənədlərlə komplektləşdirilməsi kimi məsələlərə xüsusi önəm verilir. Kitabxanada ИРБИС 64 Kitabxanaların Avtomatlaşdırılması Sisteminin proqram-texniki imkanları, demək olar ki, mənimsənilmişdir. Hal-hazırda ИРБИС 64 KAS-ın bütün istifadəçiləri sırasında modullarının funksiyalarını, texniki imkanlarını tam şəkildə tətbiq edən kitabxanalardan biri də Prezident Kitabxanasıdır.
Kitabxananın soraq-biblioqrafik aparatına (SBA) soraq və biblioqrafik nəşrlər fondu, müxtəlif kataloqlar və kartotekalar, o cümlədən elektron kataloq daxildir. Elektron kataloqun verilənlər bazasında kitab, kompakt disk, xəritə, not nəşri, dissertasiya avtoreferatı və digər sənədlərin biblioqrafik yazısı öz əksini tapmışdır. Prezident Kitabxanasının soraq-biblioqrafiya aparatının özəl xüsusiyyəti ondan ibarətdir ki, respublikamızda ilk dəfə olaraq məhz burada profilə uyğun faktoqrafik sorğuları ödəməyə imkan verən böyük həcmli soraq-informasiya resursları yaradılır.
Kitabxananın başqa ölkələrin prezident, parlament və hökumət kitabxanaları, beynəlxalq kitabxana və informasiya təşkilatları ilə əlaqələri ildən-ilə genişlənir. Prezident Kitabxanası respublikanın aparıcı kitabxanalarının iştirakı ilə keçirilən bütün tədbirlərdə və layihələrdə iştirak edir. Kitabxana 2004-cü ilin may ayından “Elektron kitabxana və yeni informasiya texnologiyaları yaradıcılarının Beynəlxalq Assosiasiyası”nın (EBNİT) üzvüdür. Həmin ildən başlayaraq illik Beynəlxalq “Krım” (Ukrayna) Konfransının və LİBCOM (Rusiya) konfransının daimi iştirakçısıdır. Prezident Kitabxanası dünyada kitabxana işi sahəsində ən nüfuzlu təşkilat olan İFLA ilə intensiv əlaqələrə malikdir. Kitabxananın nümayəndələri İFLA-nın Böyük Britaniyada (Qlazqo), İtaliyada (Milan), İsveçdə (Qeteborq) və Finlandiyada (Helsinki) keçirilmiş illik Şura və Konfranslarında iştirak etmişlər. Kitabxana İFLA-ya 2009-cu ildən üzv olub, qurumun rəhbər orqanlarına seçkilərdə iştirak edir. İFLA-nın prezidenti xanım Ellen Tise 2008-ci ilin noyabrın 25-də Prezident Kitabxanasında olmuşdur. 2013-cü ildə kitabxana İFLA-nın Hökumət Məlumatları və Rəsmi Nəşrlər üzrə daimi komissiyasının üzvü seçilmişdir. Prezident Kitabxanasının nümayəndələri 2011-ci ildə İsveçrədə Azərbaycan və İsveçrə kitabxanaçılarının birgə konfransında, 2012-ci ildə Ankarada keçirilmiş Avrasiya Kitabxanalar Birliyinin təsis Konfransında, yenə həmin ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Vaşinqtonda təşkil edilmiş “Amerika kitabxanaları və mədəni irsin qorunması” adlı proqram çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etmişlər. Belarus Prezident Kitabxanası ilə mütəmadi olaraq rəsmi qəzetlərin və jurnalların mübadiləsi aparılır. Rusiya Prezident Administrasiyasının Kitabxanası, B. Yeltsin adına Prezident Kitabxanası, Rusiya Parlament Kitabxanası, Qazaxıstan Prezidenti Administrasiyasının Kitabxanası və Rusiya Dövlət Ümumi Elmi-Texniki Kitabxanası ilə də sıx əlaqələr mövcuddur. BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əlaqələrin qurulması nəticəsində kitabxana hazırda bu təşkilatın əksər nəşrləri ilə təmin olunur.
Yerinə yetirdiyi vəzifələrdən asılı olaraq Prezident Kitabxanasının müvafiq təşkilati-idarəetmə strukturu formalaşmışdır. Bu struktura sırf kitabxana texnologiyaları və prosesləri ilə əlaqədar işləri yerinə yetirən 5 funksional şöbə və onların tərkibində olan 7 bölmə daxildir. Daha bir şöbə Kitabxananın mühəndis-texniki qurğularının istismarı, maddi-texniki təchizat və digər texniki məsələlərlə məşğul olur.
Şöbələr:
- Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair ədəbiyyatın biblioqrafiyası şöbəsi;
- Kitabxana fondu şöbəsi;
- İnformasiya-biblioqrafiya və kitabxana xidməti şöbəsi
- Komplektləşdirmə, kitabişləmə və elektron kataloq şöbəsi
- Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi.
Bölmələr:
- Elektron informasiya nəşrləri bölməsi;
- Nadir ədəbiyyat fondu bölməsi;
- İncəsənət ədəbiyyatı fondu bölməsi;
- Dövri mətbuat fondu bölməsi;
- Elektron nəşrlərin tərcüməsi bölməsi;
- İnformasiya-biblioqrafiya xidməti bölməsİ;
- Abonement bölməsi.