ÜMUMİ MƏLUMAT

1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.

Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı.

Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli Liderin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.

Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur.

Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.

Ulu Öndərin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Heydər Əliyevin bu fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir.

Həyatımızın digər sahələrində olduğu kimi elm və təhsil sahəsində də islahatlar məhz 1993-cü ilin ikinci yarısından sonra başlanmışdır.

Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal fəaliyyət halına gətirməklə, təhsilin milli tərəqqimizin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Ümummilli Lider 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında" sərəncam imzaladı.

Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya keçilməsi — latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir.

AMEA 1993-cü ildən Kiyev şəhərində təsis edilmiş Elmlər Akademiyasının Beynəlxalq Assosiasiyasının üzvüdür.

Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rol, respublika ictimaiyyətində olan nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu fikri bir daha təsdiqlənmişdir.

Müstəqillik illərində Səhiyyə Nazirliyi sistemində də ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur.

Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Azərbaycanın müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar.

Fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan bir sahənin — idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində dövlətimizin xidmətləri əvəzsizdir.

Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılmış, bu sahədə hüquqi baza təkmilləşdirilmişdir.

Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür.