İCRA HAKİMİYYƏTİ

Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.

Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.

Prezidentin Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.

Administrasiya qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.

Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.

Administrasiyaya ümumi rəhbərliyi Prezident həyata keçirir.

Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil.

Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.

Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Azərbaycan Respublikasında 17 nazirlik fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:

1. Daxili İşlər Nazirliyi
2. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
3. Ədliyyə Nazirliyi
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
5. Fövqəladə Hallar Nazirliyi
6. Gənclər və İdman Nazirliyi
7. Xarici İşlər Nazirliyi
8. İqtisadiyyat Nazirliyi
9. Kənd Təsərrüfatı Nazirliyi
10. Maliyyə Nazirliyi
11. Mədəniyyət Nazirliyi
12. Müdafiə Nazirliyi
13. Müdafiə Sənayesi Nazirliyi
14. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
15. Səhiyyə Nazirliyi
16. Energetika Nazirliyi
17. Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş Üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Mərkəzi Bankı kimi dövlət təşkilatları və komitələri, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xarici Kəşfiyyat Xidməti fəaliyyət göstərir.