AZƏRBAYCANDA CİZGİ FİLMLƏRİNİN YARANMASININ QISA TARİXİ

Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. “Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy göstərmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.

“Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü. 

A.Papov tərəfindən “Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.

Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada “Sindbad dəniz səyyahıdır” adlı ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülürdü. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Cizgi filmlərinin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmış, bu sənətin sirlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdı.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 1968-ci ildə cizgi filmləri sexi bərpa olundu. Direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda, cizgi filmlərinin istehsalı prosesinə xüsusi diqqət yetirirdi.

Nəhayət, 1969-cu il fevralın 28-də “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalı başa çatdırıldı. Kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film “Cırtdan” oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarında oldu. Beləliklə, “Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında “Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi çəkildi. Bu cizgi filmi istər üslub, istərsə də sənətkarlıq baxımından ən maraqlı işlərdən biridir. “Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. 

Azərbaycan cizgi filmləri bədii keyfiyyət baxımından eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədar idi.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 

1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu (“Azanfilm” – Azərbaycan animasiya filmləri).

90-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi keçirilmiş, bu festivalda ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.

Uşaqların intellektinin inkişafı, xarici dildən çox ana dilini mənimsəmələri üçün 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq 3D formatında, "Üç dost" animasiya şirkətinin istehsalı olan  "Cırtdan və sehirli xalat" adlı yerli cizgi filmi çəkilib. Animasiyada səkkiz personajdan istifadə edilib. Dəyərlərə verilən hörməti xarakterizə etmək üçün təpəgözün gəldiyini xəbər verən qızın geyimi milli üslubda seçilib.