XIX- XX ƏSR ƏDƏBİYYATI

XIX əsrin ilk çərəyində Azərbaycan xalqının taleyində baş verən mühüm hadisə — Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bütövlükdə mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər olduqca güclənir. Bunun təsiri altında ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir. Lakin həm Zakirin öz yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələrinin də yeni səviyyədə davam etdirildiyini görürük ki, bunun da ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888) və Xurşidbanu Natəvandır (1830-1897). Ömrü boyu pedaqoji fəaliyyətlə məşğul olmuş Seyid Əzim Azərbaycan ədəbiyyatında həm də böyük maarifçi kimi tanınır və əsərlərinin bütöv bir hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Onun Qasım bəy Zakir ruhunda qələmə aldığı satiraları isə dövrün bir sıra ictimai eyiblərini, mənfi insan sifətlərini ifşa etməsi ilə səciyyələnir.

Əksər mədəni dünya xalqlarında olduğu kimi, Azərbaycan ədəbiyyatında da XIX əsr görünməmiş sürətli inkişaf, humanist ideallara, maarifçiliyə doğru dönməz bir yürüş, ağılın hakimiyyətini əsaslandırmağa ilk ciddi cəhd dövrü kimi özünü büruzə verir. Xüsusən Azərbaycanın Şimal hissəsinin Rusiyaya birləşdirilməsindən sonra, bu tarixi prosesin bütövlükdə mürtəce, müstəmləkəçi mahiyyətinə baxmayaraq, ədəbi-mədəni inkişafda cənubla müqayisədə müəyyən irəliləyişlər müşahidə edilir. Təkcə onu göstərmək kifayətdir ki, Mirzə Fətəli Axundzadə ilə demək olar ki, eyni dövrdə yaşayıb-yaratmış cənublu şair Seyid Əbülqasım Nəbatinin (1812-1873) yaradıcılığı minillik Şərq poeziyasının ənənələrinə söykənərək, bütün estetik gözəlliyi ilə yanaşı, sufizm ideyalarını təbliğ etməkdən o yana getmirdi.

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1792-1852), İsmayıl bəy Qutqaşınlı (1801-1861) kimi sənət və fikir adamlarının çiyinləri üzərində Mirzə Fətəli Axundzadə dühası yüksəlir, Azərbaycan ədəbiyyatını birdəfəlik Rusiya və Qərb ilə bağlayır, onu çağdaş dünya ədəbiyyatları sırasına çıxarır.

A.Bakıxanov Azərbaycan ədəbiyyatında qərbçilik ideyalarını ənənəvi Şərq sənəti ilə üzvi şəkildə birləşdirməyə nail olmuş böyük ictimai xadim, alim və şairdir. Hələ öz sağlığında onun Azərbaycan gerçəkliyinə həsr etdiyi bədii və elmi əsərləri rus və alman dillərində nəşr olunmuş, haqqında Avropa mətbuatında tərifli sözlər deyilmişdi. Alman şərqşünası Fridrix Bodenştedt isə öz müəllimi Mirzə Şəfinin şeir dəftərini Avropaya aparmış, alman dilinə tərcümə və nəşr etdirmişdi. Çox böyük populyarlıq qazanaraq qısa müddətdə əksər Avropa dillərinə tərcümə edilən "Nəğmələr"i sonralar F.Bodenştedt öz adına çıxmış və Mirzə Şəfinin müəllifliyini inkar etmişdi… Yeni Azərbaycan realist nəsrinin ilk uğurlu örnəklərindən sayılan İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" hekayəsi isə Varşavada fransız dilində işıq üzü görmüşdü.

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının — dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının ən qabaqcıl ənənələrini davam etdirərək, təkcə bir yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış edir, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Xalqın maariflənməsində, çağdaş ədəbi-mədəni, elmi dəyərlərə qovuşmasında sənətin və ədəbiyyatın roluna yüksək qiymət verən M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun "Təmsilat" adı altında birləşdirilmiş altı komediyası ("Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur", "Hekayəti-xırs quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)", "Mürafiə vəkillərinin hekayəti") 1859-cu ildə Tiflisdə nəşr edilmişdir. M.F.Axundzadə, bəzi tədqiqatçıların yanlış olaraq düşündüyü kimi, heç də rus çarizminin apologeti kimi çıxış etməmiş, lazım gəldikdə üstüörtülü şəkildə, ezop dili ilə Rusiya imperializminin müstəmləkə siyasətini kəskin tənqid etmişdir. Onun "Kəmalüddövlə məktubları" (1865), "Aldanmış kəvakib" (1857) kimi nəsr əsərləri təkcə qonşu İranın tarixi keçmişini və dövlət quruluşundakı nöqsanları deyil, eyni zamanda ədibin özünün də içərisində yaşadığı ictimai mühitin və siyasi quruluşun eyiblərini açıb göstərirdi.

Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında S.Ə.Şirvani (1835-1888), N.Vəzirov (1854-1926), Ə.Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların meydana çıxmasına və təkcə Azərbaycan deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinə xidmət etməsinə səbəb oldu. Xüsusən, H.Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü "Əkinçi" qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan verirdi. Burada özünə yer tapan bir sıra ədəbi-ictimai müzakirə və mübahisələr Azərbaycan ədəbiyyatının humanist ənənələrinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yardım göstərirdi.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər. Məhəmməd Bağır Xalxalinin (1829-1900) "Sələbiyyə" ("Tülkünamə"), Əbdürrəhim Talıbovun "Kitab yüklü eşşək" (1888), Zeynəlabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" (1892) əsərləri realist-dünyəvi ədəbiyyatın kamil örnəkləridir.

XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı "Gülüstan" ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı "Əncüməni-şüəra"ya ("Şairlər məclisi") Hacı ağa Fəqir Ordubadi, Lənkərandakı "Fövcül-füsəha"ya ("Gözəl danışanlar dəstəsi") Mirzə İsmayıl Qasir, Şamaxıdakı "Beytüs-Səfa"ya ("Səfanın evi") Seyid Əzim Şirvani, Bakıdakı "Məcməüş-şüəra"ya ("Şairlər toplusu") Məhəmməd ağa cümri, Gəncədəki (sonralar Tiflisdə) "Divani-hikmət"ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşidbanu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Bütövlükdə XIX yüzilliyin ədəbiyaytı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır

Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın C.Məmmədquluzadə (1866-1932), M.Ə.Sabir (1862-1911), H.cavid (1884-1944), M.Hadi (1880-1920), A.Səhhət (1874-1918), A.Şaiq (1881-1959) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırırdılar. Bunların arasında realist ədəbiyyatın C.Məmmədquluzadə və M.Ə.Sabir, romantik şeirin M.Hadi, A.Şaiq, dramaturgiyanın H.Cavid kimi nümayəndələri Azərbaycan ədəbi-ictimai fikrinin inkişafında daha böyük rol oynamışlar. Böyük ədib və ictimai xadim C.Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ildə Tiflisdə nəşrə başlayaraq, iyirmi beş ilə yaxın bir dövr ərzində ədəbi-mədəni və ictimai-siyasi həyatda möhtəşəm rol oynamış "Molla Nəsrəddin" jurnalı və onun realist-yumoristik sənət üslubu ilə paralel olaraq görkəmli publisist, filosof və ictimai xadim Ə.Hüseynzadənin (1864-1940) redaktorluğu ilə 1906-1907-ci illərdə cəmi 32 sayı çapdan çıxmış "Füyuzat" jurnalı ciddi və romantik üslubla xalqa xidmət, millətin maariflənməsinə və inkişafına qulluq mövqeyində durmuşdular.

Bu dövrün ədəbi simaları arasında Cəlil Məmmədquluzadə (1866-1932), "Hophopnamə" müəllifi Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan ədəbiyyatının ideya-estetik inkişafında daha çox xidmət göstərmişlər. Cəhalət, mövhumat, xurafat, nadanlıq əleyhinə onların yazdıqları realist satirik əsərlər bu gün də öz əhəmiyyət və aktuallığını qoruyub saxlayır.

M.F.Axundzadə ənənələrinin davamı ilə inkişaf edən maarifçi dramaturgiya Nəcəf bəy Vəzirovun (1854-1926) hələ XIX əsrin sonlarında qələmə aldığı komediyalar və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və "Dağılan tifaq", "Bəxtsiz cavan" (1900), "Ağa Məhəmməd şah Qacar" (1907) faciələri, Nəriman Nərimanovun (1870-1925) "Şamdan bəy", "Nadanlıq", "Nadir şah", Cəlil Məmmədquluzadənin "Ölülər" (1909), "Anamın kitabı" (1920) əsərləri ilə zənginləşdi.

Dramaturgiyada romantik-tarixi mövzuda isə Hüseyn Cavid (1882-1944) 1910-1918-ci illər arasında "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum", "İblis" kimi ölməz əsərlərini yaratdı.

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması oldu (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan C.Məmmədquluzadə, A.Şaiq, Ə.Haqverdiyev, Ü.Hacıbəyovla yanaşı bu zaman C.Cabbarlı, Ə.Cavad, Ümmigülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlirdi. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Ü.Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.