MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASINDA ƏDƏBİYYAT

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən və dünya dövlətlər birliyi sırasına bərabərhüquqlu üzv kimi qəbul edilməsindən sonra Azərbaycan ədəbiyyatını xalqın inkişaf etmiş toplumlar səviyyəsində yaşaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yaxın və uzaq xalqlarla Azərbaycan xalqının dostluq və mədəni əlaqələrinin təbliği, insanpərvərlik və ictimai ədalət kimi əsrlər boyunca klassiklər tərəfindən təbliğ və tərənnüm olunan ümumbəşəri ideyaların yeni — qloballaşma şəraitində daha da inkişaf etdirilməsi problemləri məşğul etməkdədir. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Azərbaycan ədəbiyyatında postmodernist meyllərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Azərbaycan ədəbiyyatının başlıca inkişaf meylləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslanır. XX əsrin sonu, XXI əsrin əvvəllərində cari ədəbi prosesin canlanmasında, yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində vaxtilə maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin Azərbaycan hökumətinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsinin böyük əhəmiyyəti olmuşdur.

Dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsi sahəsində bir sıra çox mühüm hadisələrlə əlamətdar oldu. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında "Kitabi-Dədəm Qorqud" eposunun 1300 illik, M.Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı azad Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Füzulinin 500 illiyi təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çin və başqa ölkələrdə də geniş qeyd olundu. Sözügedən tədbirlər Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafına da yeni təkan verdi. "Kitabi-Dədəm Qorqud"un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm oğuznamə haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. Füzulinin bütün əsərləri (külliyyatı) 6 cilddə nəşr edildi. Dahi sənətkarın həyat və yaradıcılığına dair fundamental tədqiqatların yeni bir silsiləsi onun istedadının pərəstişkarlarına təqdim edildi. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasında, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutunda çalışan alimlərin təqdirəlayiq xidmətləri danılmazdır.

2004-cü ildə Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi tirajla yenidən nəşr edilməsinə və Azərbaycan Milli Ensiklopediyasının yaradılmasına dair prezident İlham Əliyevin sərəncamları və bu münasibətlə ölkədə geniş miqyasda həyata keçirilən tədbirlər də, eyni zamanda Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin inkişafına, yeni uğurlar qazanmasına böyük təminatdır.

Azərbaycan artıq öz milli mədəniyyəti, ədəbiyyatı və incəsənəti, şəxsiyyətləri ilə dünya meridianlarına çıxır. Prezidentimizin müvafiq fərmanları ilə dünya şöhrətli Bülbülün 100 illiyinin Moskvada, Tbilisidə və Ankarada keçirilməsi, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubileyinin Moskva və Parisdə, görkəmli müğənni Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, türk xalqlarının ana kitabı olan "Kitabi Dədə Qorqud" dastanının 1300 illik yubileyinin türkdilli dövlət başçılarının və nümayəndələrinin iştirakı ilə Bakıda və Parisdə — UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd olunması müstəqil Azərbaycanı yenidən dünyaya tanıtmış, hər bir həmvətənimizin qəlbində milli iftixar duyğuları oyatmışdır. Mədəni irsimizə diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir, Azərbaycan mədəniyyətinin inkişafı naminə göstərilən xidmətlər yüksək qiymətləndirilir və həvəsləndirilir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirilib. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitab monoqrafik səciyyə daşıyır.

Kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.

İkicildlik kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır. Məqalədə müstəqillik dövrü ədəbiyyatını yetirən ictimai-siyasi və tarixi-mədəni durum səciyyələndirilir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqını dərin uçurumdan qurtaran xilaskarlıq missiyası və yeni dövr ədəbiyyatının formalaşmasındakı tarixi rolu diqqətə çatdırılır. Müasir ədəbiyyatın layiqli yer tutmasında Prezident İlham Əliyevin Ulu Öndərin quruculuq missiyasını davam və inkişaf etdirməsinə, respublikanın qabaqcıl dünya mədəniyyəti kontekstində təmsil olunmasına böyük önəm verilir. Eyni zamanda məqalədə müstəqillik dövrü ədəbiyyatının xarakteri, tipoloji xüsusiyyətləri, yaradıcılıq prinsip və metodları, inkişaf tendensiyaları və perspektivləri hərtərəfli şərh olunur.

Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr” və digər tematik və problematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir.

Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır. Tam plüralizmə, azad yaradıcılıq seçiminə, çoxüslubluluğa meyil edən müasir Azərbaycan ədəbiyyatı burada başlıca olaraq janrlar üzrə nəzərdən keçirilib, ideya-tematik və poetika zənginliyi üzə çıxarılıb.

Müasir Azərbaycan ədəbiyyatında cərəyanlaşma, realizmlə yanaşı, magik realizm, ekzistensializm, dekadans və modernizm, avanqard və postmodernizmin təzahürü qeydə alınıb və kitabda ayrıca nəzərdən keçirilib. Müstəqillik dövründə uşaq ədəbiyyatı, ədəbiyyatşünaslıq və tənqid, müasir nəzəriyyə, Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası və əlaqələri məsələləri də ayrı-ayrı fəsillərdə araşdırılıb, təqdim olunub.

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabında icmal oçerklər də geniş yer almaqla yanaşı, əllidən çox yazıçı və şairlər haqqında portret oçerklər də verilib. O cümlədən, ikinci cilddə Hidayət, Kamal Abdulla, Aqil Abbas, Mövlud Süleymanlı və başqaları barədə oçerklər dövr ədəbiyyatını ədəbi simalarda da izləməyə imkan verir.

İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da fəal iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində Prezident İlham Əliyev alimlərimizə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentimizin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.