GƏNCLƏR SİYASƏTİ

XX əsrin 90-cı illərində pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atdı. 1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi) yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir.

Yeni nəslin inkişafının əsas vasitəsi — gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi, ümumiyyətlə, ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsi  məsələləri bunun üçün əsas cavabdeh dövlət qurumu olan  Gənclər və İdman Nazirliyinə tapşırılmışdır. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə  müəyyənləşdirilir. Buraya gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, onların məşğulluğunun təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət yardımının göstərilməsi məsələləri daxildir.

Ulu Öndər tərəfindən başladılan həmin siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə  imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) məqsədinə uyğun olaraq icra olunmuş və qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilmişdir. 2007-ci il Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə "Gənclər ili" elan olunub.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli 359 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, 2011-ci il dekabrın 19-da verilmiş sərəncamı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu” yaradılmışdır.

Dövlət başçımız tərəfindən "Azərbaycan gəncləri 2017-2021-ci illər" Dövlət Proqramının təsdiq olunması barədə imzalanmış Sərəncam gənclərlə bağlı üçüncü Dövlət Proqramıdır.

Dövlət Proqramının müvafiq bəndinə əsasən, sənədin əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. Bu münasibətlə onlayn səsvermədə iştirak edən gənclər Naxçıvan şəhərinə daha çox səs veriblər, bununla da qədimliyin və müasirliyin harmoniyasında yenidən qurulan bu möhtəşəm şəhəri 2018-ci ildə "Gənclər paytaxtı" olmağa layiq ən ideal məkan hesab etdiklərini nümayiş etdiriblər.

7 mart 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında "Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə və Fondun özünə həvalə olunub.

 

AZƏRBAYCAN GƏNCLƏRİNİN FORUMLARI

2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur.

II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.

III forum 13 oktyabr 2003-cü ildə Bakı şəhərində keçirilib.

IV forum 2005-ci ildə Bakı şəhərində keçirilib.

V forum 03 oktyabr 2008-ci il Bakı şəhərində keçirilib.

VI forum 25 oktyabr 2011-ci il Bakı şəhərində keçirilib.

VII forum 2-3 iyun 2014-cu il Bakı şəhərində keçirilib.

VIII forum 16 noyabr 2018-ci il Bakı şəhərində keçirilib.

 

GƏNCLƏR TƏŞKİLATLARI

Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür. Hazırda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək məqsədilə 1994-cü ildən Gənclər və İdman Nazirliyinin yanında məşvərətçi statusla Gənclərlə iş üzrə İctimai Şura fəaliyyət göstərir. Son dövrlərdə gənclər təşkilatları artıq mərkəzdən çıxaraq daha cox regionlarda fəaliyyət göstərməyə üstünlük verirlər. Belə ki, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Biləsuvar, Samux, İsmayıllı, Şirvan, Hacıqabul, Lənkəran, Bərdə, Abşeron, Qazax, Zaqatala, Qobustan, Göyçay, Quba, Saatlı, Qusar, Masallı, Astara, Zərdab, Göygöl, Ucar, Beyləqanda yeni təşkilatlar yaranmış və əksəriyyəti dövlət qeydiyyatına alınmışdır. 

Hazırda 35-dən artıq beynəlxalq platformada gənclər təşkilatları Azərbaycanı təmsil edir. Müqayisə üçün qeyd edək ki, beynəlxalq platformlarda təmsil olunma son 10 ildə 2 dəfə artıb. Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir.