İŞĞALIN AĞIR SOSİAL-İQTİSADİ NƏTİCƏLƏRİ

TƏBİİ EHTİYAT POTENSİALINA DƏYƏN ZƏRƏR

Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuşdu.

O dövrdə baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilirdi. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınırdı.

30 il işğal altında olan bu ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.

Ərazilərimiz işğal olunanadək ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcud idi.

Ümumiyyətlə isə, Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, təzahür və perspektivli minerallaşma sahəsi müəyyən edilmişdi.

Mövcud filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının ehtiyatlarının sənaye əhəmiyyətinin və perspektivliyinin qalıb-qalmamasının qiymətləndirilməsi üçün burada geoloji-kəşfiyyat işlərinin aparılması zəruridir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqədə olmuşdur. Çay dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratmışdı.

İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ YARANMIŞ EKOLOJİ PROBLEMLƏR

İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur.

Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlar da vardır. Burada yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda 190 m3 ümumi ərazi üzrə isə 16 200 m3-dir. Meşənin illik artımı 1 ha-da 1,22 m3-ə çatır.

Təəssüf ki, belə bir sərvətimiz işğal zamanı məhv edilmiş, o meşələrə amansız divan tutulmuş, kəsilib mebel istehsalında istifadə olunmuşdur.

Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə ediblər. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilib. Bəyanata əsasən, Laçın və Kəlbəcəri tərk edən ermənilər həmin ərazilərdə yanğınlar törətmişlər. Bu yanğın ekoloji cəhətdən həmin ərazilərə ciddi zərər vermişdir.

Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşmışdır.

AZƏRBAYCAN ƏHALİSİNİN SOSİAL-PSİXOLOJİ VƏ İQTİSADİ DURUMUNA DƏYƏN ZƏRƏRLƏR

Təkcə münaqişənin qızışdığı 1988-1989-cu illərdə Ermənistan Respublikasının 22 rayonundan 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdilər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış 410 azərbaycanlı, o cümlədən 57 qadın, 23 uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları qarət olunmuşdular. Nəticədə Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdu.

İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Qaçqın və köçkünlərin ən ağrılı problemlərindən biri də onların işlə təmin olunması ilə bağlı çətinliklər idi.

Beləliklə, Ermənistanın təcavüzü nəticəsində 1 milyon nəfərdən artıq qaçqın və köçkün əmələ gəldi, 20 min nəfər həlak oldu, 50 min nəfər əlil oldu, 5100 nəfər (1 iyun 1992-ci ilə qədər) əsir və itkin düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii artımı azaldı.

SƏNAYE, YAŞAYIŞ VƏ SOSİAL OBYEKTLƏRƏ DƏYƏN ZƏRƏRLƏR

İşğal nəticəsində yeni tikintilər üçün gətirilmiş bütün bu maddi-texniki baza məhv edilmiş və nəzərdə tutulan layihələr həyata keçirilməmişdi. Zəbt olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri respublika iqtisadiyyatında mühüm yer tuturdu. Burada yeyinti, yüngül, tikinti materialları sənaye sahələri üzrə müəssisələr daha çox inkişaf etmişdi.

Göstərilən sahələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi. Tutulmuş ərazilərin sənaye sahələrindən ən güclü inkişaf edənləri yerli əhalinin ərzaqla təmin olunmasında mühüm əhəmiyyət kəsb edən yağ-pendir, şərabçılıq və qismən də yüngül sənaye sahələri idi.

Regionda güclü kommunikasiya xətləri və obyektləri yaradılmışdı. Ümumi uzunluğu 25 min km olan avtomobil və torpaq yolları, ümumi uzunluğu 3984 metr olan 160 ədəd körpü, 14 500 km uzunluğunda elektrik xətləri, 2500 ədəd transformator, 2300 km su kəməri xətləri, 2 min km qaz kəməri, ümumi uzunluğu 240 km olan kanalizasiya xətləri, 160 ədəd su tutarları, 34 ədəddən çox qaz paylayıcı qurğuları, 35 min nömrəlik telefon stansiyaları, eyni zamanda 4 aeroport, Bakı-Ağdam və Horadiz-Ordubad dəmiryolu xətləri, Bakı-Stepanakert-Naxçıvan qaz kəməri və s. dağıdılmışdır.

Ermənistanın işğal etdiyi rayonlarda 310-dan çox sənaye və tikinti obyekti qalmışdı. Bu obyektlər Azərbaycanda istehsal edilən divar materiallarının 11 %-ni, ayaqqabı istehsalının 11%-ni, inək yağının 25,2%-ni, şərab materiallarının 35%-ni, xam ipəyin 13,5%-ni, mineral suların 15%-ni və s. verirdilər.

REGİONUN KƏND TƏSƏRRÜFATINA DƏYƏN ZƏRƏRLƏR

Yuxarı Qarabağ zonası Azərbaycanın iri kənd təsərrüfatı regionudur. Əlverişli dağarası və dağətəyi düzənlikləri və hamar səthi yayları olan və yaxşı rütubətlənən Kiçik Qafqazın işğal olunmuş hissəsi kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradırdı. Kənd təsərrüfatının tərkibində taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartofçuluq, pambıqçılıq, ətlik-südlük heyvandarlıq və xüsusilə qoyunçuluq daha üstün yer tuturdu.

Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən bir çox kənd təsərrüfatı müəssisələri, o cümlədən kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar öz fəaliyyətlərini dayandırdılar.

Beləliklə, işğal olunmuş ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış, müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları və xüsusilə, məşhur Qarabağ cins-cıdır atları yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisələr dağıdıldı.

Kənd təsərrüfatının maddi texniki bazasını təşkil edən və fermerlərin hazırkı qiymətə satın almaq imkanları olmayan 1365 avto-qoşqu nəqliyyatı və 3425 müxtəlif əkin və qoşqu traktorları, taxıl və pambıq yığan kombaynlar və s. çıxarıla bilmədiyindən işğal ərazilərində qaldı.

İşğal olunmuş ərazilərdə 7296 ədəd hidroqurğular, 36 ədəd nasos stansiyaları, 26 ədəd suvarma sistemləri, 18 ədəd suvarma sisteminin baş qurğuları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 5600 km təsərrüfatdaxili sistemləri sıradan çıxarılmış, 127,7 min ha keyfiyyətli suvarılan torpaqlar qalmışdır. Aztorpaqlı Qafqaz regionunda torpaq sahələrinin sıradan çıxarılması nəticəsində milyonlarla insan əsas yaşayış mənbəyindən — torpaqdan məhrum edildi.

İşğalda olduğu dövrdə 311 kənd təsərrüfatı müəssisələri, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min ha bar verən cavan üzüm plantasiyaları sıradan çıxarılmış, hər il orta hesabla 79,4 min ton taxıl, 20,5 min ton pambıq, 324, 3 min ton üzüm, 23,5 min ton kartof, və b. bitkiçilik məhsulları işğal nəticəsində toplanmamış, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111,2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilmiş və həmçinin 20 min ton ət, 75,5 min ton süd, 846 ton illik heyvandarlıq məhsulları itirilmişdir.

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ DƏYMİŞ MADDİ VƏ MƏNƏVİ ZİYAN

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilmiş, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.

Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir.

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.

İşğal olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix və mədəniyyət abidəsi var ki, bu abidələrin əksəriyyəti məhv edilib və ya mənimsənilib. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir.

Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət fondları da dağıdılmışdır.

Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışdılar. Pul qarşılığında Azərbaycana qaytarılan həmin heykəllər qələbə qazanıldıqdan sonra doğma yurduna – Şuşaya aparıldı.

Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir.

Erməni işğalçılarının təcavüzü nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

Ancaq biz doğma torpaqlarımızı yenidən dirçəldəcəyik. Yenidən o dilbər guşələrdə həyat canlanacaq və bütün Dünya ölkələri buna şahid olacaq. Bütün Azərbaycan arxa və ön cəbhədə bir yumruq kimi birləşib öz əzəli torpaqlarını mənfur düşməndən necə azad etdisə, tezliklə öz insanına həsrət qalan hər qarış torpağını da ayağa qaldıracaq!