Böyük Qayıdış

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan sonra həmin ərazilərdə bərpa və  geniş quruculuq işlərinə başlanılıb.

24 noyabr 2020 - ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Eyni zamanda İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır.

Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən, Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət Proqramı hazırlanmışdır.

2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi. Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlər müəyyənləşdirilib.

Dövlət Proqramının ümumi qayəsini Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması təşkil edir.

Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir.

Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 280 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Proqram çərçivəsində 34500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsinin, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması və bu sahədə məşğulluğun artırılması “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. 2026-cı ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 26 avtomobil yolu layihəsi başa çatdırılacaq. Geri qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi Proqramın fəaliyyət istiqamətlərindən biridir.

Hazırda azad edilmiş ərazilərdə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark” və s. müəsissələr fəaliyyət göstərir. Proqram çərçivəsində ərazidə olimpiya İdman Komplekslərinin və Gənclər Evlərinin inşası da nəzərdə tutulub. Ərazilərdəki yaşayış məntəqələrində “ASAN Xidmət” və “DOST” mərkəzləri yaradılacaqdır. Ümumilikdə 49 Ailə Sağlamlıq Mərkəzi və 39 tibb məntəqəsi tikiləcək. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada ümumilikdə 34500 ailənin köçürülməsi nəzərdə tutulur.

2026-cı ilin sonuna qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Bütövlükdə “Böyük Qayıdış” proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlərdə daxil olmaqla, 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 2022-26-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.

Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” konsepsiyalarını tətbiq edir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

2022-ci ildən etibarən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, öz ata-baba torpaqlarına “Böyük Qayıdış”ı başlanıb. 2023-cü ilin 19-20 sentyabrında 24 saatdan da az müddətdə davam etmiş lokal antiterror tədbirləri Qarabağın hər bir guşəsində dövlətimizin suverenliyinin tam təmin olunması ilə nəticələnib və bununla da qayıdış prosesinin coğrafiyasının genişləndirilməsinə şərait yaranıb.

Bugün müasir infrastruktur layihələrinin həyata keçirildiyi,"ağıllı kənd və şəhərlər"in yaradıldığı Qarabağ və Şərqi Zəngəzur, sözün əsl mənasında, dünyanın möcüzəsinə çevrilib. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın azad edilmiş ərazilərində sürətli bərpa-quruculuq işləri davam etdirilir. Nəzərdə tutulmuş köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı təmin edilir.

Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verilir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.

Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin "Böyük Qayıdış" layihəsini uğurla həyata keçirməkdədir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq.

44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir. Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir.