QARABAĞ XANLIĞI

QARABAĞDA AZƏRBAYCAN DÖVLƏTÇİLİK ƏNƏNƏSİNİN BƏRPASI 

 Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və toqquşmalarada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin 1736-cı il  Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisinin bir qismini  Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağa qaçdı və bir müddət Zəngəzur dağlarında qaldı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir şah Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cəzalandırsalarda, fayda vermədi.

Beləliklə, hələ Nadir şah Əfşarın sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə 1747-ci ilə sui-qəsd nəticəsində Nadir şah Əfşar öldürüldükdən sonra 1748-ci ildə Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti — Qarabağ xanlığı yarandı.

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri — doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi. Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır. Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan-türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər.

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: "Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana "xan" adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı". Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi "hakimlik" şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı. Pənah xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: "Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq" (və ya "Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim"). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: "…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi". Bayat döyüşü, eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: "Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi".

Kürəkçay müqaviləsi 

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan xristian məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: "Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…". Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri — məlikliklər haqqında yazırdı: "Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.

İkincisi Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.

Üçüncü Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.

Dördüncü Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığınaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…

Beşinci Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur".

Qarabağ məliklikləri:

Məlikliyin adı Qarabağa gəlmələri
Nə vaxt Haradan
Vərəndə 1603 Göyçə mahalından
Çiləbörd 1637 Zəngəzurdan 
Xaçın XVIII əsrdə yaranmışdır Yerli
Dizaq XVIII əsrin əvvəlləri Lori vilayətindən
Gülüstan (Talış) XVIII əsrin əvvəlləri Şirvandan (Qəbələ sultanlığının Nic kəndindən)


Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına "haqq" qazandırmaq üçün həmin məliklərə "erməni dövlətçiliyinin" davamı kimi baxmaları kökündən yanlış idi, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII əsrdən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. "Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər". Məliklərin separatçı fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi. 

Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü.  Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular. Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.

İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada – Şimali Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı. Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı "xaç yürüşü"nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-ci ildə Rusiya-Türkiyə müharibəsinin (1787-1791) başlanması nəticəsində bu "xaç yürüşü" baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.

XVIII əsrin sonları - XIX əsrlin əvvəlində Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.

İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı məhz Azərbaycan türk torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu