Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında 1960-1986-cı illərin iyun-iyul aylarında Azıx paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparmışdır. Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq olunmuşdur. Düşərgənin
- I-II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları;
- III təbəqədə aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid maddi mədəniyyət qalıqları;
- IV təbəqədən arxeoloji materiallar qeydə alınmamışdır;
- V təbəqədə aparılan arxeoloji qazıntılar zamanı orta aşel;
- VI təbəqədən qədim aşel;
- VII-X təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı isə Quruçay mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılmışdır.
Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş arxeoloji materialların olduqca mühüm elmi əhəmiyyəti vardır. Çünki həmin maddi mədəniyyət nümunələri mağara düşərgəsində qədim insanların ilkin məskunlaşmasından xəbər verir. Qədim Azıx sakinlərinin həyatında Quruçay vadisinin mühüm əhəmiyyəti olmuşdur.
Azıx sakinləri əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, paleolit dövründə Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur. Düşərgənin VII-X təbəqələrində aparılan arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri yeni bir arxeoloji mədəniyyətin müəyyən olunmasına zəmin yaratdı. Ona görə də VII-X təbəqələrdən tapılmış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasının özünəməxsus cəhətləri nəzərə alınıb, yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçay arxeoloji mədəniyyəti adı verilmişdir.
Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur. Arxeoloji mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır.
Azıx və qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki düşərgənin ən aşağı təbəqələrində ancaq hazır əmək alətləri tapılmışdır, istehsal tullantıları isə qeydə alınmamışdır. Deməli Azıx düşərgəsinin qədim sakinləri, düşərgədə yaşamamışdan əvvəl Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz həmin vaxtlar Quruçay dərəsində hazırlamışlar. Ona görə də aşağı təbəqələrin daş məmulatı içərisində istehsal tullantıları qeydə alınmamışdır.
Azərbaycan alimlərinin apardıqları elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən tapılmış Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti və Dmanisi paleolit düşərgəsinin arxeoloji materialları ilə oxşarlıq əlamətləri vardır.
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay arxeoloji mədəniyyət dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx paleolit düşərgəsində qədim aşel dövrü VI təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çay daşı alətləri mədəniyyəti olan Quruçay arxeoloji mədəniyyəti əsasında inkişafa başlamışdır.
Azıx düşərgəsində qədim aşel mədəniyyəti əsasən əl çapacaqları, kobud çapma alətləri və disk şəkilli nüvələrlə xarakterizə olunur. Arxeoloji qazıntılar zamanı qədim aşel təbəqəsindən (VI təbəqə) 2 mindən artıq daş məmulatı və minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır. VI təbəqənin daş məmulatı içərisində 526 ədəd əmək alətləri qeydə alınmışdır. Daş məmulatının qalan hissəsini istehsal tullantıları, nüvələr və çay daşları təşkil edir. Qədim aşel mədəniyyətinə aid təbəqədən tapılmış əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur.
Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə qədim Azıx sakinlərinin düşərgədə əmək alətləri hazırladıqlarını göstərir.
Azıx düşərgəsinin VI təbəqəsindən daş məmulatı ilə yanaşı, zəngin fauna qalıqları da tapılmışdır. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasında qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng maralların tutduğu müəyyən edilmişdir.
Qədim aşel təbəqəsindən tapılmış maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində ibtidai insanların qədim aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.
Azıx paleolit düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə aid arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir. Bu, Azıxda qədim aşel dövrünün, sonralar orta aşel mədəniyyəti ilə əvəz olnduğunu göstərir. Maraqlıdır ki, V təbəqədən ancaq ovçuluq üçün yararlı əmək alətləri tapılmışdır.
Azıx düşərgəsinin orta aşel təbəqəsinin fauna qalıqları göstərir ki, bu dövrdə ovçuluq özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Əgər Azıx düşərgəsinin sakinləri qədim aşel dövründə 11 növ heyvan ovlamışdırsa, orta aşeldə isə 45 növ heyvan və quş ovlanmışdır. V təbəqədən tapılmış heyvan sümüklərinin sayı 200 mindən artıqdır.
1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsindən, aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insana məxsus çənə tapılmışdır.
Azıx qədim insan düşərgəsindən tapılmış çənə quruluşundakı spesifik cəhətlərinə əsasən bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın Kondel-araqo paleolit düşərgəsinin aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır.
Aparılan elmi tədqiqatlar zamanı alimlər müəyyən etmişlər ki, Azıxdan aşkar olunmuş çənə Qafqaz və Yaxın Şərqdə ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur, bu insan 350-400 min il bundan əvvəllər Azərbaycan ərazisində yaşamışdır.
Azıx paleolit düşərgəsinin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 100 mindən çox fauna qalıqları tapılmışdır. Azıx düşərgəsinin daş məmulatı içərisində əsas yeri levallua, mustye itiucluları və qaşov tipli alətlər tutur.
Düşərgədən tapılmış sümük məmulatı içərisində əsas yeri vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvan sümükləri tutur. Aşkar olunmuş sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır.
Azıx düşərgəsinin kompleks elmi tədiqi ilə M.M.Hüseynov, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, N.Ş.Şirinov, V.V.Veliçko, V.M.Hacıyev, S.D.Əliyev, M.B.Süleymanov və digər alimlər məşğul olmuşlar.
Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları elmi tədqiqat işlərinə beynəlxalq elmi ictimaiyyət yüksək qiymət verir. Fransa, İtaliya, Almaniya, Rusiya, İspaniya, Gürcüstan və digər ölkələrin alimləri son 40 ildə Bakıya gələrək, Azıxdan tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmuş və Azərbaycan alimlərinin tədqiqatlarına yüksək qiymət vermişlər.
Azərbaycan ərazisindəki paleolit düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının tədqiqi uzun müddətdir ki, beynəlxalq xarakter almışdır. Çünki həmin elmi tapıntılar bəşər sivilizasiyasının inkişaf tarixini öyrənmək üçün böyük elmi əhəmiyyətə malikdir. Məhz bunu əsas tutan Fransa, İtaliya, İspaniya, Rusiya, Azərbaycan, Gürcüstan və Hollandiya alimləri beynəlxalq İNTAS-2000 adlı proqram hazırlamış və onun elmi tədqiqinə başlamışlar. Son 40 ildə Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsinin maddi mədəniyyət qalıqlarının elmi tədqiqinə həsr olunmuş 10-dan artıq monoqrafiyası və 200-dən çox elmi məqalələri çap edilmişdir.
Lakin bunlara baxmayaraq, bəzi erməni alimləri, hətta Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd göstərirlər.
Ş.Mkrtçyan 1988-ci ildə Yerevanda çap etdirdiyi "Dağlıq Qarabağın memarlıq və tarixi abidələri" adlı kitabında yazır ki, Azıx düşərgəsində aşel mədəniyyətinə aid erməni qadınlarının heykəli tapılıb, hətta onun paltarı müasir erməni qadınlarının paltarına bənzəyir. Belə gülünc fikir söyləməklə Ş.Mkrtçyan erməni xalqının tarixini aşel dövründə axtarmağa çalışır. Halbuki Azıx paleolit düşərgəsində qadınabənzər heykəl yoxdur. Orada təbii yolla əmələ gəlmiş stalaqnat dirək mövcuddur və həmin dirək əhəngli suyun qarışdığından 2 milyon il bundan əvvəl əmələ gəlmişdir.
2003-cü ilin avqustunda erməni mətbuatında "Dağlıq Qarabağın Azıx mağarasında qazıntılar davam edir" sərlövhəli məlumat verilmişdir. Həmin məlumat tamamilə saxta, cəfəng və elmdən uzaq fikirlərdən ibarətdir. Orada bildirilir ki, guya Azıx mağarasında paleontoloqlar qazıntı aparmışlar. Halbuki arxeoloji düşərgələrdə yalnız arxeoloqlar qazıntı işləri aparır, paleontoloqlar isə yalnız qazıntı zamanı tapılmış heyvan sümüklərini tədqiq edirlər. Məlumatda 1968-ci ildə M.Hüseynovun Azıx mağarasında tapdığı çənə sümüyünün yaşının 50-100 min il olduğu bildirilir. Bu da cəfəngiyyatdır. Çünki Azərbaycan alimləri onun 350-400 min il əvvəllərə aid olduğunu elmi əsaslarla sübuta yetirmiş və bu tarix beynəlxalq elmi konfranslarda öz təsdiqini çoxdan tapmışdır...
Bütün dünya alimlərinə məlumdur ki, Azıx paleolit düşərgəsində Azərbaycan alimlərinin rəhbərliyi altında kompleks arxeoloji tədqiqat işləri aparılmış və onların nəticələri dünyanın görkəmli alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsindən apardıqları uzun müddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunmuşdur. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyata qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürülüb istifadə oluna bilər. Ona görə də hazırda orada qazıntı işləri aparmaq bəşər sivilizasiyasına qarşı ən böyük təxribat hesab olunmalıdır. İkincisi isə Azıxda aparılan arxeoloji qazıntılar zamanı tapılmış 100 minlərlə maddi mədəniyyət qalıqları Bakıda saxlanılır və istənilən alim onlarla tanış ola bilər.
Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar düşərgəsi hesab olunur. Düşərgə Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.
M.Hüseynov və Ə.Cəfərovun Tağlar mustye düşərgəsində apardıqları arxeoloji qazıntılar zamanı 10 mindən artıq daş məmulatı və 100 mindən çox ovlanmış heyvan sümükləri tapılmışdır.
Yaxın Şərq və Qafqaz ərazisində Tağlar düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişafı və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Eyni zamanda Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar respublikamızın ərazisində mustye mədəniyyətinin özünəməxsus xüsusiyyətləri olduğunu göstərdi.
Aparılmış kompleks arxeoloji tədqiqatlar Qarabağın tarixi Azərbaycan ərazisi olmasını elmi əsaslarla sübuta yetirmişdir.