MƏHKƏMƏ HAKİMİYYƏTİ

Azərbaycan Respublikasının Məhkəmə sistemi Azərbaycan konstitusiyasına uyğun olaraq, Respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmusundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu "Məhkəmələr və hakimlər haqqında" 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin təqdimatına əsasən Milli Məclis tərəfindən təyin edilən 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu müəyyən etməyə səlahiyyətlidir.

Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisəli məsələləri həll edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.

Apellyasiya Məhkəmələri apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Apellyasiya Məhkəmələri mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.

İnzibati-iqtisadi Məhkəmələr müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Hərbi Məhkəmələr müvafiq ərazi yurisdiksiyası çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır).

Ağır Cinayətlər Məhkəmələri müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Rayon (şəhər) Məhkəmələri birinci instansiya məhkəməsi kimi ərazi yurisdiksiyası çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.