İCRA HAKİMİYYƏTİ

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.

Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentlərini vəzifəyə təyin və vəzifədən azad edir, Milli Məclisin razılığı ilə Baş Naziri təyin və azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Azərbaycan Respublikasının Prezidenti Hökumətin fəaliyyətinə birbaşa nəzarət edir.

Prezident Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. Bütün bunlarla yanaşı, Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olunmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

Prezident dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir, təsdiqnamələri imzalayır.

Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqəladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.

Azərbaycan Respublikasının siyasi sistemində Prezidentin xarici siyasət fəaliyyətində səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini və övdətnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin edir və geri çağırır.