İQLİM TİPLƏRİ

Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.

1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.

2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ni təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.

3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ni və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.

4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.

5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50%-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.

6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-ni, şimal-şərq yamacda 50-100%-ni təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.

7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir.

8. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.

Ədəbiyyat.: Mədətzadə Ə.A. Abşeronun hava növləri və iqlimi, B., 1960; yenə onun, Şərqi Qafqazın təbii-subtropik iqlim fəsilləri, B., 1973; Klimat Azerbaydcana (pod. Red. A.A.Madatzade, G.M.Şixlinskoqo), B., 1968; Azərbaycan Respublikasının istilik balansı atlası (Ə.M.Şıxlınskinin redaktəsi ilə, azərbaycanca və rusca), M., 1978; Əyyubov Ə.S., Hacıyev Q.Ə., Azərbaycan Respublikasının iqlim ehtiyatları, B., 1984.