HEYDƏR ƏLİYEV MƏRKƏZİ
Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı.
Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.
Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb.
Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.
Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır.
Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.
Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.
Mərkəzin daxilində Heydər Əliyev Muzeyi yerləşir.
Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir.
Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir.
Burada Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim edilir. Heydər Əliyev haqqında çəkilən filmləri izləmək istəyənlər üçün müasir avadanlıqlarla təchiz edilmiş xüsusi zal fəaliyyət göstərir. Muzeydə maraq doğuran bölmələrdən biri də ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalıdır.
Muzeyin "Beynəlxalq əlaqələr" bölməsində məlumatlar xüsusi qlobus vasitəsilə çatdırılır. Belə ki, qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər ekranda öz əksini tapır.
Muzeydə təqdim olunan Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirilən eksponatlar siyahısındadır.