ETİMOLOGİYASI

Yer kürəsinin ən böyük gölü — Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhəddində, geniş materik depressiyasında yerləşmişdir. O, həm də, bizim planetin ən böyük qapalı su tutarıdır.

Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o, Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (e.ə.VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsca "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə.V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmüşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), Xvalın, Dərbənd və s. kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə müxtəlif adlar vermişlər, məsələn: ruslar-Xvalın, tatarlar-Ağ Dəniz, türklər-Kiçik Dəniz, çinlilər-Si Hay, yəni Qərb dənizi. Venesiya Respublikasının 1474-1477-ci illərdə İrandakı səfiri A.Kontarini onu Bakı dənizi adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvəllərində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda-Xəzər (Xəzərlər V-X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, müxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər.