AZƏRBAYCANIN BANK SİSTEMİ

Bank sistemi Azərbaycan maliyyə sisteminin mühüm elementi sayılır. Bu gün banklar aktivlərinin və kapitalının həcminə, regional əhatəsinə görə digər maliyyə vasitəçilərini dəfələrlə üstələyir.

Hazırda respublikada inkişaf etmiş, bazar prinsiplərinə əsaslanan iki pilləli bank sistemi (birinci pillədə Azərbaycan Respublikası Mərkəzi Bankı, ikinci pillədə kommersiya bankları və digər bank olmayan kredit təşkilatları) fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı 1992-ci ildə yaradılmışdır. Müasir mərkəzi bankların əsas missiyası qiymətlərin və maliyyə sabitliyinin qorunmasıdır.

Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün qanunla müəyyən edilmiş bir sıra funksiyaları həyata keçirir.

Mərkəzi Bankın əsas funksiyası dövlətin pul və onun tərkib hissəsi olan məzənnə siyasətinin müəyyən edilməsi və həyata keçirilməsidir. Pul siyasəti müxtəlif alətlərdən istifadə etməklə aparılır. Bu alətlərə dövlətin və Mərkəzi Bankın buraxdığı qiymətli kağızlarla alqı-satqı əməliyyatlarının aparılması, Mərkəzi Bankın banklara verdiyi kreditlər üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi, bankların məcburi ehtiyatları üzrə tələblər və s. daxildir. Bu alətlərin vasitəsi ilə Mərkəzi Bank dövriyyədə olan pulun həcmini tənzimləməklə qiymətlərin sabitliyinə, iqtisadiyyatın artımına, həmçinin ölkədə maliyyə sabitliyinin təmin olunmasına təsir imkanlarından istifadə edir.

Mərkəzi Bankın mühüm funksiyalarından biri də Azərbaycan Respublikasının milli valyutasının (manatın) emissiya edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Mərkəzi Bank bu hüququn müstəsna sahibidir. Bu səlahiyyət çərçivəsində Mərkəzi Bank manatda olan kağız və metal pul nişanlarını tədavülə buraxır və tədavüldən çıxarır, həmçinin onların dövriyyəsinin təşkili üzrə tədbirlər görür.

Manatın rəsmi məzənnəsinin müəyyən edilməsi

Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini də müəyyən edir. Məzənnə ölkənin xarici iqtisadi əlaqələrinə təsir edən amillərdən biridir. Mərkəzi Bank manatın rəsmi məzənnəsini orta bazar məzənnəni nəzərə almaqla müəyyənləşdirir. İqtisadi subyektlər valyuta əməliyyatlarını apararkən rəsmi məzənnəni nəzərə alırlar.

Mərkəzi Bank Valyuta tənzimi və nəzarəti funksiyasını da yerinə yetirir. Valyuta tənzimi və nəzarəti – məzənnə siyasətinin həyata keçirilməsini dəstəkləyən, beynəlxalq hesablaşmaların aparılması, xarici valyuta ilə dövriyyənin tənzimlənməsi, o cümlədən əqdlərin həyata keçirilməsi, valyutadan istifadənin məhdudlaşdırılması və valyutanın hərəkəti üzrə dövlət nəzarətinin aparılması ilə bağlı kompleks tədbirlərdən ibarət fəaliyyətdir.

Milli valyutanın məzənnəsinin qorunmasında və tədiyə balansının tənzimlənməsində Mərkəzi Bank qızıl-valyuta ehtiyatlarından aktiv istifadə edir. Eyni zamanda Mərkəzi Bank ölkənin ona həvalə olunan qızıl-valyuta ehtiyatlarının qoruyucusu kimi çıxış edir və bu zaman onların idarə edilməsi funksiyasını həyata keçirir. Belə ki, hazırda beynəlxalq hesablaşmalarda qızıl-valyuta ehtiyatları stabilləşmə və “təminatçı” rolunu oynayır. Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarına qızıl, qiymətli metallar və qiymətli daşlar, xarici valyutalar, xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesablarında saxladığı xarici valyuta vəsaitləri və beynəlxalq aləmdə qəbul olunmuş digər aktivlər daxildir. Mərkəzi Bank rübdə bir dəfədən az olmayaraq idarə etdiyi qızıl valyuta ehtiyatlarının ümumi miqdarı barədə kütləvi informasiya vasitələrində məlumat dərc etdirir.

Mərkəzi Bankın funksiyalarından biri ölkənin tədiyə balansı statistikasının toplanması və hesabat tədiyə balansının tərtib edilməsidir. Tədiyə balansı elə bir statistik hesabat sistemidir ki, onun göstəriciləri ölkə əhalisinin və Azərbaycanda fəaliyyət göstərən təsərrüfat subyektlərinin (müəssisə və təşkilatların) müəyyən dövr ərzində xarici şəxslərlə apardığı iqtisadi əməliyyatların (mal və xidmətlər, investisiyalar üzrə) məcmusunu əks etdirir. Tədiyə balansı hər bir ölkənin ÜDM-nin (ümumi daxili məhsulun) hesablanmasında istifadə olunur.

Mərkəzi Bank ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir. Bu funksiya “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa qəbul edilmiş 20 oktyabr 2015-ci il tarixli dəyişikliklər əsasında Mərkəzi Banka həvalə edilmişdir.

Məcmu xarici borc haqqında statistika və beynəlxalq investisiya mövqeyi milli iqtisadiyyatın beynəlxalq reytinqinin formalaşmasında xüsusi rol oynayır, habelə makroiqtisadi siyasət qərarlarının qəbul edilməsində nəzərə alınır. Bu statistika ölkə rezidentlərinin xarici ölkələrin rezidentləri qarşısında öhdəliklərinin uçotu əsasında formalaşdırılır.

Bu funksiya çərçivəsində Mərkəzi Bank ölkədə banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərini yaradır, onları idarə edir, əlaqələndirir və sistemlər üzrə nəzarəti həyata keçirir.

Hazırda belə sistemlərə Banklararası Real Vaxt Rejimində Məcmu Hesablaşmalar Sistemi (AZİPS), Xırda Ödənişlər üzrə Hesablaşma-klirinq Sistemi (XÖHKS) və Banklararası Kart Mərkəzi (BKM) aiddir. Mərkəzi Bank bu sistemlərdəiştiraka dair tələblər müəyyən edir, o cümlədən iştirakla bağlı təhlükəsizlik tələblərini,  ödəniş sistemlərinin davamlılığı üzrə tələbləri, ödəniş sənədlərinin formalarına dair tələbləri müəyyənləşdirir.

Azərbaycan Respublikasının Prezidentinin 9 fevlar 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmış, 2007-ci ilin 12 Avqust tarixindən isə fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondunun yaradılmasının məqsədi banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən  əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

18 dekabr 2020-ci ildə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin həcmi  30 min manatdan 100 min manata qaldırılmışdır.

Hal-hazırda Azərbaycan Respublikasında 24 bank fəaliyyət göstərir.