PARLAMENTİN TARİXİ

Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdir. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.

M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məsələ ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi dərc edilir.

1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.

Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi — gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət qruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlmişdir. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi.

Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur.

Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Parlamentin fəaliyyəti bilavasitə onun nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi.

1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

ADR parlamenti Rusiyanın XI Qırmızı ordusunun mühasirəsi və Rusiyanın Xəzər donanmasının birbaşa hərbi təhdidi altında AK(b)P Mərkəzi Komitəsi və RK(b)P Qafqaz Diyar Komitəsinin ultimatumunu (tələbini) gərgin müzakirə etdikdən sonra “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərar qəbul etdi. Qərarda hakimiyyəti qəbul edən bolşeviklərin qarşısında müstəqilliyin saxlanılması, bolşeviklərin yaratdığı hökumətin müvəqqəti olması, Azərbaycanın gələcək idarə formasının tezliklə toplanılmalı olan yeni parlamenti tərəfindən müəyyən edilməsi kimi bir sıra şərtlər qoyulurdu.

Azərbaycan SSR formal müstəqilliyə malik olsa da, Sovet Rusiyası ilk gündən Azərbaycana müstəmləkə kimi baxırdı.

Azərbaycanın siyasi müstəqilliyi tamamilə formal xarakter daşıyırdı. Xalqda hakimiyyətin ona məxsus olması illüziyasını yaratmaq üçün nümayəndəli hakimiyyət orqanları sisteminin təşkilinə başlanıldı.

1921-1937-ci illərdə Ümumazərbaycan Sovetlərinin qurultayları aşağıdakı ardıcıllıqla keçirilib:

I Ümumazərbaycan Sovetlər qurultayı — 6-19 may 1921-ci il;
II Ümumazərbaycan Sovetlər qurultayı — 28 aprel-03 may 1922-ci il;
III Ümumazərbaycan Sovetlər qurultayı — 25 noyabr-01 dekabr 1923-cü il;
IV Ümumazərbaycan Sovetlər qurultayı — 10-16 mart 1925-ci il;
V Ümumazərbaycan Sovetlər qurultayı — 18 mart 1927-ci il;
VI Ümumazərbaycan Sovetlər qurultayı — 1-9 aprel 1929-cu il;
VII Ümumazərbaycan Sovetlər qurultayı — 19-25 yanvar 1931-ci il;
VIII Ümumazərbaycan Sovetlər qurultayı — 11-17 yanvar 1935-ci il;
IX Ümumazərbaycan (Fövqəladə) Sovetlər qurultayı — 17 noyabr 1936-cı il; 10-14 mart 1937-ci il.

Lakin bolşeviklər öz siyasi məqsədlərinə çatmaq naminə Azərbaycanın olan-qalan müstəqilliyinin də ləğv edilməsi istiqamətində işə başladılar. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi.

1922-ci ilin dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi. Bununla da Azərbaycanın müstəqilliyinə tamamilə son qoyuldu. 1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya konstitusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin II Konstitusiyasını qəbul etdi. Bu vaxta qədər respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər Konstitusiyaya salındı. 1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin yeni Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu.

Yeni qəbul edilən Konstitusiyaya əsasən, Azərbaycanın qanunvericilik orqanı yeni formatda — respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olması yuxarıdan müəyyən edilirdi. I çağırış Azərbaycan SSR Ali Sovetinə birbaşa seçkilərdə (24 iyun 1938-ci il) seçilmiş 310 deputatdan 107-si fəhlə, 88-i kolxozçu, 115-i ziyalı-qulluqçu, bunlardan 72-si qadın idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi, hər hansı bir siyasi təşəbbüsün düşmənçiliklə qarşılandığı şəraitdə Ali Sovet səmərəli fəaliyyət göstərə bilmirdi. Buna görə də nümayəndəli qanunvericilik orqanlarına seçilmiş azərbaycanlılar 1937-1938-ci və sonrakı illərdə respublikanın elmi, mədəni, siyasi elitasının məhv edilməsinə, xalqın genofonduna zərbə vurulmasına, torpaqlarının dəfələrlə parça-parça qoparılıb, Ermənistana verilməsinə qarşı etiraz səslərini qaldıra bilmədilər. Əksinə, yuxarının təzyiqi ilə Azərbaycan SSR Ali Soveti 1938-ci il mayın 7-də Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistana verilməsi haqqında protokolu təsdiq etdi. Lakin həmin qərara yerlərdə sadə insanlar, kənd camaatı müqavimət göstərdilər və torpaqlarını əldən vermədilər. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də 1938-ci ildə qəbul etdiyi bu bədnam qərarı yenidən təsdiq etdi. Lakin az sonra hakimiyyətə gəlmiş cənab Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra məhdud imkanlardan xalqın xeyrinə istifadə etmək, diqqəti cəlb etmədən milli-mənəvi oyanışa kömək göstərmək üçün addımlar atmağa başladı.

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində qanun məcəllələrinə əlavə və dəyişikliklər edildi. Azərbaycanda məhkəmə quruluşu, səhiyyə, dövlət notariatı, xalq təhsili, tarix və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, xalq deputatları sovetləri haqqında qanunlar, Torpaq, Əmək, İnzibati hüquq pozuntuları, Ailə və Nikah Məcəllələri qəbul edildi.

SSRİ-nin süqutu ərəfəsində — 1988-ci ildə Azərbaycanda baş qaldırmış erməni separatizmi və Ermənistanın faktiki təcavüzü qarşısında respublikanın o vaxtkı rəhbərliyi və parlamenti hadisələrə münasibətdə bağışlanmaz passivlik və laqeydlik nümayiş etdirdi.

Bu ağır günlərdə xalqın yanında olmaq üçün Naxçıvana qayıtmış Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Bununla da Heydər Əliyevin dövlətçilik fəaliyyətində və Azərbaycan dövlətçiliyində, müstəqillik mübarizəsində yeni bir dövr başlandı. 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktının parlamentdə qəbul edilməsi ilə Azərbaycan müstəqilliyinə qovuşdu. Bu dövrdə iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Soveti səlahiyyətlərini öz üzvləri arasından seçdiyi 50 nəfərlik Milli Şuraya verdi. Parlament Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasını ləğv etdi, Prezident üçün yaş senzi müəyyənləşdirildi və s. Bu qeyri-demokratik tədbirlər birbaşa Naxçıvan MR Ali Məclisinin sədri seçilmiş və xalq arasında böyük nüfuza malik Heydər Əliyevə qarşı yönəldilmişdi. Bununla onlar Ulu Öndərin siyasi fəaliyyətini məhdudlaşdıracaqlarına ümid edirdilər. Böhranın getdikcə dərinləşməsi, az qala vətəndaş müharibəsinin başlanması, Ermənistanın təcavüzü qarşısında aciz qalan və öz yaratdıqları vəziyyətin girovuna çevrilən respublika rəhbərləri də Azərbaycan xalqının bu təkidli tələbinə qoşulmağa məcbur oldular. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlətçiliyini, siyasi varlığını məhv olmaq təhlükəsindən xilas etməklə bərabər, Azərbaycan parlamentinin tarixində yeni bir dövrün başlanğıcını qoydu. Bu artıq müstəqil Azərbaycanın müstəqil və xalqın mənafeyinə xidmət edən parlamenti idi.

12 noyabr 1995-ci ildə seçilmiş Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 1995-2000-ci illər ərzində fəaliyyət göstərmişdir.

5 noyabr 2000-ci ildə seçilmiş İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisi 2000-2005-ci illər ərzində fəaliyyət göstərmişdir.

6 noyabr 2005-ci ildə seçilmiş Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi 2005-2010-cu illər ərzində fəaliyyət göstərmişdir.

7 noyabr 2010-cu ildə seçilmiş Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi 2010-2015-ci illər ərzində fəaliyyət göstərmişdir.

1 noyabr 2015-ci ildə seçilmiş Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi hazırda fəaliyyət göstərir.