XOCALI FACİƏSİ

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmi., onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.