ÜMUMİ MƏLUMAT

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılmışdır. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilmişdir. Akademiyanın yaranması əsrlərdən bəri Azərbaycanda elmi təfəkkürün formalaşmasının təbii nəticəsi olmuşdur. Maddi mədəniyyət abidələri və bir çox elmi mənbələr göstərir ki, hələ qədim Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və başqa elmlər yüksək səviyyədə inkişaf etmişdir.

60 il ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksəkixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynamışdır.

Hazırda AMEA-nın 6 bölməsi var: fizika-riyaziyyat və texnika elmləri (Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu); kimya elmləri (Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu); Yer elmləri (Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi); biologiya və tibb elmləri (Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu); humanitar elmlər (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi), ictimai elmlər bölməsi (Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu). AMEA-da 2 regional bölmə və 2 regional elmi mərkəz fəaliyyət göstərir: Naxçıvan Elmi Bölməsi (Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası), Gəncə Bölməsi (Nizami Gəncəvi Mərkəzi, Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Bioresurslar İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Aqrar Problemlər İnstitutu, Nəbatat Bağı); Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzi.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin nəzdində bir sıra qurumlar fəaliyyət göstərir: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, Təbiət Tarixi Muzeyi, “Kibernetika” Elmi İstehsalat Birliyi,  “Elm” Nəşriyyatı, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası, Azad Həmkarlar İttifaqı, Veteranlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurası, Alimlər Evi, "Nafta" Elmi İstehsalat Birliyi, "Aşqar" Elmi İstehsalat Birliyi, Fənlərarası Analitik Mərkəz və "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Ensiklopediyası AMEA tabeçiliyinə verilmiş və 5 may 2004-cü il tarixli digər sərəncamına əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılmışdır.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var.