Azərbaycan Respublikasının relyefi genetik cəhətdən çox müxtəlifdir. Burada tektonik, vulkanik, psevdovulkanik, nival-buzlaq, qravitasiya, flüvial, arildenudasiya, eol, karst, talassogen və s. mənşəli relyef tipləri müşahidə olunur.
Tektonik relyef respublikanın hər yerində yayılmışdır. Ərazinin relyefinin ümumi fonu və ən böyük elementləri (Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ sistemləri, Kür çökəkliyi) ən yeni tektonik mərhələnin hərəkətləri nəticəsində formalaşmışdır. Cavan qırışıqlıq sahələrində (Ceyrançöl və Acınohur ön dağlıqları, Qobustan, Abşeron yarımadası) relyefin demək olar ki, bütün elementləri tektonik hərəkətlərlə əlaqədardır. Vulkanik relyef Qarabağ yaylası üçün səciyyəvidir. Burada lava və şlak konusları, pilləli lava platoları və axınları geniş yayılmış əsas relyef formalarıdır. Lava axınlarının çay dərələrini kəsdiyi yerlərdə göl çuxurları və bataqlıqlar əmələ gəlmişdir. Yüksək dağlıqda soyuq iqlim şəraitində lavaların püskürməsi, soyuması və parçalanması nəticəsində çınqıllıqlar formalaşmışdır.
Psevdovulkanik relyef formaları palçıq vulkanlarının püskürməsi nəticəsində yaranmışdır. Qobustan, Abşeron yarımadası, cənub-şərqi Şirvan düzənliyi və s. yerlərdə, Xəzər dənizindəki Bakı arxipelaqında geniş yayılmaqla həmin sahələrin relyefində konusvari yüksəkliklər və sopkalar əmələ gətirmişdir. Bakı arxipelaqındakı adaların çoxu palçıq vulkanlarının fəaliyyəti nəticəsində yaranmışdır.
Nival-buzlaq relyefi qədim və müasir buzlaqların ekzavrasiya və akkumulyasiya fəaliyyəti nəticəsində əmələ gəlmişdir; Troq dərələrə, karlar, Moren tirələri və təpəciklər ilə təmsil olunmuşdur. Böyük Qafqazın (Baş Qafqazın silsiləsi, Yan Silsilə) və Kiçik Qafqazın (Murovdağ, Şahdağ, Zəngəzur silsilələri, Qarabağ yaylası) yüksək dağlıq qurşaqlarında yayılmışdır.
Qravitasiya relyefi formaları uçqunlar və sürüşmələrdən ibarətdir. Dağ uçqunları əsasən Böyük Qafqazın Şahdağ və Qızılqaya platolarında, Kiçik Qafqazın Şərqi Göyçə, Murovdağ, Qarabağ silsilələrində, Kəpəz dağı massivində inkişaf etmişdir. Respublikanın bir sıra dağ gölləri (Göycöl, Maralgöl, Qanlıgöl və s.) dağ uçqunları nəticəisndə yaranmışdır. Sürüşmələr Böyük Qafqazın cənub-şərq (Girdiman, Ağsu) və şimal-şərq (Vəlvələ, Gilgil, Ataçay) hissəsindəki çayların hövzələrində əlverişli litoloji və hidrogeoloji şəraitdə daha çox inkişaf etmişdir.
Flüvial relyef respublikada ən geniş yayılmış relyef formalarındandır. Səth sularının fəaliyyəti nəticəsində Göygöl yaranmışdır. Bu tipə çay dərələri, terraslar, qobular, gətirmə konusları, deltalar və s. su-erozion və akkumulyativ relyef formaları daxildir.
Arid-denudasiya relyefin quraq olan və kövrək qumlu-gilli çöküntülərin geniş inkişaf etdiyi sahələrdə — Qobustan, Abşeron yarımadasının qərbi, Baş Qafqaz silsiləsinin şimal-şərq yamacı (Gilgil və Sumqayıt çaylarının arası), Ceyrançöl-Acınohur ön dağlığı, Naxçıvan MR-nın ön dağlıq hissəsi və s. yerlərdə yayılmışdır. Bu relyef formaları yararsız torpaqlar və gilli psevdokarstlarla təmsil olunmuşdur.
Eol relyef formaları dünlər, qüm tirələri və təpələrindən ibarətdir; Samur-Dəvəçi ovalığınnın cənub-şərqində, Abşeron yarımadasında və cənub-Şərqi Şirvan düzənliyinin dənizsahili hissəsindədir. Arid iqlim və qum çöküntülərinin bolluğu şəraitində inkişaf etmişdi.
Karst relyefi formalarına Böyük və Kiçik Qafqaz dağ sistemlərində, səthi karbonatlı süxurlardan təşkil olunmuş sahələrdə rast gəlinir. Səth və yeraltı suların kimyəvi və mexaniki təsiri ilə yaranır. Qıflar, quyular, mağaralar, ponorlar və s. relyef formaları ilə təmsil olunmuşdur. Arxeoloji tapıntılarla məşhur olan Alt Paleolit dövrünə aid Azıx mağarası Azərbaycan Respublikasında ən mühüm karst relyefi formasıdır.
Talassogen relyef Xəzər dənizinin abrazion və akkumulyativ fəaliyyəti nəticəsində yaranmışdır. Dördüncü dövr transqressiyalarına məruz qalmış sahil zonasında inkişaf etmişdir. Sahil bəndləri, terraslar, kliflər, bençlər və s. relyef formaları ilə təmsil olunmuşdur.
Pligenetik relyef formaları bir neçə relyef əmələgətirici prosesin relyefə birgə təsiri nəticəsində əmələ gəlmişdir. Respublikanın dağlıq hissəsində inkişaf etmişdir.
Antropogen (texnogen) relyef formaları insanların meliorasiya (suvarma və drenaj şəbəkələrinin yaradılması və s.) tikinti (bəndlər, dambalar və s.) və digər fəaliyyəti nəticəsində yaranmışdır. Kür-Araz ovalığında daha geniş inkişaf etmişdir.
Geomorfoloji rayonlar
Azərbaycan Respublikasının ərazisi çox mürəkkəb geomorfoloji quruluşa malikdir. Burada tektonikanın relyefə zəif təsir göstərdiyi denudasion-struktur dağlar, güclü təsir etdiyi sturktur-erozion dağlar, vulkanik dağlar, akkumulyativ-denudasion platolar və düzənliklər, akkumulyativ düzənliklər var. Relyefin mənşəyi, yaşı, morfoloji xüsusiyyətləri, geoloji quruluşu və yeni tektonik hərəkətlərlə əlaqəsinin təzahürləri Azərbaycan Respublikasının ərazisini iki geomorfoloji ölkə (Krım-Qafqaz, Ön Asiya) və dörd əyalətə (Ön Qafqaz, Böyük Qafqaz, Güney Qafqaz depressiyası, Kiçik Qafqaz) daxil olan altı geomorfoloji vilayətə: Samur-Dəvəçi, şərqi Böyük Qafqaz, Kür çökəkliyi, Kənar Kiçik Qafqaz, Daxili Kiçik Qafqaz və Talış vilayətlərinə, vilayətlər daxilində isə bir sıra geomorfoloji yarımvilayətlərə və rayonlara ayırmağa imkan verir. Bəzən Orta Araz çökəkliyi Zəngəzur və Dərələyəz silsilələri, həmçinin Talış dağları və Lənkəran ovalığı geomorfoloji rayon kimi Kiçik Qafqaz vılayətinə, Qusar maili düzənliyi və Alazan-Əyriçay çökəkliyi (dərəsi) geomorfoloji rayonları Böyük Qafqaz vilayətinə aid edilir.
Samur-Dəvəçi geomorfoloji vilayəti struktur cəhətdən Ön Qafqazın cənub-şərq davamı hesab edilən və yeni tektonik mərhələdə formalaşan Qusar-Dəvəçi ön dağ çökəkliyindədir; Böyük Qafqazın şimal-şərq ətəklərində yerləşir. Müasir səthi və əsas morfoloji xüsusiyyətləri Üst Pliosen və Antropogenin dəniz və kontinental akkumulyativ prosesləri nəticəsində formalaşmışdır. Böyük Qafqazın şimal-şərq yamaclarından başlanan çayların gətirmə konusları və konuslararası çökəkliklər, dəniz terrasları var. Dəniz sahili boyu, əsasən, qumluqdur. Səthi meylli (təqr. 0 m-dən 1900 m-dək), pilləli və dalğavarıdır. Hündürlük artdıqca meyllik və səthi parçalanma da artır. Dağətəyi hissədə erozion kəsilişi 850-950 m-ə çatır. Bu vilayət Samur-Dəvəçi və Qusar geomorfoloji rayonlarına ayrılır.
Şərqi Böyük Qafqaz geomorfoloji vilayəti respublikanın digər geomorfoloji vilayətlərindən nival-buzlaq və ekzarasion buzlaq relyefinin daha çox inkişaf etməsi ilə fərqlənir. Burada Üst Pliosen-Antropogen buzlaşmalarının izləri toq dərələri, karlar, moren tirələri və təpəcikləri şəklində qalmışdır. Müasir buzlaqlar Antropogen buzlaşmasının qalığıdır. Relyefində palçıq vulkanları, sürüşmələr, bedlend və gilli karst formaları da çox yayılmışdır. Düzəlmə səthlərinin geniş inkişaf etməsi səciyyəvidir. Bu düzəlmə səthləri yamacları pilləli şəklə salmışdır. Müasir ekzogen proseslərdən eroziya və qravitasiya daha geniş inkişaf etmişdir. Vilayət Baş Qafqaz silsiləsinin cənub yamacı və cənub-şərqi Qafqaz geomorfoloji yarımvilayətlərinə bölünür:
1. Baş Qafqaz silsiləsinin cənub yamacı yarımvilayəti Mazım çayı ilə Girdiman çayı arasındadır, çay dərələri ilə intensiv parçalanmışdır (dərininə parçalanma 300 m-dən 150 m-dək). Suayrıcılar, əsasən, dar və dişli, zirvələr itiucludur. Bəzi yerlərdə düzəlmə səthləri də var. Dərələrin yamacları çox meylli (40-70 və çox), dibi əksər yerdə dardır. Çay qollarının dərələri ilə palçalanmış və sürüşmələrlə mürəkkəbləşmişdir. Dərələrin genişləndiyi sahələrdə terraslar var. Tez-tez dağıdıcı sellər olur. Uçqunlar, ufantı və səpinti materialları geniş yayılmışdır. Yarımvilayətin daxilində Zaqatala, Şəki və Lahıc geomorfoloji rayonları ayrılır;
2. Cənub-Şərqi Qafqaz yarımvilayətinə intensiv parçalanmış dağ silsilələri daxildir. Bu yarımvilayət daxilində Baş Qafqaz silsiləsi yüksək dağlıqda dar yan hissədən, sıldırım (50-70) və əsasən, çılpaq yamaclardan ibarətdir. Yan silsilənin suayrıcısı qərbdə bir-birindən kanyonvarı çay dərələri ilə ayrılan hamarlanmış iri sinklinal platolara (ən böyüyü Şahdağ platosudur) bölünmüşdür. Cənubda kəskin parçalanmış Niyaldağ yan silsiləsi yerləşir. Silsilələr arasında çökəkliklər var. Yamaclar terraslaşmışdır. Sürüşmələr və uçqunlar səciyyəvidir. Şərqdə yarımvilayət Şamaxı təbii sahəsini, Qobustanı, Abşeron yarımadasını və s. əhatə edir. Relyef hamarlanmış platolarla (Qızmeydan, Şamaxı, Mərəzə, Sündü və s.) səciyyələnir. Suayrıcıları və yamacları hamardır. Çay dərələri, əsasən, dardır, bəzi yerlərdə nisbətən iri terraslaşmış çökəkliklərə keçir. Yarımvilayətin şimal-qərb hissəsində sürüşmələr və uçqunlar, cənub-şərq hissəsində palçıq vulkanları, bedlend və gilli karst kimi arid relyef formaları, Abşeron yarımadasının sahili boyunca qum dünləri yayılmışdır. Şoranlı və şor göllü axarsız çökəkliklər inkişaf etmişdir. Yarımvilayətdə Bazardüzü, Şahnabad-Xızı, Şahdağ, Təngi-Beşbarmaq, Dübrar, Şamaxı, Qobustan və Abşeron geomorfoloji rayonları var.
Kür çökəkliyi geomorfoloji vilayətində yeni tektonik hərəkətlərin və ekzogen relyef əmələgətirici proseslərin mürəkkəbliyi burada relyef quruluşunun müxtəlifliyinə səbəb olmuşdur. 4 əsas geomorfoloji yarımvilayətə: Alazan-Əyriçay çökəkliyi (dərəsi), Ceyrançöl-Acınohur ön dağlığı, Kür-Araz ovalığı və Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayətlərinə bölünür:
1. Alazan-Əyriçay çökəkliyi yarımvilayəti morfoloji cəhətdən 200-300 m-dən 600-8080 m-dək hündürlükdə yerləşən qapalı batıq dağətəyi maili düzənliyi əhatə edir. Səthi allüvial-prolüvial çöküntülərdən ibarətdir. Çayların gətirmə konusları və konuslararası çökəkliklər qismən bataqlıqlaşmışdır. Akkumulyasiya prosesləri üstünlük təşkil edir. Gətirmə konuslarıda iri materiallar, konuslarası çökəkliklərdə isə xırda dənəli çöküntülər toplanır. Yarımvilayət daxilində Alazan, İsmayıllı geomorfoloji rayonları ayrılır.
2. Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Kür çökəkliyinin şimal hissəsindədir. Bura Alazan-Əyriçay çökəkliyindən cənubda yerləşən Ceyrançöl, Acınohur ön dağlıqları, Kür çökəkliyinin şimal-şərq kənarlarını təşkil edən Ləngəbiz-Ələt ön dağlığı və s. daxildir. Relyefi, əsasən, antiklinal və sinklinal qırışıqlara uyğun gələn silsilə, tirə və yüksəkliklərdən, onların arasındakı dərə və çökəkliklərdən ibarətdir. Silsilə və tirələrin (qərbdə və şərqdə Üst Pliosen, mərkəzi hissədə Antropogen yaşlı) yamacları asimmetrikdir. Cənub yamacları çox dik, şimal yamacları az meyllidir. Bəzi yerlərdə (Gürcüvan platosu) 600-1000 m hündürlükdə düzəlmə səthləri var. Yarımvilayət köndələn axan tranzit çayların antesedent dərələri ilə parçalanmışdır. Dərininə kəsilmə 250-700 m-dir. Parçalanmanın sıxlığı bedlend tipli yarğan-qobu şəbəkəsinin inkişaf etdiyi cənub yamaclarda daha böyükdür. Şərqdə palçıq vulkanları var. Yarımvilayət Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, hərəmi geomorfoloji rayonlarına bölünür.
3. Kür-Araz ovalığı yarımvilayəti Kür çökəkliyinin ən geniş hissəsidir. Səthi mərkəzi hissədə gilli, kənar hissələrdə gillicəli-qumlu-çaqıldaşlı Üst Antropogen və Holosen yaşlı kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur. Relyef cavan və az meylli olduğundan səthi az parçalanmışdır. Ovalığın şərq hissəsi üçün cavan qırışıqlar və palçıq vulkanizmi ilə əlaqədar alçaq tirə və yüksəkliklər (Kürovdağ, Babazənən, Mişovdağ, Qalmas, Bozdağ, Xıdırlı, Bəndovan və s.) səciyyəvidir. Çay dərələri dayaz, yataqları meandrlıdır; yataqlarında akkumulyasiya prosesi gedir. Şirvan düzündə gətirmə konusları inkişaf etmişdir. Ovalığın mərkəzi hissəsi, həmçinin Muğan və Salyan düzləri üçün qədim çay yataqları, yataqyanı yallar, axmazlar, subareal deltalar, cənub-şərqi Şirvan düzənliyi üçün Yeni Kaspi yaşlı laqunların qalığı olan deflyasiya çalaları, dünlər, təpəli qumlar, qədim və müasir sahil valları (bəndləri) səciyyəvidir. Süni suvarma və meliorasiya tədbirləri ovalığın relyefinə təsir göstərir. Antropogen təsirlər nəticəsində səthin parçalanması, yuyulması və şorlaşması prosesləri güclənir. Yarımvilayətdə Şirvan, cənub-şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji rayonları var;
4. Kiçik Qafqazın dağətəyi mailii düzənlikləri yarımvilayəti Xram çayından Araz çayınadək Kiçik Qafqaz dağlarının, əsasən, şimal-şərq ətəklərini əhatə edir. Uzunluğu təqribən 350 km, eni 12-30 km-dir. Səthi Üst Pliosen-Antropogenin gillicəli-çaqıldaşlı kontinental çöküntülərindən təşkil olunmuşdur. Düzənliyin yalnız Kürək çayı ilə Tərtər çayı arasındakı hissəsində alçaq tirələr və uvallar (Naftalan, Gedəkboz, Duzdağ) var. Düzənliyin dağlıqla sərhədi tektonik qırılma boyunca keçir. Kür-Araz ovalığına keçidi isə tədricəndir. Səthi Kiçik Qafqaz dağlarından başlanan, çox yerdə Kürün sağ qollarını təşkil edən çayların dərələri ilə kəsilmişdir. Dərininə parçalanma 10-15 m-dən 100-220 m-ə, bəzi yerlərdə (Tərtər çayı dərəsi) 220-250 m-ə qədərdir. Ən səciyyəvi relyef formaları gətirmə konusları və konuslararası çökəkliklərdir. Düzənliyin Naftalan-Qazanbulaq hissəsində və Kür çayı dərəsinin yamaclarında (Ağstafa-Şəmkir çayları arası) sıx yarğan-qobu şəbəkəsi inkişaf etmişdir. Yarımvilayət daxilində Gəncə-Qazax, Qarabağ və Mil geomorfoloji rayonları ayrılır.
Kənar Kiçik Qafqaz geomorfoloji vilayəti, əsasən, denudasiya sahəsidir. Burada akkumulyasiya sahələri azdır. Dağ silsilələri bir-birindən tektonik çökəkliklərlə ayrılır. Geomofoloji xüsusiyyətlərində eroziya prosesləri mühüm yer tutur. Bu vilayət üç geomorfoloji yarımvilayətə (Şimal-Şərq yamac, Şərq yamac və Cənub-Qərb yamac) bölünür:
1. Şimal-Şərq yamac yarımvilayətinə Şahdağ və Murovdağ silsilələri, Şəmkir günbəzvarı yüksəkliyi, Başkənd-Dəstəfur çökəkliyi və s. daxildir. Bu yarımvilayət intensiv erozion parçalanma və qayalıqları ilə səciyyələnir. Qravitasiya prosesi inkişaf etmişdir. Bəzi yerlərdə uçqun sahələri (məs. Kəpəz dağı) var. Uçqunların çay dərələrində bənd yaratdığı yerlərdə göl çuxurları yaranmışdır (Göygöl, Maralgöl, Qaragöl və s.). Murovdağ və Şahdağ silsilələrinin şimal yamaclarında 2400 m-dən yüksəkdə Antropogen buzlaşmasının izləri-roq dərələri, karlar var. Orta dağlıq qurşaqda düzəlmə səthləri geniş yer tutur. Çay dərələri inkişaf etmişdir. Qədim dərələr var. Kənar hissələrdə alçaq dağlıq qurşaqla əhatələnmişdir. Bu hissədə valun-çaqıldaşlı çöküntülərlə dolmuş dağarası çökəkliklər (Əlibəyli, Çayknəd, Qaraçinar və s.) yerləşir. Düzəlmə səthləri geniş yayılmışdır. Sürüşmə sahələri var. Yarımvilayət Ağstafa, Şəmkir, Daşkəsən-Ağcakənd, Şahdağ və Murovdağ geomorfoloji rayonlarına bölünür.
2. Şərq yamac yarımvitlayəti, əsasən, Qarabağ silsiləsi ilə təmsil olunmuşdur. Silsilənin suayrıcı hissəsində, 1800-2000 m-dən yüksəkdə yamaclar çılpaqdır, intensiv parçlanmışdır. Qravitasiya relyefi formaları var. 1600-2000 m yüksəklikdə qədim çay dərələri qalıqlarını saxlayan düzəlmə səthləri yayılmışdır. Hipsometrik cəhətdən onlardan aşağıda struktur və struktur-denudasiya mənşəli tirə və silsilələr yerləşir. Həmin tirə və silsilələr çökəklikləri (Xaçınçay, Dovşanlı, Həsənabad və s.) əhatə edir. Həsənabad (Xankəndi) çökəkliyi ilə Bağırxan (Boğurxan) silsiləsinin qovuşduğu yerdə, fəal tektonik yarıq boyunca seysmotektonik proseslərin fəaliyyəti nəticəsində irişaymalı uçqun şleyfləri yaranmışdır. Alçaq dağlıqda intruziv mənşəli dağ massivləri və yüksəkliklər (Qalayçı, Bozdağ, Qazançı və mənşəli dağ massivləri və yüksəkliklər (Qalayçı, Bozdağ, Qazançı və s.) səciyyəvidir. Silsilə cənub-şərqdə alçalaraq Aşağı Araz çökəkliyində maili düzənliyə keçir. Bu yarımvilayətdə Aşağı Araz geomorfoloji rayonu ayrılır.
3. Cənub-Qərb yamac yarımvilayəti Həkəri çayı və qismən Tərtər çayı hövzələrini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər (Dəlidağ və s.), dağarası çökəkliklər (Pircan, Laçın və s.) səciyyəvidir. Suayrıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələlərinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terras səviyyələri var. Karst inkişaf etmişdir. Yarımvilayətdə Kəlbəcər, Mıxtökən və həkəri geomorfoloji rayonları var.
Daxili Kiçik Qafqaz geomorfoloji vilayəti Pliosen və Antropogendə vulkanik fəaliyyətdə olan ərazini və həmçinin relyefi arid iqlim şəraitində inkişaf edən dağ və dağarası çökəklikləri əhatə edir. Burada vulkanik relyef formaları, Antropogen buzlaq relfeyfi geniş yayılmışdır. Müasir dövrdə relyefin inkişafında arid-denudasion proseslər əsas yer tutur. Bu vilayət Qarabağ vulkanik yaylası, Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi geomorfoloji yarımvilayətlərinə bölünür:
1. Qarabağ vulkanik yaylası yarımvilayətində relyefin çox hissəsini Üst Pliosen-Antropogen vulkanizmi nəticəsində əmələ gələn lava örtükləri, axınları və vulkan konusları təşkil edir. 3000-3500 m hündürlükdə yerləşən mərkəzi hissənin relyefi dalğavarıdır. Əsas püskürmə mərkəzləri olan Böyük İşlıqlı, Qızılboğaz və Keçəldağ massivləri qədim buzlaq və müasir nival relyef formalarının olması ilə səciyyələnir. Lava axınları parçalanmamış yastı, pilləli səthə malikdir. Son püskürmələr zamanı lava Tərtər, Həkəri, Bazarçay və Arpaçay çayları dərələrinin mənbələrində 25-30 km, məsafədə uzanan axınlar əmələ gətirmişdir. Qırmızıdağ, Ayıçınqılı və Pəriçınqılı püskürmə mərkəzlərində lava örtüklərində aşınma nəticəisndə çınqıllar yaranmışdır. Çaylar yaylanın kənarında dərin dar dərələr əmələ gətirmişdir. Yaylanın səthində çay şəbəkəsi zəifdir. Qapalı sahələrdə göllər var. Yarımvilayət daxilində Qızılboğaz-İşıqlı, Alagöllər-Çalbayır, Şərqi Göyçə və Yazı geomorfoloji rayonları yerləşir.
2. Arazyanı dağlar yarımvilayəti Dərələyəz, Zəngəzur və Bərgüşad silsilələrini əhatə edir. Qədim vulkanizm nəticəsində əmələ gəlmiş relyef formaları əsas yer tutur. Yüksək dağlıq qayalıq relyefi və uftantı materialların geniş yayılması ilə səciyyələnir. Qədim buzlaq relyefi formaları (karlar, təknəvarı dərələr) inkişaf etmişdir. Erozion parçalanmanın dərinliyi 1200 m-dən çoxdur. 2400 m-dən aşağılarda düzəlmə səthləri yayılmışdır. Burada dağdaxili çökəkliklər (Badamlı, Tirşek, Əylis və s.) yerləşir. Araz çayının dərəsi yaxınlığında relyefdə monoklinal quruluşlu silsilə və tirələr, sinklinal platolar üstündür. Bunların yamaclarında bedlend və psevdokarst geniş yayılmışdır. Yarımvilayət daxilində Dərələyəz, Zəngəzur və Bərgüşad geomorfoloji rayonları var.
3. Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayəti, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Akkumulyasiya prosesləri geniş yayılmışdır. Düzənliklə dağların sərhədi boyu intruziv və ekstruziv kütlələr (Nəhəcir, Əlincə, Alandağ və s.) relyefdə kəskin əks olunmuş ayrı-ayrı yüksəkliklər əmələ gətirir. Arazboyu monoklinal tirələr Naxçıvan MR Darıdağ və sinklinal platolar var. Bunların yamaclarında bedlend və psevdokarst geniş yayılmışdır. Yarımvilayətdə Şərur, Nehrəm, Ordubad geomorfoloji rayonları ayrılır.
Talış geomorfoloji vilayəti Talış dağları (Talış, Peştəsər və Burovar silsilələri) və Lənkəran ovalığından ibarətdir. Relyefin səciyyəvi xüsusiyyətlərindən biri silsilələr arasında geniş çökəkliklərin (Yardımlı, Zuvard və s.) olmasıdır. Landşaft inversiyasına əsasən Talışın yüksək dağlıq hissəsində əmələ gəlmiş dağ yarımsəhra və quru çöl şəraitində arid-denudasiya prosesləri və müvafiq relyef formaları inikşaf etmişdir. Dağlıq hissə, əsasən, silsilələrin istiqamətinə köndələn yönəlmiş sıx çay şəbəkəsi ilə kəskin parçalanmışdır. Çay dərələrində çay, Lənkəran ovalığına tərəf yönəlmiş yamaclarda isə dəniz terrasları əmələ gəlmişdir. Düzəlmə səthləri var. Çayların suayrıcıları nisbətən hamar, çay dərələrinin yamacları isə az meyllidir. Şimal yamaclarda sürüşmələr olur. Şərqdə dar zolaqda uzanan dağətəyi maili allüvial-prolüvial, qismən dəniz düzənliyi (Lənkəran ovalığı) ilə əhatələnir. Vilayət daxilində Lənkəran, Burovar, Yardımlı, Peştəsər, Zuvand və xüsusi Talış (silsilə) geomorfoloji rayonları var.