Çarizmin Qarabağda üsul-idarəsi. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi.
1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq çar Rusiyası tərəfindən ilhaq edildi. Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. 1806-cı ildə İbrahim xanın özünün və 24 nəfər ailə üzvülərinin çar ordusunun zabiti mayor Lisanevic tərəfindən qətli çar Rusiyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi. Belə bir şəraitdə İbrahim xanın yerinə general rütbəsi verilərək xanlığın başına gətirilən oğlu Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Çar hökuməti işğal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə, özünə arxa sandığı xristian alban məlikləini üstün mövqeyə çıxarmağa çalışırdı. Xanlıq ləğv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu tətbiq edılmış, o, Hərbi-müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə çar Rusiyası qoşunlarının işğalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında çar Rusiyasının müstəmləkə rejimini yaratmışdı. Çar hökuməti 1830-cu il üsyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-cı il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ ərazisi siyasi mərkəz mənasını itirmiş oldu və yalnız coğrafi anlayış kimi qaldı.
1846-cı il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1860-cı ildən Bakı) tabe edildi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verildi və ərazisi bölünərək burada daha üç qəza — Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları da təşkil olundu. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi mərkəz kimi ləğv edildi. Belə bir inzibati ərazi bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar Qarabağ ərazisinə köçürülən 8249 erməni ailəsi üzvlərilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi. 1828-ci il Türkmənçay müqaviləsindən (Sənəd 3) sonra bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin Qacarlar dövləti ərazilərindən Şimali Azərbaycana köçürülməsi həmin müqavilənin XV maddəsilə təsdiq olunurdu. Həmin maddəyə görə şah öhdəsinə götürürdü ki, ölkədə yaşayan məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdəQacarlar dövləti vilayətlərindən şar Rusiyası ərazilərinə sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq və satmaq üçün bir il vaxt verilir. Daşınmaz əmlaka gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir. Yuxarıda göstərildiyi kimi, bu maddə İrandan ermənilərin kütləvi surətdə Şimali Azərbaycanın İrəvan,Naxcıvan və o cümlədən Qarabağ ərazilərinə köçürülməsini təmin etmək üçün müqaviləyə daxil edilmişdi.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi.
1822-ci ildə Qarabağ xanlığının ləğv edilərkən onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan "Təsvir"də əksini tapmışdır. Hələ bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə etsək, burada əhalinin əksəriyyətini yenə də azərbaycanlılar təşkil edirdi. "Təsvir"ə görə Qarabağ əyalətində olan 20 095 ailədən 15 729-u azərbaycanlı (1 111-i şəhərdə, 14 618-i kənddə), 4 366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3 945-i kənddə). Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) meydana gəlməyə başlamışdı. (Ermənilər sonralar köçürülmə "şərəfinə" Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı.
Şimali Azərbaycanın Qarabağ regionunun xristian əhalisi
Qarabağ regionu əhalisinin xristian dinini qəbul etməsi uzun sürən bir tarixi prosesinnəticəsidir.313-cü ildə Alban hökmdarı Urnayr tərəfindən xristianlığın qəbul edilməsini rəsmən etdikdən sonra bu din Albaniyanın əsasən dağlıq ərazilərində geniş yayıldı.Bunu Qarabağ və Şimali Azərbaycanın Qərb ərazilərində IV əsrdən başlayaraq inşa edilən və bu günədək qalan kilsələr də təsdiq edir.
1. Qarabağın aborigen (yerli) əhalisi digər Şimali Azərbaycan torpaqlarının (Albaniyanın) əhalisi kimi alban tayfaları olmuşdur;
2. IV əsrin əvvəllərində Albaniyanın bəzi yerlərində, o cümlədən burada da xristianlıq dini yayılmışdı;
3. Ərəb xilafətinin Şimali Azərbaycanın işğalı və hökmranlığı dövründə VII-IX əsrlərdə ölkədə İslam dini yayılmış, lakin Qarabağın dağlıq hissəsində yaşayan əhali :alban və qıpçakların bir qismi xristianlıqda qalmışlar;
4. Qarabağın dağlıq hissəsinin xristian əhalisi rus çarı I Pyotra məktubunda özlərini alban adlandırmışdılar. Bu sübut edir ki, onlar hələ XVIII əsrin əvvəllərində özlərini erməni hesab etmirdilər;
5. Çar Rusiyasının regiona müdaxiləsi, ermənilərin digər ölkələrdən Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan ərazilərinə köçürülməsi, 1836-cı il martın 11-də çar I Nikolayın fərmanı ilə bütün xristian kilsələrinin və o cümlədən Tatev monastrının Eçmiədzinə tabe edilməsindən sonra burada erməni amilinin gücləndirilməsinəşərait yaratdı.. Bu siyasət Qarabağın dağlıq hissəsində yaşayan xristian qıpçaq və albanların tarixi taleyində dönüş yaratdı. Onları dini cəhətdən Erməni Qriqoryan Kilsəsındən asılı vəziyyətə saldı.
6. Çar Rusiyası-Qacarlar dövləti müharibələri dövründə (1804-1813, 1826-1828), xüsusilə 1828-ci il Türkmənçay və çar Rusiyası-OsmanlıTürkiyısi müharibələri (1806-1812, 1828-1829) zamanı, xüsusilə 1829-cu il Ədirnə müqaviləsindən sonra İran və Osmanlı dövlətlərindən Şimali Azərbaycanın digər bölgələri ilə birgə Qarabağa ermənilərin kütləvi köçürülməsi qriqorianlaşmış alban əhalisinin erməni dilini və adət-ənənəsini qəbul etməsi başa çatdırmışdı.
Ermənilərin Şimali Azərbaycanda, xüsusilə Qarabağ regionunda azərbaycanlı əhaliyə qarşı soyqırımı cinayətləiyətinin genişlənməsi
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, xüsusilə də Qarabağa köçürülməsi davam etdirilirdi. N.Şavrov məhz buna görə yazırdı (1911) ki, :”Cənubi Qaziyadakı 1,3 mln. erməninin 1 milyondan çoxunu biz köçürmüşük”. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (keçmiş xanlığın sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü. Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. Beləliklə, Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağın iqtisadi həyatında da möhkəmlənə bildilər.
Rusiya imperiyasının ayrı-seçkilik siyasəti, çarizmin dəstəyi və məqsədyönlü siyasəti nəticəsində ermənilərin Şimali Azərbaycanda nail olduqları iqtisadi potensial 1872-ci ildə Bakıda neftli torpaqlar üzərində iltizam sisteminin ləğvi zamanı daha aydın nəzərə çarpmağa başladı; nəticədə neftli torpaq sahələrinin hərracı prosesində azərbaycanlılar cəmi 5%, ermənilər isə 50% -dən çox torpaq sahəsi almışdılar. Bakıda fəaliyyət göstərən 167 neft şirkətindən 55 iri və orta şirkət ermənilərə məxsus idi və s. Ermənilərin mədəni-təhsil səviyyəsinin yüksəldilməsi üçün də hərtərəfli şərait yaradılmışdı. Bütün bunlara baxmayaraq, Qarabağ, onun mərkəzi olan Şuşa şəhəri Azərbaycan xalqının ictimai-siyasi və mədəni mərkəzlərindən biri olaraq qalırdı. Çar hökumətinin və onun əlaltıları olan ermənilərin bütün maneə və müqavimətinə baxmayaraq Qarabağ Azərbaycan türk diyarı kimi inkişaf edirdi.Beləliklə, Çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda açıq şəkildə cinayətkar xarakter daşıyan fəaliyyətə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli — azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu cinayətkar xarakter daşıyan fəaliyyətin mərkəzi Şimali Azərbaycana keçdi.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımlar törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar I Dünya Müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik "Böyük Ermənistan" dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hərbi çevriliş edərək hakimiyyəti ələ almaları ilə (1917, oktyabr) Cənubi Qafqazda yaranan qeyri-müəyyənlik şəraitində — uzun tarixi dövr ərzində şar Rusiyası ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrün əsasını qoydu. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbaycan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu