Sovet hökumətinin Qarabağın ərazisini bölüşdürməsi
Rusiyada Sovet hakimiyyəti möhkəmləndikcə çar Rusiyası sərhədlərinin bərpa edilməsinə başlandı. Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərində möhkəmlənən XI Qırmızı Ordu hissələrinə respublikanın işğalı planını reallaşdırmaq üçün müvafiq əmr və sərəncamlar verildi. Azərbaycan Parlamenti daxilində sovet dövlətini müdafiə edən qüvvələr və Qarabağda erməni-daşnak separatçılarının qaldırdıqları mart qiyamı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi. 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti XI Qırmızı Ordunun süngüləri ilə devrildi, Şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla Qarabağ ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.
Dağlıq Qarabağa muxtariyyət verilməsi: 1920-1923-cü illər
Dağlıq Qarabağ coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı. Bu problemin şərhi üçün əvvəlcə Dağlıq Qarabağın coğrafiyası və "Dağlıq Qarabağ" anlayışı üzərində dayanaq.
Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır. Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır: "Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin yerə aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar tərəfindən meydana gətirildi.
O vaxtdan "Dağlıq Qarabağ" anlayışı yalnız coğrafi deyil, siyasi maraq da kəsb etməyə başladı. Bolşeviklər Şimali Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bu anlayış inzibati-siyasi məna kəsb etməyə başlayır, Azərbaycan-Ermənistan münasibətlərində və ona müdaxilə edən Rusiyanın siyasi leksikonunda əsas anlayışlardan birinə çevrilir. Elə bu zaman Dağlıq Qarabağın coğrafi baxımdan əhatə dairəsində də dəyişiklik baş verir. Yenə A.M.Skibitskinin yazdığı kimi "... Qarabağ yaylası 1923-cü ildə muxtariyyət almış və Muxtar Dağlıq Qarabağ Vilayəti və ya Azərbaycanın yeni sərhədləri daxilində qısaca olaraq Dağlıq Qarabağ adlanmışdır".
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV): yaradılması tarixi, əsas hadisələrinin sinxronlaşdırılması və buradan irəli gələn nəticələr. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının prinsipial məsələlərini müəyyən etmək, daha doğrusu bu prosesi tam aydınlığı ilə təsəvvür etmək üçün əsas hadisələrə mənsubiyyəti üzrə sinxron şəkildə diqqət yetirək.
"RK (b) P MK Qafqaz Bürosu plenumunun iclas protokolundan 5 iyul 1921-ci il
İştirak edirlər: | RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər Komissarı Hüseynov. |
Dinlənildi: | Qərar verildi: |
1. yol. Orconikidze və Nazaretyan əvvəlki Plenumun Qarabağ haqqında qərarına yenidən baxılması məsələsini qaldırdılar | 1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yuxarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilsin. Səs verirlər - 4 lehinə, 3 bitərəf. 2) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin. 3) RKP MK Qafbürosunun Rəyasət Heyətinə Dağlıq Qarabağın Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan MK ilə danışıq aparması tapşırılsın. 4) Azərbaycan MK tərəfindən Dağlıq Qarabağın muxtariyyət həcmi müəyyən edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin. |
RKP MK Qafbürosunun Katibi: Fiqatner." |
Qaynaq: Sov. İKP MK yanında MLİ PAAF. (indi ARDSRİHA), f. 64, siyahı 2, iş 1, v. 118; 122-122ob; К истории образования Нагорно-Карабахский автономной области Азербайджанской ССР, с. 90-91; 92
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarlar Soveti yaradıldıqda yerlərə fövqəladə komissarlar da təyin olundu. Bu əsasla A.N.Karakozov (1890-1938) Dağlıq Qarabağ üzrə fövqəladə komissar təyin olundu. Azərbaycan Sovet hökuməti 1920-ci il 30 apreldə Ermənistan Respublikasına nota verdi və tələb etdi ki, Zəngəzurdan və Qarabağdan öz qoşunlarını çıxarsın. May ayında Qarabağda Sovet hakimiyyətinın qurulması elan olundu.
Bu dövrdə Sovet Rusiyası Qafqazın sovetləşdirilməsi planını həyata keçirməkdə davam edir, yeni sovet dövlətlərinin sərhədlərinin müəyyənləşdirilməsi prinsiplərini irəli sürməklə mövcud və gələcək dövlətlərin fəaliyyətini nəzarət altına almağa cəhd göstərirdi. Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu Qafqaz Cəbhəsi Hərbi-inqilabi şurasına 7 iyul tarixli təlimatında bu məsələyə toxunmuşdu. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə (1920, 29 noyabr) xarici sərhədlərlə yanaşı, sərhədlər daxilində də bölgülərin aparılması kəskinləşdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr teleqramı və 1 dekabr Bəyannaməsində də Qarabağ və onun dağlıq hissəsindən bəhs olunurdu. Bu sənədlərin erməni tarixşünaslığında təhrif edilməsi əsas şəkildə sübut edilmişdir. Bəyannamədə Dağlıq Qarabağın əməkçi kəndlilərinə tam öz müqəddəratını təyinetmə hüququ verildiyi elan edilirdi.
Ermənistan İnqilab Komitəsi isə 28 dekabr Bəyannaməsində Naxçıvana iddiadan əl çəkdiyini bildirirdi. Lakin Ermənistan Qarabağı "əldən vermək" istəmirdi. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində Dağlıq Qarabağ yenidən gündəmə gəldi. Qafqaz Bürosu 3 iyun 1921-ci ildə Dağlıq Qarabağın Ermənistana məxsus olmasının Ermənistan hökumət Bəyannaməsində göstərilməsi barədə qərar qəbul etdi. Ermənistan Xalq Komissarları Soveti isə 12 iyunda bunu dekretləşdirdi. İşlərin belə gedişi Azərbaycanı təmin edə bilməzdi. Tiflisdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Q.Kaminskinin (1895-1938) sədrliyilə keçirilən 27 iyun iclasında komissiyanın işi ilə əlaqədar Azərbaycanın Ermənistanla sərhədi haqqında məsələ müzakirə edildi. Bu iclasda 5 maddədən ibarət qərar qəbul olundu. İlk dəfə burada Dağlıq Qarabağa bəyan edilən öz müqəddəratını təyin etməyə Azərbaycanın baxışı ifadə olundu: " 3. Məsələnin (Dağlıq Qarabağ haqqında) yeganə həlli erməni və müsəlman kütləsinin Sovet quruculuğu işinə geniş cəlb edilməsi (yol. Nərimanovun Bəyannaməsindən aydın olduğu kimi) ola bilər". Problemin həlli haqqında Siyasi Büro və Təşkilat Bürosunun fikrinin Tiflisə çatdırılması Nərimanova həvalə edildi. Nərimanovun Tiflisdə olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri M.H.Hacıyev və xarici işlər naziri M.D.Hüseynovla elə həmin gün birbaşa xətlə danışığı oldu. Nərimanov: "Deyin ki, bu Siyasi və Təşkilat Bürosunun fikridir. Əgər onlar mənim bəyannaməmə istinad edirlərsə, bəyannamədə hərfən belə deyilmişdir: Dağlıq Qarabağa tam azad öz müqəddəratını təyin etmə hüququ verilir".
Hüseynov: "Yaxşı. Hər şeyi çatdıraram. Hər halda deyim ki, bizim qərarımız, şübhəsiz, çox soyuq qarşılanacaqdır". Yenə həmin gün Hüseynov bu barədə Qafqaz Bürosuna məlumat verdi. Bu məsələ üzrə Qafqaz Bürosunun fövqəladə plenumunu çağırmaq, Nərimanov və Myasnikyanı Tiflisə dəvət etmək qərara alındı.
Azərbaycanın ayrılmaz hissəsinə necə "muxtariyyət" verildi: Qafqaz Bürosu plenumunun 1921-ci il 4 və 5 iyul tarixli qərarları. Belə bir zəmində Tiflisdə Qafqaz Bürosu plenumunun iclası keçirildi. Xüsusi əhəmiyyətini nəzərə alaraq Qafqaz Bürosunun 4 iyul axşam və 5 iyul iclas protokolundan çıxarışları olduğu kimi veririk:
Ermənilər Qafqaz Bürosunun 5 iyul tarixli qərarının qəbul edilməsində Stalinin əsas rol oynadığını sübut etməyə çalışır. Əslində, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 4 və 5 iyul iclaslarında Stalinin təzyiqinin nədən ibarət olması faktlarla təsdiq olunmur. Bir sözlə, SSRİ-nin yaradılması (1922, 30 dekabr) ərəfəsindəki mübarizədə özünün "muxtariyyətləşdirmə" planı ilə çıxış edən Stalinin guya sosialist dövlətinin federativ quruluşunun Lenin ideyasını həyata keçirməsi ağlabatan görünmür. Ona görə də məsələ daha dərin və ətraflı şəkildə nəzərdən keçirilməlidir:
1) Mərkəz Qafqaz Bürosunun timsalında hələ SSRİ-nin yaradılmasından, Azərbaycan və Ermənistan SSR-nin ittifaq dövlətində birləşdirilməsindən əvvəl praktik olaraq sərhəd məsələsinə müdaxilə etməklə səlahiyyətli tərəf kimi çıxış etdi. Dağlıq Qarabağ məsələsi üçtərəfli müzakirə məsələsinə çevrildi;
2) Qafqaz Bürosu bu "hüququndan" istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ barəsində elan etdiyi öz müqəddəratını təyinetmə müddəasının təbii-tarixi şəkildə yerinə yetirilməsinə imkan vermədi, onu "geniş vilayət muxtariyyəti" kimi ifadə etdi;
3) Qafqaz Bürosu 4 iyul qərarı ilə Azərbaycana (yəni Dağlıq Qarabağ Ermənistana verilə bilər!), səhəri gün isə bu məsələyə qayıtmaqla Ermənistana təsir göstərmək (yəni Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması təsdiq edilə bilər!) və Mərkəz üçün əlverişli mövqeni təmin etmək istəyirdi, buna da (yəni Dağlıq Qarabağa muxtariyyət verilməsinə) nail oldu. Beləliklə, Qafqaz Bürosu plenumunun 5 iyul qərarından sonra Dağlıq Qarabağ ətrafında hadisələr yeni istiqamət aldı: Qafqaz Bürosu Mərkəz üçün əlverişli qərarı təmin edib, onun reallaşdırılması uğrunda təzyiqlərə başladı. Bununla Azərbaycan SSR özünün ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa məcburi şəkildə muxtariyyət verilməsi nəticəsində yeni şəraitlə qarşılaşdı. Ermənistan isə Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Qafqaz Bürosu ilə Azərbaycan arasında münasibətləri kəskinləşdirməyə, Dağlıq Qarabağa muxtariyyət verilməsilə onun işlərinə qarışmaq imkanlarından istifadə edərək, Dağlıq Qarabağa olan iddialarını həyata keçirməyə çalışdı.
Bu məsələlər kompleks şəkildə nəzərdən keçirilməlidir.
S.M. Kirovun mövqeyində dəyişiklik. 5 iyul qərarı qəbul edildikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən onun həyata keçirilməsinə başlanmalı idi. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin həmin ilin 19 iyul tarixli iclasında Nərimanovun Tiflis səfərinin yekunları bəyənilmiş, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul tarixli iclasında isə muxtar vilayətin konstitusiyasının hazırlanması üçün komissiya yaradılmışdı. Burada bir məsələnin aydınlaşdırılmasına ehtiyac yaranır. Artıq məlum olduğu kimi, 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət verilməsində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həlledici rol ayrılmışdı. Görünür, 1921-ci ilin iyulunda Kirovun Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi rəhbərliyinə gətirilməsində elə bu amil də mühüm rol oynamışdı. Məhz Kirov faktiki olaraq Azərbaycanda rəhbərliyə keçdikdən sonra Dağlıq Qarabağın muxtariyyət verilməsinə rəsmi münasibət dəyişdi və bu proses iki ilədək ləngidi. Ona görə də bu məsələ ətrafında Kirovun mövqeyi və ona təsir edən amillər xüsusi olaraq araşdırılmalıdır. Əgər 4 iyul iclasının protokolundan çıxarışa nəzər salsaq, görərik ki, o zaman Kirov Qarabağın dağlıq hissəsinin Azərbaycanın hüdudlarında saxlanmasının əleyhinə çıxmış (5,a), onun Ermənistanın tərkibinə daxil edilməsinin isə lehinə (5,b) səs vermişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 19 iyul, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 20 iyul iclaslarında və qeyd olunan qərarların qəbulunda Kirov da iştirak etmişdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və Təşkilat Bürosunun 26 sentyabrda bilavasitə Kirovun sədrliyilə keçirilən iclasında onun mövqeyinin əksinə dəyişdiyini görürük. İclasda iştirak edən 9 nəfərdən (Kirov, Nərimanov, Axundov, Qarayev, Əfəndiyev, Stukalov, Mirzoyan, Bünyadzadə, Hüseynov) 7-si Qafqaz Bürosundan Dağlıq Qarabağın ayrılması haqqında qərarın yenidən nəzərdən keçirilməsini xahiş etməyi qərara alır, yalnız 2 nəfər – Nərimanov və Bünyadzadə Qafqaz Bürosunun qərarının qısa müddətdə yerinə yetirilməsinə tərəfdar çıxır. Bu məsələ üzrə materiallar toplamaq üçün komissiya yaradılır. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Təşkilat Bürosu üzvlərinin iştirakı ilə Qarabağın məsul işçilərinin 21 oktyabr konfransına rəhbərlik edən Bünyadzadə də Kirovun mövqeyinə keçir. Belə ki, həmin iclasda Dağlıq Qarabağın muxtar vilayət kimi ayrılması xüsusi qeyddə məqsədəuyğun hesab olunmurdu.
Beləliklə, məhz Kirovun rəhbərliyilə Dağlıq Qarabağın muxtariyyəti məsələsinə yeni münasibətin yarandığı ortaya çıxır. Bu təsadüfi deyildi. Kirov nəinki öz şəxsi mövqeyinin, hətta Qafqaz Bürosunun Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiq etmək əvəzinə ona məcburi muxtariyyət verilməsi haqqındakı qərarının və onun qısa müddətdə həyata keçirilməsi zərurətinin yanlış olduğunu yəqin etmişdi.
Dağlıq Qarabağa muxtariyyət verilməsi dekretləşdiriləndən 4 ay keçdikdən sonra belə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 8 oktyabr 1923-cü ildə Kirovun sədrliyilə keçirilən iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqında qərarın əhali, xüsusilə türklər (azərbaycanlılar) arasında təbliğ olunmasının başa çatdırılmadığı etiraf olunurdu.
Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycana necə qəbul etdirildi? Hadisələrin belə gedişi Qafqaz Bürosunun narahatlığına səbəb oldu və 5 iyul qərarının Azərbaycana qəbul etdirilməsi üçün təzyiqlərə başlandı. Bu iki yolla həyata keçirilirdi. Bir tərəfdən Azərbaycan rəhbərliyi qarşısında tələb qoyulur, digər tərəfdən Dağılq Qarabağın idarəçiliyi bura xüsusi olaraq göndərilən erməni kadrları ilə möhkəmləndirilərək həmin bölgədə Azərbaycanın təsirinin zəiflədilməsinə cəhd edilirdi.
Dağılq Qarabağın muxtariyyətləşdirilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun reallaşdrılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi, Karakazovun İcraiyyə Komitəsinin sədri təyin edilməsi, Şadunsun məsul işə göndərilməsi üçün Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə ezam edilməsi qərara alındı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Dağlıq Qarabağ işləri üzrə Mərkəzi Komissiya (Kirov, Mirzəbekyan, Karakozov) və 7 nəfərdən ibarət Komitə (1922, 15 dekabr-1923, 24 iyul) təşkil edildi. Bütün bunlara baxmayaraq Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etdi. Bu qərar Zaqafqaziya Ölkə Komitəsini təmin etdi. Zaqafqaziya Ölkə Komitəsinin plenumu iyunun 27-də Şaduns və Karakozovun məruzəsi əsasında Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət statusu verilməsinin təmin olunmasını Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə həvalə etdi. İyulun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası Kirovun sədrliyilə Qarabağ haqqında məsələni dinləyərək 6 bənddən (a-e) ibarət qərar qəbul etdi. (Rəyasət Heyətinin adından) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə Dağlıq Qarabağa muxtariyyət vermək, mərkəz Xankəndi olmaqla "Muxtar Qarabağ vilayəti" yaratmaq təklif olundu. Sərhədlərlə bağlı məsələləri müəyyən etmək üçün komissiya (Qarayev – sədr, üzvlər: Karakozov, Sviridov, İldırım və Bünyadzadə) yaradıldı və s.
1923-cü il iyulun 4-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi də eyni məzmunlu qərar qəbul etdi.
Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsi iyulun 7-də M.B.Qasımov (1879-1949) və Ə. M.Xanbudaqovun (1893-1937) imzası ilə "Dağılq Qarabağ muxtar vilayəti yaradılması haqqında" dekret verildi. Dekret preambula, dörd bənd və müştərək komissiya yaradılması haqqında yekundan ibarətdir. Göründüyü kimi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarı ilə dekretin adı arasında fərq vardır, çünki Qarabağın aran və dağlıq hissəsini muxtar vilayət kimi bir yerdə ayırmaq əvəzinə, yalnız Dağlıq Qarabağı ayırmaq qərara alınmışdı. Dekretin "Muxtar Qarabağ" vilayəti deyil, Muxtar Dağlıq Qarabağ Vilayəti adlandırılması diqqəti cəlb edir. Lakin sonralar o, Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılır (işdə dolaşıqlıq yaratmamaq üçün biz də bu ənənəni davam etdirmək məcburiyyətindəyik, amma onu ilk rəsmi sənədlərdə qeydə alınmış mənada qəbul edirik). Dekret ciddi hüquqi sənəddən daha çox, primitiv məzmunu ilə fərqlənir. Preambulada tarixi xronologiya pozulur, faktlar təhrif olunur, Dağlıq Qarabağa muxtariyyət verilməsi zərurəti kifayət qədər əsaslandırılmır. Dekretin birinci bəndində (Образовать из армянской части (?) Нагорного Карабаха автономную область, как составную часть (?) АССР, с центром в местечке Ханкенды") hüquqi-siyasi təhrifə yol verilir. Azərbaycan torpaqlarından Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması və onun Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının təsdiqi əvəzinə, müxtəlif cür təfsir olunan ifadələr işlədilirdi. Üçüncü bənddə isə Sovetlər qurultayı çağırılanadək Müvəqqəti İnqilab Komitəsi yaradılır. Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar verirdi və s. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra!) tarixli iclasının qərarı ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haqqında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə — Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq və müvafiq rəy sorğusu keçirilmədən atılmışdı.
Ermənistanın Dağlıq Qarabağ "formulası"
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsində Ermənistanın mövqeyi də maraq doğurur. Ermənistan ilk dövrdə məsələnin bu şəkildə həlli ilə razılaşmaq istəməmiş, 1921-ci il iyulun 16-da Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul tarixli qərarının onu təmin etmədiyini bildirmiş və Dağlıq Qarabağa iddiasını davam etdirməyə başlamışdı. Lakin sonra Qafqaz Bürosunun ona hədiyyə etdiyi Dağlıq Qarabağa muxtariyyət verilməsini məqsədinə uyğunlaşdırmağa başlamış, Dağlıq Qarabağ uğrunda mübarizə belə bir formula almışdı: Dağlıq Qarabağa muxtariyyət verilməsindən onun Azərbaycanın idarəsi altından çıxarılmasına — Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə doğru! Bu formulanın əsasınında Dağlıq Qarabağda və onun ətrafında erməni şovinizminin gücləndirilməsi dururdu. İş o yerə çatmışdı ki, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi XII qurultayında (1923, 17-25 aprel) K.Radek Azərbaycanda erməni şovinizmindən (aprelin 23-də) bəhs etmişdi. İ.Stalin isə ona qarşı çıxmışdı. Adətən Qafqaz Bürosunun 5 iyul qərarından bəhs etdikdə Stalinlə barışa bilməyən erməni müəllifi burada onun sözlərindən gen-bol iqtibas gətirir. Bu həmin partiya qurultayıdır ki, orada Leninin "Qurultaya məktub"u oxunmuş və orada Stalinin obyektiv xarakteristikası verilmişdi. XII qurultayda seçilmiş Mərkəzi Komitə üzvlərinin repressiyası da məlum faktdır. Ona görə də K.Radekin çıxışı ilə əlaqədar məsələlər də yenidən tədqiq olunmalıdır.
Stalinin timsalında güclü müdafiəyə malik olan ermənilər çox çəkmədən əsl niyyətlərini açıqladılar. Şaduns 13 iyunda Zaqafqaziya Ölkə Komitəsinə yazdı ki, bu muxtar vilayət (Dağlıq Qarabağ) bilavasitə Zaqafqaziya Ölkə Komitəsilə bağlı olmalıdır; "Zaqfederasiyanın rəhbərləri problemin belə alternativ, daha ağıllı həllinə getmədilər". Bununla o, Ermənistanın Dağlıq Qarabağla bağlı sonrakı fəaliyyətinin əsas formulası haqqında yuxarıda söylənənləri çox aydın təsdiq edir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi və onun ətrafında yaranan məsələlərə münasibət Kirovun AK(b) P-nın VI qurultayında (1924, 5 may) yekunlaşdırılır. Onun Dağlıq Qarabağa muxtariyyət verilməsinə olan şübhə və inamsızlığı, hər cümlədə hiss olunur. O həmin qurultayda demişdir: bu məsələni biz, nəhayət (!) həll etdik və şübhəsiz (!) tamamilə düzgün iş gördük. Bu məsələni, əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə (?!) yoxdur. Əslində isə, yuxarıda göstərildiyi kimi, Kirovun bu məsələnin düzgün həll olunduğuna şübhəsi vardı və bu tamamilə əsaslı şübhə idi.
Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistan tərəfindən ələ keçirilməsi, Naxçıvanın digər Azərbaycan torpaqlarından ayrı salınması
Yuxarıda göstərilənlərdən aydın olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycanın tarixi-coğrafi ərazi bölgüsü ənənələrinə sadiq qalaraq Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Qarabağ general-qubernatorluğunda birləşdirmişdi və bu regiona vahid inzibati ərazi kimi baxırdı. Azərbaycan SSR hökuməti də, artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin sonralar, sovet dövründə, müəyyən məqsədlər əsas götürülərək Zəngəzurun Qarabağdan ayrı olması təsəvvürünün yaradılmasına başlandı. Bu həmin torpaqların taleyinin həllində Azərbaycana təzyiqi gücləndirmək məqsədi güdürdü. Hadisələrin sonrakı gedişi göstərdi ki, Sovet Rusiyasının təzyiqi nəticəsində 1920-ci ilin aprelindən noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmasınadək olan dövrdə Zəngəzura münasibətdə mövqe dəyişdi. Azərbaycan İnqilab Komitəsinin Ermənistan Sovet Respublikasına 30 noyabr tarixli teleqramı və 1 dekabr bəyannaməsində ("Nərimanov Bəyannaməsi"), artıq, Zəngəzurun Ermənistana verilməsindən bəhs olunur. Lakin həqiqətdə Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi. Azərbaycanın tarix ədəbiyyatında bu problem kifayət qədər həllini tapmamışdır. Bu məsələ hələlik A.M.Skubitskinin yuxarıda adı çəkilən məqaləsində müəyyən dərəcədə əks olunmuşdur. O yazırdı: "N.Nərimanovun Zəngəzur qəzasını "Sovet Ermənistanının ayrılmaz hissəsi elan edən Bəyannaməsi" ilə bağlı əsaslı bir düzəliş də bu gün diqqətimizdən yayınır. Bu "Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratlarını təyin etmək üçün tam hüquq verilməsi" haqqında Azərbaycan hökumətinin Bəyanatıdır. Bu gün həmin Bəyanat ancaq Muxtar Dağlıq Qarabağ Vilayətinə aid edilir. O vaxtlar isə bütövlükdə Dağlıq Qarabağa və özü də təkcə Azərbaycan sərhədləri daxilində yaşayan ermənilərə yox, həmçinin Ermənistana təklif edilən Zəngəzur qəzasının daxilində kürdlərə muxtariyyət verilməsini nəzərdə tuturdu… Ermənistan İnqilab Komitəsinin sədri Ş.İ.Kasyan… qəzanın kürdlər yaşayan şərq hissəsinin Azərbaycanda qalmasını daha ağıllı və məqsədəuyğun hərəkət saymışdır". Bu baxış Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosu tərəfindən qəbul edilmişdi. Ermənistana verilmiş hissə Zəngəzur adını saxlamış, Azərbaycan SSR inzibati bölgüsündə isə dəyişiklik baş vermişdi.
Azərbaycana vurulan ən ağır zərbə, həyata keçirilən ən böyük düşmənçilik aktı isə bu idi ki, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında əlaqələr kəsildi, Naxçıvan Azərbaycandan ayrı salındı. Digər tərəfdən, bu ermənilərin Naxçıvanla bağlı gələcək məkrli niyyətlərinin həyata keçirilməsi üçün bir hazırlıq xarakteri daşıyırdı.
Qarabağın digər torpaqlarının inzibati bölgüsündə dəyişikliklər
1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Azərbaycanın 1917 və 1921-ci il kənd təsərrüfat siyahıya almalarının materialları əsasında nəşr edilmiş yaşayış məskənləri siyahısında ölkə ərazisi 15 qəzaya ayrılır. Qarabağ ərazisində Cəbrayıl (Karyagin), Cavanşir, Qubadlı (keçmiş Zəngəzur qəzasının bir hissəsi), Şuşa qəzalarının olduğu göstərilir. Göründüyü kimi, bu mərhələdə artıq Zəngəzur qəzasının bölünməsi öz əksini tapır, digər qəzaların əraziləri isə hələlik əvvəlki sərhədləri daxilində qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili nəticəsində Cavanşir, Şuşa və Qubadlı qəzalarının bəzi yaşayış məskənləri ənənəvi inzibati bölgüsündən qoparılaraq onun tərkibinə verildi. Nəticədə yeni inzibati bölgü aparmaq tələbi meydana gəldi. Bu məsələ Dağlıq Qarabağ Muxtar Vilayəti Əsasnaməsini hazırlayan komissiyanın iclasında müzakirə edildi. Aran (düzən) Qarabağın idarə forması və inzibati bölgüsünə dair 3-cü məsələ üzrə belə bir qərar çıxarıldı: Tərkibinə Cavanşir qəzasının aran hissəsi, Şuşa, Qubadlı və Karyagin (Cəbrayıl) qəzalarının daxil olduğu Aşağı Qarabağ Vilayət İcraiyyə Komitəsi yaratmaq, ona RSFSR-in quberniya icrakomları haqqında 1923-ci il əsasnaməsini tətbiq etmək, Aran Qarabağ vilayətinin rayonlaşdırılmasını Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Xüsusi komissiyaya həvalə etmək. Bu iclasda Kürdüstanın idarə forması və inzibati bölgüsü haqqında 4-cü məsələ də müzakirə olundu. Buradan aydın olduğu kimi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığı dövrdə Aran Qarabağın da xüsusi bir inzibati-ərazi vahidində birləşdirilməsi fikri olmuşdu. Lakin az bir vaxt keçdikdən sonra bu fikir dəyişmişdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Daxili işlər naziri İ.Sviridovun imzaladığı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 6 avqust tarixli əmrinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və Kürdüstan qəzaları yaradılmışdı. Həmin sənədə görə Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarının ərazilərinin tərkibi, mərkəzləri, qəza icrakom sədrləri və b. məsələlər müəyyənləşdirilmişdi, Qubadlı qəzası isə ləğv edilmişdi.
Azərbaycan Mərkəzi Statistika idarəsi Azərbaycan SSR-də həyata keçirilən bu və digər inzibati-ərazi bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin sahəsi, əhalisinin milli tərkibi və b. məsələlər üzrə hesablamalar aparmışdı. Həmin hesablamalara görə Qarabağın tarixi ərazisindən (xanlığın sərhədləri üzrə) Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti – 4160,5 kv.km., Cəbrayıl qəzası – 4268,5 kv.km., Ağdam qəzası – 4135,4 kv.km., Kürdüstan qəzası – 3.432,4 kv.km. (cəmi 15 996,9 kv.km.) qalmışdı. Qarabağın tarixi ərazilərindən bir hissə isə Azərbaycandan qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min. kv.km.), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. kv.km.), Tərtər (0,4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.
Dağlıq Qarabağ 1923-1980-ci illərdə
İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək ki, bu "prinsip" əsasında ermənilər kompakt yaşadıqları başqa ölkələrin ərazisində də özlərinə "muxtariyyət" tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. Dağlıq Qarabağ muxtariyyətinin Əsasnaməsini hazırlayan komissiyanın qərarına əsasən onun tərkibinə 170-dən çox yaşayış məskəni verilmişdi.Azərbaycan Mərkəzi Statistika İdarəsinin 1924-cü ilə aid məlumatında isə artıq həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir. Bu faktlar Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.
Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri rayon-volost-kənd pillələri əsasında inzibati baxımdan aşağıdaki kimi bölünmüşdü: 1. Dizaq rayonu. Bu rayonun tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. Vərəndə rayonu. Bu rayonun tərkibində 5 volost (Tağavert, Sus, Çartaz, Noraşen) və 46 kənd var idi. 3. Şuşa rayonu. Şuşa şəhəri və Malıbəyli volostundan (12 kənd) ibarət idi; 4. Xaçın rayonu. Bu rayonun tərkibində 4 volost (Daşbulaq, Əsgəran, Krasnoselsk, Qala dərəsi) və 53 kənd var idi. 5. Ceraberd rayonu. Bu rayonun tərkibində 4 volost (Marquşevan, Orataq, Dovşanlı, Aterk) və 53 kənd var idi. Yeni inzibati-ərazi bölgüsi həyata keçirilərkən DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa. Göründüyü kimi Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə Stepanakertə aid edilir. 1939-cu il avqustun 17-də Ceraberd Mardakert, Dizaq isə Hadrut adlandırılır. Başqa sözlə, Azərbaycan dövləti olan Qafqaz Albaniyası dövrünə aid olan Dizaq, Vərəndə, Xaçın, Ceraberd kimi tarixi-coğrafi adlar unutdurulur və xüsusi məqsədlə Rusiya işğalları dövründə bura köçürülüb gətirilmiş ermənilərə məxsus adlarla əvəz olunur. 1960-cı illərin əvvəllərində rayonların iriləşdirilməsi siyasəti həyata keçirilərkən əsas zərbə Şuşaya vurulur. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilir, onun ərazisi Stepanakert rayonuna verilir. Lakin N.S.Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra inzibati ərazi bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur. 1978-ci ildə Heydər Əliyevin qətiyyəti sayəsində Stepanakert rayonu əsasında Əsgəran rayonu təşkil edilir. SSRİ-nin dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.
Beləliklə, yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə Qərbi Azərbaycanda — köç saldıqları İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.
Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixində ermənilər tərəfindən ən çox saxtalaşdırılan məsələlərdən biri onun əhalisinin say dinamikası və etnik tərkibi ilə bağlı olan məsələdir. Bu barədə erməni müəlliflərinin mövqeyini əyani göstərmək üçün prof.Y.Barseqovun təqdim etdiyi bir cədvələ nəzər yetirək.
Dağılq Qarabağ Muxtar Vilayəti əhalisinin faktik (əhali siyahıya almalar üzrə) sayı və prof. Y.Barsaqovun, guya əhalinin təbii hərəkəti əsasında müəyyən edilmiş "hesablama" sayının müqayisəsi (əvvəlki dövrə nisbətən artıma dair hesablama bizimdir):
İllər | Ermənilər | Azərbaycanlılar | ||
---|---|---|---|---|
faktiki say | hesablama sayı | faktiki say | hesablama sayı | |
1921 | 128 060 | 128 060 | 7 594 | 7 594 |
1939 | 132 800 (3,7%)* | 208 317 (62,7%) | 14 100 (77,2%) | 9 875 (24,1%) |
1959 | 110 100 (-17,1%) | 375 677 (80,3%) | 18 000 (27,6%) | 15 803 (60%) |
1970 | 121 100 (10%) | 517 223 (37,7%) | 27 200 (51,1%) | 22 312(41,2%) |
1979 | 123 100 (1,6%) | 620 238 (19,9%) | 37 200 (36,7%) | 27 176 (21,8%) |
1989 | 731 959 (18%) | 32 548 (19,7%) |
Qaynaq: Barseqov Y. Q. "Право на самоопределение-основа демократического решения межнациональных проблем. К проблеме Нагорного Карабаха". İrəvan,1989, səh.101
Əvvəlki dövrə nisbətən artım.
Y.Barseqov oxucunu çaşdırmaq üçün yalnız mütləq rəqəmləri verir, şərhin daha aydın olması üçün isə nisbi rəqəmlərə ehtiyac vardır. Cədvələ belə hesablamaları əlavə etdikdə onun nə dərəcədə absurd olduğu aşkara çıxır. Bu hansı məntiqə uyğundur ki, 1921-1939-cu illər arasında ermənilərin faktik artımı 3,6% olduğu halda, hesablamalarla 38,5%-ə qaldırılsın, azərbaycanlılarda isə faktik artım 46,1% olduğu halda, hesablamalarla 23,1%-ə endirilsin. Belə yanaşma həqiqətin qəsdən təhrifinə yönəlib və elə kobud şəkildə həyata keçirilib ki, bu oxucunu ələ salmaqdan başqa bir şey deyildir! Biz isə problemi elmi məcraya yönəltmək üçün belə bir hesablamaya müraciət edək.
Ermənilərin Ermənistanda və Y.Barseqovun Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin "hesablama" yolu ilə müəyyən edilmiş sayı üzrə DQMV-də orta sıxlığı və onların müqayisəsi (hər kv.km.-ə):
Ermənilər orta sıxlığı | |||||
---|---|---|---|---|---|
İllər | Ermənistanda (faktiki) |
DQMV-da (Y.Barseqovun hesablamasına görə) | |||
cəmi | Ermənistanla müqayisədə fərq | ||||
1921 | - | 29,1 | - | ||
1926 | 25 | - | - | ||
1937 | 33,8 | - | - | ||
1939 | 35,6 | 47,3 | +11,7 | ||
1959 | 52,1 | 85,4 | +33,3 | ||
1970 | 74,1 | 117,5 | +43,4 | ||
1979 | 91,4 | 141 | +49,6 | ||
1989 | 103,4 | 166,4 | +63 |
Qaynaq: "Всесоюзная перепись населения 1926 г. Закавказская СФСР.т.ХЫВ". М., 1929, səh.11-13; "Вестник статистики", 1990, 7, səh.77; ""Правда" от 2 июня 1939 г; Итоги Всесоюзной переписи населения 1959 г. Армянская ССР. М.", 1963, səh.11, 102-103; "Численность и состав населения СССР. По данным Всесоюзной переписи населения 1979 г. М.", 1984; "Ходжабекян В.Е. Армянская Советская Социалистическая республика. Население союзных республик. М.", 1977, səh.278
Y.Barseqovun hesablamalarının qeyri-elmiliyi elə bir dərəcəyə çatır ki, adından da məlum olduğu kimi 4,4 min kv. km-lik dağlıq ərazidə, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində ermənilərin orta sıxlığı üçün astronomik rəqəmlər irəli sürür! Beləliklə, erməni müəllifləri (daha doğrusu millətçiləri!) tarixi o dərəcədə təhrif edirlər ki, həqiqəti aşkar etmək müşkül bir işə çevrilir. Həqiqətdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikasının real vəziyyəti aşağıdaki kimi olmuşdur.
1926-1988-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin say dinamikası:
İllər | Əhalinin sayı, min nəf. |
Əvvəlki dövrə görə artım | Dövr ərzində orta illik artım, faizlə |
|
---|---|---|---|---|
min nəf. | faizlə | |||
1926 | 125,3 | - | - | - |
1939 | 150,8 | 25,5 | 20,4 | 1,45 |
1959 | 130,4 | -20,4 | -13,5 | -0,7 |
1970 | 150,3 | 19,9 | 15,3 | 1,3 |
1979 | 162,2 | 11,9 | 8,1 | 0,85 |
1988 | 182,4 | 20,2 | 12,5 | 1,3 |
Qaynaq: "Самедзаде З. Нагорный Карабах: неизвестная правда (О некоторых аспектах социально-экономического и демографического развития региона)". Bakı, 1995, səh. 31
Rəsmi sovet əhalisinin siyahıya alınmalarının (1989-cu il istisna olmaqla) nəticələrinə əsaslanan yuxarıdakı cədvəl real vəziyyəti daha doğru əks etdirir və erməni müəlliflərinin xüsusi məqsədlə uydurduqları (daha doğrusu şişirtdikləri!) qondarma rəqəmlər onları təkzib edə bilməz.
İndi də Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibinə keçək.
Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin etnik tərkibi (əhali siyahıyaalmaları üzrə; min nəfərlə):
Etnik tərkib | 1939 | 1959 | 1970 | 1979 | ||||
---|---|---|---|---|---|---|---|---|
mütləq | % | mütləq | % | mütləq | % | mütləq | % | |
Bütün əhali | 150,8 | 100 | 130,4 | 100 | 150,3 | 100 | 162,2 | 100 |
Ermənilər | 132,8 | 88,1 | 110,1 | 84,4 | 121,1 | 80,5 | 123,1 | 75,9 |
Azərbaycanlılar | 14,1 | 9,4 | 18,0 | 13,8 | 27,2 | 18,1 | 37,3 | 23,0 |
Ruslar | 3,2 | 2,1 | 1,8 | 1,4 | 1,3 | 0,9 | 1,3 | 0,8 |
Qaynaq: "Достижения Нагорного Карабаха в девятой пятилетке. Стат. сб. Степанакерт", 1976, səh.8, Səmədzadə Z., səh.31
SSRİ-nin dağılması ərəfəsində keçirilən 1989-cu il əhali siyahıyaalması dövrün təsirinə məruz qalsa da, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmin siyahıyaalmanın materialları əsasında Dağlıq Qarabağ Muxtar Vilayətinin etnik xəritəsini çap etdirmişdir. Həmin xəritədən aydın olduğu kimi 1989-cu il sovet əhali siyahıyaalmasının yekunlarına görə Dağlıq Qarabağ Muxtar Vilayətinin 187,8 min nəfərlik əhalisinin 145,4 mini (77%) erməni, 40,3 mini (21,5%) azərbaycanlı olmuşdur.
Göründüyü kimi, 1939-1979-cu il əhali siyahıyaalmalarına görə Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisi içərisində azərbaycanlıların sayı müəyyən dərəcədə artmışdır. Bu erməni separatçılarının təqiblərinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına bağlılığı və onların içərisində təbii artımın üstün olması ilə əlaqədar olmuşdur. Ermənilərin isə, əksinə, miqrasiyaya meyilli olmaqları ilə bərabər, təbii artımları da aşağı olmuşdur. 1989-cu il əhali siyahıyaalması ərəfəsində Mərkəzdən bütün vasitələrlə himayə olunan erməni separatçılarının vilayətin etnik tərkibində azərbaycanlıların sayını süni şəkildə azaltmaq cəhdləri isə azərbaycanlıların nisbi sayının 23%-dən 21,5%-ə endirilməsinə səbəb olmuşdur.
Dağlıq Qarabağın bir tərəfdən Azərbaycanın, tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı bu diyarın sovet hakimiyyəti illərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni "ideoloqları" və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika idarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır. Sonralar məhz həmin Stepanakert bu nəşrlərə göz yummağa çalışmışdır. Halbuki onlara göz yummaq deyil, daha diqqətlə yanaşmağa böyük ehtiyac vardır. Statistik məcmuələrdən biri muxtar vilayətin yaranmasından keçən 40 il ərzində (1923-1963) mədəniyyət, iqtisadiyyat, səhiyyə və s. sahələrdəki vəziyyət barədə yazmışdır: İnqilaba qədər (yəni 1917-ci il Oktyabr çevrilişinədək) Dağlıq Qarabağda orta ixtisas təhsilli müəssisələr, kütləvi kitabxanalar, teatrlar yox idi. Şuşa şəhərində yalnız üç xüsusi mədəni-maarif müəssisəsi və bir xüsusi kinoteatr var idi. Hazırda Dağlıq Qarabağ Muxtar Vilayətində min nəfər şagirdin təhsil aldığı beş xüsusi orta təhsil müəssisəsi vardır. 930 min nüsxədən çox kitab fondu olan 164 kitabxana fəaliyyət göstərir. Kütləvi kitabxanalardan 150-si kənd yerlərindədir, onların kitab fondu 630 min nüsxəyə çatır. Stepanakert şəhərində M.Qorki adına Erməni Dövlət dram teatrı, Dövlət mahnı və rəqs ansamblı vardır. Vilayətdə 176 klub müəssisəsi vardır… Dağlıq Qarabağ elmi müəssisələrə də malikdir… Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasının ilk günündən ana dilində (erməni dilində) "Sovetakan Karabax" qəzeti çap olunur. Kənd təsərrüfatından bəhs olunarkən Dağlıq Qarabağın xış diyarından traktor və kombayn diyarına çevrildiyi təsdiq olunur. 1963-cü ilin əvvəllərində Dağlıq Qarabağın kənd təsərrüfatında 1,4 min ədəd traktor, 224 kombayn, 670 yük avtomobili və minlərlə digər müasir kənd təsərrüfat maşını olduğu göstərilir. 40 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətinin sənaye potensialının reallaşdırılmasında da xeyli iş görülmüşdü. 1940-cı ilə nisbətən 1962-ci ildə bütün sənayenin ümumi məhsulu 341%, elektrik enerjisi 945 % və sairə artmışdı. 1960-cı illərin ortalarından sonra da vilayətin sosial-iqtisadi həyatı dinamik inkişaf etmişdi.
1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərin müqayisəsi həmin dövrdə muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki, 1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə 387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 (!) idi və i.a. Sosial inkişafa dair göstəricilərə gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-də 86,2, Azərbaycan SSR-də 97,7 olduğu halda Dağlıq Qarabağ Muxtar Vilayətində 101,7 idi və s. Hətta, erməni separatçılarının Mərkəzdəki himayəçilərinin xüsusi cidd-cəhdləri nəticəsində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi 1988-ci il 24 mart tarixli qərarının preambulasında da vilayətdə sosial və iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlər xüsusi qeyd edilirdi.
Separatçıların uydurduqları saxta məlumatların baş alıb getdiyi dövrdə də Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi vəziyyətinə dair faktları olduğu kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarmaqdan çəkinməmiş, əksinə mövcud vəziyyətin daha da aydınlaşdırılmasında maraqlı olmuşdu. Buna görə də 1988-ci ilin gərgin mart günlərində Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatını İdarəetmə institutunda Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı: problemlər və perspektivlər mövzusunda "dəyirmi stol" təşkil edilmiş, onun materialları çap olunub geniş ictimaiyyətə çatdırılmışdı. Buna görə də həmin faktları burada sadalamağa ehtiyac görmürük. Yalnız həmin "dəyirmi stol"da SSRİ Elmlər Akademiyasının akademiki, "Əsas fondlar, kapital qoyuluşu və yeni texnikanın iqtisadi səmərəliliyi" problemi üzrə elmi şuranın milliyyətcə erməni olan sədri T.S.Xaçaturovun müzakirələrin sonundakı çıxışına diqqəti yönəltmək istəyirik. O, real vəziyyəti təsdiq edərək demişdir: Dağlıq Qarabağın məhsuldar qüvvələrinin daha da inkişafına dair məsələlər üzrə həmkarlarımla fikir mübadiləsi etmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, mən bu məsələ üzrə kifayət qədər tam informasiyaya malik deyildim və bizim söhbətimiz bu boşluğu müəyyən qədər doldurmağa imkan verdi. Göründüyü kimi, iqtisadçı(!) akademik T.S.Xaçaturov belə mühüm məsələdə kifayət qədər informasiyası "olmadığını" etiraf edir. Belə olduğu halda, digərlərindən bəhs etməyə dəyərmi?! Əslində isə Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda mübarizədə erməni separatçılarına real vəziyyəti əks etdirən informasiya deyil, əksinə informasiyasızlıq lazım idi.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq fəaliyyətini dayandırmadılar. Erməni "siyasətçilərinin" susduqları dövrdə yazıçılar, şairlər və başqa zümrədən olanlar strateji məqsədin-separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu "siyasətçilər" onları qabağa verdilər (bu erməni separatçılığının "tarixi" ənənəsidir!). Tanınmış erməni yazıçısı M.Şaginyan (1888-1982) Dağlıq Qarabağa muxtariyyət verilməsindən az sonra "Dağlıq Qarabağ" adlı kitabça (1927) çap etdirdi. Bu "kitabçada" tarixi həqiqəti açıq-aşkar təhrif etdi; Ümumittifaq oxucusuna saxta və tendensiyalı məlumat verdi: "Нагорный Карабах страна армянская..." (с.3); "Нагорный Карабах – феодальная область, дворянский кусочек(?) Армении" (с.5) və i.a.
1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermənilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. 1945-ci ilin noyabrında Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi Qr.Arutinov İ.Stalinə müraciət edərək Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti adı altında Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətnini Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi katibi G.M.Malenkov 1945-ci il 28 noyabrda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinın birinci katibi M..Bağırova göndərdi. Malenkov Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qaldırdığı məsələyə öz rəyini bildirməsini ona təklif etdi. Bağırov bununla əlaqədar 1945-ci il dekabrın 10-da cavabını Moskvaya bildirdi. Bağırov cavabında yazırdı: "Tam məxvidir. Malenkov yoldaşa.
Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutinov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur. 1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə bütün Qarabağın təsərrüfat-siyasi həyatına rəhbərlik vahid Vilayət İnqilab Komitəsi tərəfindən həyata keçirilirdi. 1923-cü ildə Qarabağın əsasən ermənilərin məskunlaşdığı dağlıq hissəsinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistan SSR ilə ümumi sərhədlərinin olmaması və Ermənistandan yalnız azərbaycanlıların yaşadığı Qubadlı, Laçın, Kəlbəcər və Dəstəfur rayonları ilə ayrılması səbəbindən, partiya orqanlarının göstərişi əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli dekreti ilə mərkəzi Xankəndi, indi Stepanakert adlanan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir.
Azərbaycanda Sovet hakimiyyəti illərində Dağlıq Qarabağda vilayətin təsərrüfat-siyasi və mədəni inkişafı sahəsində böyük işlər görülmüşdür. Bu inkişafın ən parlaq nümunələrindən biri – DQMV-ın hazırkı mərkəzi Stepanakert şəhərinin başlı-başına buraxılmış və dağıdılmış bir kənddən Azərbaycanın ən gözəl, abad və mədəni şəhərlərindən birinə çevrilməsidir. Azərbayan SSR-nin bütün ali təhsil məktəbləri və texnikumları tələbələrinin 20,5%-ni əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətindən olan ermənilər təşkil edir. Respublikanın partiya, sovet, təsərrüfat rəhbərləri — Azərbaycan K(b)P MK-nın katibləri, müavinləri, xalq komissarları, xalq komissarları müavinləri və s. arasında Dağlıq Qarabağdan olan yoldaşlar da az deyildir.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik. Şuşa şəhəri bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə müstəsna rol oynamışdır. Ən qaniçən fatehlərdən biri, Zaqafqaziya xalqlarının cəlladı Ağa Məhəmməd şah Qacar məhz Şuşada öldürülmüşdür. Azərbaycan xalqının zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları onunla bağlıdır. Eyni zamanda ÜİK(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Bu rayonların mədəni və iqtisadi cəhətdən son dərəcədə geridə qalmasını nəzərə almaqla, bunların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b)P MK-dan yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 000 nəfər olduğu halda cəmi 9000 gürcü-inqiloyun yaşamasına baxmayaraq biz bu məsələyə etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-in demək olar yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-in keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyası tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK(b)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik.
Azərbaycan K(b)P MK katibi M.C.Bağırov
10 dekabr 1945-ci il
№ 330, Bakı şəhəri ".
Bu cavab bir sıra tədqiqatçıların diqqətini cəlb etmiş və onun barəsində müəyyən mülahizələr söylənmişdir. Lakin buna yenidən qayıtmağa ehtiyac vardır. Bu sənəddə diqqəti çəkən məsələlər hansılardır?! Hər şeydən əvvəl: 1) O zamankı partiya bürokratiyası şəraitində Malenkovun təklifi kimi mürəkkəb məsələyə qısa müddətə cavab verilməsi diqqəti cəlb edir. Bu göstərir ki, belə bir təklif Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi üçün gözlənilməz olmamışdır. 2) Mətnin siyasi, elmi-tarixi və tekstoloji təhlili də zəruridir. Bunların üzərində ləngimədən bir vacib məqama diqqət yetirək. Buradan aydın olur ki, bəzən iddia olunduğunun əksinə olaraq, Azərbaycan rəhbərliyi belə bir problemdən heç zaman qaçmamış, əksinə ən yüksək səviyyədə onun müzakirəsinə və konkret təkliflərlə çıxış etməyə hazır olmuşdur və s. Məhz belə bir əsaslandırılmış mövqe o zaman Moskvanı Azərbaycana təzyiqdən çəkindirmişdi. Bununla belə, Ermənistan rəhbərliyi məqsədindən əl çəkməmiş, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dən — öz ata-baba torpaqlarından kütləvi surətdə deportasiyasına nail ola bilmişdi.
Lakin ermənilər bununla da Dağlıq Qarabağ ilə bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin "imzaladığı" petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri "fəaliyyət" uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi.
1984-cü ildə İrəvanda Z.Balayanın "Oçaq" kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu əhval-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi "aşkarlıq və yenidənqurma" şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.
Dağlıq Qarabağ Muxtar Vilayəti və Qarabağın aran (düzən) hissəsinin inkişafına ümumi bir baxış
Özünün bütün əvvəlki tarixi dövrlərində Qarabağ Azərbaycanın vahid təbii-coğrafi regionu kimi iqtisadi və siyasi inkişafına, oxşar adət-ənənələrinə, həyat tərzinə və məişətinə görə bir-birini tamamlayan tarixi vilayət olmuşdur. Lakin Qarabağın Dağlıq hissəsinə — Dağlıq Qarabağa muxtariyyət verilməsi ilə vəziyyətdə köklü dəyişiklik əmələ gəldi.
Dağlıq Qarabağ Muxtar Vilayəti onun üçün yaradılmış müstəsna şərait nəticəsində inkişaf etmiş aqrar-sənaye bölgəsinə, Qarabağın azərbaycanlılar yaşayan aran rayonları və digər rayonlar isə onun xammal bazasına çevrilməyə başladı. Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı azərbaycanlılar yaşayan rayonlar əsasən pambıq istehsalı ilə məşğul olmağa istiqamətləndirildi, emaledici sənaye sahələrinin inkişafı geri qalmağa başladı. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətində həyat səviyyəsinin Qarabağın digər rayonlarına nisbətən sürətlə yüksəlməsinə səbəb oldu. Kurort-istirahət mərkəzlərinin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşməsi də aran rayonların əhalisinin yay dövründə buraya yönəlməsinə səbəb oldu və Dağlıq Qarabağın iqtisadiyyatını daha da inkişaf etdirdi. Bu da külli miqdarda vəsaitin Dağlıq Qarabağ Muxtar Vilayəti büdcəsinə daxil olmasına gətirib çıxarırdı. Bütün regionda yeganə ali məktəb — Pedaqoji İnstitut da Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə idi
Tarixi Qarabağın başqa rayonlarından fərqli olaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin əldə etdiyi iqtisadi üstünlük muxtar vilayət statusunun siyasi üstünlüyünün artması ilə də müşayiət olunurdu. Azərbaycanlı-müsəlman əhalinin yaşadığı aran rayonları əsasən xristian-ermənilərin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən sovet rejiminin təzyiqlərinə, ayrı-seçkiliyə daha çox məruz qalırdı.
Bütün bunlar Moskvadan və Ermənistan SSR-dən kömək alan Dağlıq Qarabağ ermənilərinin etnik eqoizmini artırır, azərbaycanlılara qarşı açıq həqarət mühiti yaradırdı. Beləliklə, 1905-1906 və 1918-1920-ci illərdə olduğu kimi, xüsusi mərkəzlərdən idarə edilən ermənilər daha yaxşı təşkil olunurdu. Əlaltdan ermənilərin sürətlə silahlandırılması da həyata keçirilirdi. Bu amillər başqa şərtlərlə birlikdə, sonralar Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı digər rayonların Ermənistanın hərbi qüvvələri və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları tərəfindən işğalında həlledici faktorlardan oldu.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu