AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Şəffaflıq bizim uğurumuzun əsas səbəblərindən biri olacaqdır.
Bu bizə imkan verəcək ki, gələcəkdə neftdən əldə olunan gəlirlər
səmərəli idarə olunsun və hər bir Azərbaycan vətəndaşı bunu
öz gündəlik həyatında hiss etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. Fəaliyyətə başladığı vaxtdan etibarən Neft Fondu qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirmiş, bu öhdəlikləri layiqincə yerinə yetirmişdir. Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması təşkil edir. Fondun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdırsa, digəri, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir.

Neft Fondu yaradılarkən dünyanın bir sıra dövlətlərində bu cür qurumların təcrübəsindən, beynəlxalq maliyyə təşkilatlarının məsləhətlərindən istifadə olunmuş, eyni zamanda yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınmışdır.

Qeyd edilməlidir ki, bugünkü nəsillərin ehtiyacları üçün istifadə olunan və gələcək nəsillər üçün ehtiyat şəklində toplanan valyuta vəsaitləri arasında optimal balansın təmin edilməsi məsələsi Azərbaycan dövlətinin qarşısında duran başlıca vəzifələrdən biridir.

2019-cu il sentyabrın sonuna Fondun aktivləri 10,4% artaraq 42,5 milyard ABŞ dollarına bərabər olmuşdur.

Neft Fondunun mühüm nailiyyətlərindən biri də onun vəsaitlərin idarə edilməsi sahəsindəki fəaliyyətidir. Fond fəaliyyət göstərdiyi dövr ərzində vəsaitlərin idarə edilməsində daim müsbət gəlirlilik nümayiş etdirmişdir. Bununla yanaşı, 2012-ci ildən etibarən yeni maliyyə alətlərinə investisiyaya başlamışdır ki, bu da Fondun investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədini daşıyır.

AR Prezidentinin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə Neft Fondunun “Valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalara” dəyişikliklər edilmiş və Fondun Yeni İnvestisiya Siyasəti qəbul edilmişdir. Yeni investisiya siyasətinə uyğun olaraq Fondun investisiya portfelinə yeni maliyyə alətləri — səhmlər, qızıl, daşınmaz əmlak daxil edilmişdir. Belə ki, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dollarında ifadə olunan aktivlərdə, 40%-i AVRO-da ifadə olunan aktivlərdə, 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərdə saxlanılır. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin qalan 5 faizi Böyük Yeddilər, Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Neft Fondunun vəsaitlərindən ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə bir sıra mühüm layihələrin maliyyələşdirilməsi də həyata keçirilib və hazırda ölkə əhəmiyyətli bəzi layihələrin maliyyələşdirilməsi davam edir.

Dövlət Neft Fondundan ayrılan vəsaitlər:

1.Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (2006-cı ildə başa çatıb) – 297,9 mln. manat

2.Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli – 2 102,7 mln. manat

3.Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi (2011-ci ildə başa çatıb) – 779,6 mln. manat

4.Samur-Abşeron kanalının rekonstruksiya edilməsi –1 379,6 mln. manat

5.Dövlət büdcəsinə transferlər – 77 617,0 mln. manat

6.Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi (2006-cı ildə başa çatıb) – 90,0 mln. manat

7.“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsi – 572,4 mln. manat

8.“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə - 205,4 mln. manat

9.AÇG üzrə layihədə ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi – 87,6 mln. manat

10.“STAR” neft emalı kompleksinin tikintisi – 1 663,3 mln. manat

11.“Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi – 1 530,3 mln. manat.