VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.
Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.
Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən islam dinini qəbul etmiş albanlar; bir də, azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian əhali, o cümlədən islam dinini qəbul etməmiş albanlar. Elə bu vaxtdan da erməni və gürcü kilsələrinin Albaniyanın qərbində yaşayan xristian-alban əhalini öz dini-siyasi və etnik təsir dairələrinə salmaq uğrunda mübarizəsi daha da gücləndi. Azərbaycan islamla xristianlıq arasında ən kəskin qarşıdurma məntəqəsinə çevrildi. Zaman keçdikcə, Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin xristian-alban əhalisi qriqoryanlaşdırılmağa və erməniləşdirilməyə başladı. Azərbaycanın şimal-qərb torpaqlarında yaşayan xristian-alban əhalini isə gürcü kilsəsi öz təsir dairəsinə salmağa çalışırdı.
Beləliklə, Albaniyada baş vermiş dini ayrılıq nəticəsində erməni və gürcü feodallarının Azərbaycana qarşı ərazi iddiaları dövrü başlanırdı. Qonşuların yeritdiyi siyasətin mahiyyəti belə idi: xristian albanları əvvəlcə erməni və gürcü kilsələrinin təsiri altına salmaq, sonra erməniləşdirmək və gürcüləşdirmək, daha sonra isə onların yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək.
Xilafət dağıldıqdan sonra — IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.
Bəhs olunan dövrdə Azərbaycanın şimal-qərbində — islamın sərhəd şəhəri olan Tiflisə qədərki Azərbaycan torpaqlarında isə Şəki dövləti meydana gəldi. Şəkidən qərbdə paytaxtı Tiflis olan daha bir müsəlman dövləti — Tiflis müsəlman əmirliyi də vardı. Şəki hakimləri Albaniya hökmdarı titulunu daşıyır və Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər. Digər Azərbaycan dövlətlərindən fərqli olaraq Şəki dövlətinin ərazisi islamla xristianlıq arasında kəskin qarşıdurma məntəqəsinə çevrilmişdi. Bu Azərbaycan dövlətinin ərazisində xristianlıqla yanaşı, islam dini də yayılmışdı və onun təsir dairəsi getdikcə genişlənməkdə idi. Şəki hakimləri çox mürəkkəb şəraitdə, gürcü feodallarının xristian albanları gürcüləşdirmək məqsədi güdən işğalçılıq yürüşlərinə qarşı mübarizə aparır, Azərbaycan torpaqlarının şimal-qərb sərhədlərini uğurla qoruyub saxlayırdılar. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.
Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda türk dili artıq bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin — Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi.
Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Sacilərin Bizans imperiyası tərəfindən himayə olunan erməni və gürcü feodallarını məğlub edərək özlərindən asılı hala salmaları Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunub saxlanılmasında, ölkə ərazisində etnik-siyasi birliyin daha da möhkəmlənməsində mühüm rol oynadı. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud" dastanları, demək olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı.
"Kitabi-Dədə Qorqud" qəhrəmanlıq eposudur, özü də bir cəngavər, bir igid haqqında yox,
bütöv bir xalqın qəhrəmanlığını özündə cəmləşdirən bir eposdur. Onun ən böyük
ideyası baş sərkərdədən tutmuş, böyükdən kiçiyə kimi bütün qəhrəmanlarının doğma
torpaqlarını qorumaq uğrunda canlarından keçməyə daim hazır olduqlarını
göstərməkdir. Eposun əsas mahiyyətini qəhrəmanlıq ideologiyası təşkil edir.
Ölkəmizin yaşadığı bugünkü mərhələdə xalqımızın qarşısında duran ən ümdə
problemlərin həlli, o cümlədən respublikanın suverenliyinin və müstəqilliyinin
möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması baxımından müasir
Azərbaycan Respublikası vətəndaşlarının bu qəhrəmanlıq ideologiyasından
faydalanmasının nə dərəcədə vacib olduğu gün kimi aydındır.
Heydər Əliyev
Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
İslam dini, eyni zamanda Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin — həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.
Məhz bunun nəticəsində Ərəb xilafətinin zəifləməsindən istifadə edən erməni, gürcü və Bizans təcavüzkarlarından ibarət vahid xristian blokunun Azərbaycan torpaqlarını işğal etmək planları puça çıxdı. Xəzər dənizi vasitəsilə tez-tez basqınlar edən slavyan-rus müdaxiləçiləri də Azərbaycanda möhkəmlənə bilmədilər. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin-islamın ölkə əhalisinin qaynayıb-qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.
Bununla belə, Ərəb xilafətinin tənəzzülündən sonra yaranmış Azərbaycan dövlətlərindən heç birinin uzun tarixi dövr ərzində ölkənin bütün ərazisini əhatə edən vahid, davamlı və qüdrətli dövlətə çevrilə bilməməsi nəticəsində ölkədə uzun sürən siyasi sabitlik də yaranmadı. Bu zaman Xilafətin zəifləməsindən istifadə edərək islama qarşı vahid cəbhədə birləşmiş Bizans imperiyası, erməni və gürcü feodallarından ibarət vahid xristian bloku özünün bütün zərbəsini Azərbaycana qarşı çevirdi. Məhz bu dövrdə — XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Azərbaycan növbəti oğuz-türk dövlətinin — Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.
Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslanın Məlazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın etməsilə türk-islam birliyi Azərbaycanı ələ keçirməyə çalışan xristian bloku (Bizans imperiyası, erməni və gürcü feodalları) üzərində qəti qələbə çaldı. Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək siyasəti və bu xristian dövlətinə arxalanaraq Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü feodallarının qəsbkarlıq planları puça çıxdı.
Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı. Xristian amili, ümumiyyətlə, Cənubi Qafqazda tənəzzülə uğradı.
Səlcuq axınları nəticəsində oğuz türkləri, ümumiyyətlə türklük, bütün Cənubi Qafqazda və Ön Asiyada, qəti olaraq, başlıca etnik-siyasi amilə çevrildi. Türk-islam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan sonrakı tarixində uzun müddət müəyyənedici rol oynadı.
Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar. Eyni kökdən olan və islamı qəbul etmiş oğuz-səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar.
Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qeyri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və anlaşıqlı Azərbaycan türk dili məhdud dairədə fəaliyyət göstərən xırda-məhəlli dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının — ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan türk dilində nadir yazılı ədəbi nümunələrin meydana gəlməsi üçün zəmin yaratdı.
…Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən
iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar
dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əcdadlarımız
ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq,
özünəməxsus zəngin mədəni-mənəvi irsyaratmışlar. Bunu istər Azərbaycan
ərazisində arxeoloji qazıntılar nəticəsindətapılmış abidələr, istərsə də, bu günümüzə
qədər gəlib çatmış şifahi xalq ədəbiyyatıvə yazılı ədəbi irsimiz sübut edir.
Heydər Əliyev
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.
Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycanın dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Sənətkarlıq, ticarət, elm və mədəniyyət daha da inkişaf etdi. Daxili və xarici ticarət əlaqələri genişləndi. Mədrəsələr açıldı, məscidlər, nadir memarlıq abidələri ucaldıldı. Azərbaycan İntibah mədəniyyəti özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı.
Beləliklə, Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. Azərbaycan uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük türk-islam imperiyalarının bir çoxunu məhz Azərbaycan-türk sülalələri idarə edirdilər.
XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.
Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.
Uzaqgörən dövlət xadimi ölkənin iqtisadi qüdrətini artırmaq üçün xəzinəyə vergi ödəyən əhalinin vəziyyətini yaxşılaşdırmağa, oturaq təsərrüfat sahələrini inkişaf etdirməyə, dövlət məmurlarının özbaşınalığına və iri tayfa başçılarının hərbi-siyasi müstəqilliyinə son qoymağa çalışırdı. Uzun Həsən məmləkətdə məzhəb ayrılığının baş verəcəyini və bunun dövlətin qüdrətinə, ölkənin etnik-siyasi birliyinə mənfi təsir göstərəcəyini irəlicədən görürdü. Buna görə də bacısını Şeyx Cüneyd Səfəviyə, qızını isə Şeyx Heydər Səfəviyə verməklə məmləkətdə yaxınlaşmaqda olan məzhəb parçalanmasının qarşısını almağa, ağqoyunlularla səfəvilər arasında barışıq yaratmağa çalışırdı. Dünya hərb sənətində baş verən dəyişiklikləri diqqətlə izləyən görkəmli sərkərdə güclü nizami ordu yaratmağa çalışır, muzdla xidmət edən piyada qoşunların sayını artırır, odlu silahlar istehsalına başlamaq və güclü artilleriya yaratmaq üçün hazırlıqlar görürdü. Bu məqsədlə o, İtaliyadan toptökən ustalar və hərbi mütəxəssislər dəvət etmişdi.
Görkəmli dövlət xadimi elmin, maarifin inkişafına xüsusi diqqət yetirirdi. O, dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırtmışdı.
Uzun Həsən dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artmışdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı şərq ölkələrindən başqa Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratmışdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası — o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə — Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl
Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və
dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə
məqsədinə çevirmişdir.
Heydər Əliyev
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.
Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.
Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi.
Şah sarayında Ali məşvərət məclisi və ya Ali səltənət şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi.
Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı.Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı.
Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan ağqoyunlular dövründə olduğu kimi, səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə — xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi.
Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.
Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Rusiya tərəfindən ərazi vədləri ilə şirnikləndirilərək hərbi əməliyyatlara başçılıq edən erməni və gürcü mənşəli generallar əllərinə düşmüş fürsətdən istifadə edərək Azərbaycanın dinc əhalisinə qarşı dəhşətli soyqırımları törətdilər.
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı"). Geridə qalmış şahlıq rejiminin hakimiyyəti altına düşmüş Cənubi Azərbaycandan fərqli olaraq, Şimali Azərbaycan Rusiyanın və onun vasitəsilə bütün Qərbi Avropanın nisbətən qabaqcıl mədəni-iqtisadi inkişaf məcrasına daxil oldu.
Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı.
1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri
Azərbaycanı, onun tarixi torpaqlarını parçaladı, xalqımızı iki yerə böldü.
Heydər Əliyev
Rusiya Şərqə doğru daha da irəliləmək, isti dənizlərə yol açmaq üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yeritməyə başladı. Bunun üçün ilk növbədə Cənubi Qafqazın xristian əhalisinə - başlıca olaraq İrandan və Türkiyədən köçürülmüş ermənilərə, həmçinin gürcülərə arxalandı, Azərbaycanın xristian-alban əhalisindən istifadə etdi. Yerli müsəlman əhalinin zorla xristianlaşdırılmasına başlandı.
Beləliklə, Bizans imperiyasından sonra yeni bir xristian dövlətinin — Rusiyanın regionda geniş işğallara başlaması ilə Cənubi Qafqazda xristian amili yenidən dirçəldildi. Rusiyadan Azərbaycan ərazisinə xristian əhalinin köçürülüb gətirilməsinə cəhd göstərildi.
İlk zamanlar bu siyasət baş tutmadıqda Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında — keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Ölkənin şimal-qərbində — Gürcüstanla həmsərhəd olan ərazidə isə xristianlaşdırma siyasətinə gürcü kilsəsi cəlb olundu. Bundan istifadə edən gürcü feodalları Rusiya müstəmləkəçilərinin fəal köməyi ilə çoxdankı arzularını - yerli müsəlman əhalinin pravoslavlaşdırılması və gürcüləşdirilməsi planlarını həyata keçirməyə başladılar.
Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı. Lakin çarizmin və onun əlaltılarının bu qəddar müstəmləkəçilik siyasəti yerli əhalinin inadlı müqavimətinə rast gəldi. Bununla belə, müstəmləkəçilər Azərbaycan bəylərinin müsadirə olunmuş torpaqlarını paylamaq və geniş imtiyazlar vermək hesabına bəzi alban-ingiloy kəndlərini dinlərindən döndərib xristianlaşdıra bildilər. Bununla kifayətlənməyən müstəmləkəçilər qədim alban kilsələrini pravoslav kilsələrinə çevirdilər və bölgədə addımbaşı yeni kilsələr tikdirdilər. Azərbaycanın bu bölgəsinin xristianlaşdırılması siyasəti bilavasitə Qafqaz canişininin öz nəzarəti və iştirakı ilə həyata keçirilirdi.
Eyni zamanda yerli əhalinin xristianlaşdırılması ilə yanaşı, Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsinə diqqət artırıldı. Məqsəd Cənubi Qafqazda, xüsusən Azərbaycanda xristian amilinin rolunun gücləndirilməsindən ibarət idi.
Mürtəce şahlıq rejimi tərəfindən Azərbaycanın cənub torpaqlarında da eyni cür siyasət həyata keçirilirdi.
Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. Nəticədə, əvvəllər Azərbaycana yiyələnmək üstündə öz aralarında qanlı müharibələr aparmış Rusiya və İran dövlətləri Azərbaycan xalqının azadlıq mübarizəsinə qarşı və ölkəmizin yenidən birləşməsinə yol verməmək məqsədilə bir-birinin etibarlı müttəfiqinə çevrildilər.
Rusiyada Birinci rus inqilabı (1905-1907), İranda isə 1905-1911-ci illər inqilabı dövründə Azərbaycan xalqı özünün müstəqil dövlətçiliyini bərpa etmək, yeni dövrdə yeni demokratik idarəçilik sistemi yaratmaq uğrunda mübarizə aparırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Rusiya ağalığına və qacarlar İranının şahlıq rejiminə qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün müstəqil dövlətini yaratmaq üçün dəfələrlə üsyan qaldırdı, ölüm-dirim savaşına qalxdı, şəhidlər verdi.
Birinci dünya müharibəsi dövründə Azərbaycan xalqı həm şimalda, həm də cənubda öz milli dövlətçilik ənənələrini dirçəltmək üçün yenidən ayağa qalxdı.
Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti ("Azadıstan məmləkəti") quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Hər iki Azərbaycan dövlətinin ərazisində geniş milli-demokratik islahatlar keçirilməsinə başlandı.
Beləliklə, Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu bir daha sübuta yetirdi. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da parlamentli respublika tipli demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi.