Azərbaycan ərazisində baş verən dağıdıcı zərbələr qədim zamanlardan məlumdur. "Bütün ölkəni alt-üst etmiş və şəhərləri və kəndləri udmuş" hadisə barədə ilk məlumat 427-ci ildə qeydə alınmışdır. Azərbaycanın güclü zəlzələlərindən biri hesab olunan, 1139-cu ilin 9 ballıq zəlzələsi zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Göy-Göl gölü yaranmışdır. XIX əsrdə Şamaxı şəhərini dəfələrlə dağıdıcı zəlzələlər sarsıtmışdır. 1856, 1861, 1872 və 1902-ci illərdə baş vermiş ən güclü və dağıdıcı zəlzələlərin intensivliyi 8-9 bal gücündə olub.
Azərbaycan ərazisində ilk seysmik stansiya Şamaxı zəlzələsindən sonra 1902-ci ildə Bakı şəhərində E.Nobel tərəfindən yaradılmışdır. Sonrakı illərdə seysmik stansiyalar respublikanın müxtəlif rayonlarında açılmışdır (Balaxanı, Zurnabad, Şamaxı, Gəncə, Naxçıvan, Lənkəran, Çilov adası, Mingəçevir). Azərbaycan ərazisində zəlzələlər 14 analoq seysmik stansiyalar vasitəsilə qeydə alınır. 2003-cü ildən seysmikliyin monitorinqi ümummilli lider Heydər Əliyevin şəxsi qərarına əsasən əldə edilmiş rəqəmli "Kinemetriks" (14 stansiyadan ibarət olan) sistemi vasitəsi ilə aparılır. Məlumatın ötürülməsi real zaman miqyasında kosmik rabitə vasitələrindən istifadə etməklə həyata keçirilir.
Seysmikliyin instrumental tədqiqatları XX əsrin 50-ci illərindən aparılır. İlk vaxtlar bu cür tədqiqatlar fotoqrafik sistemlərdən istifadə olunmaqla analoq cihazlar vasitəsi ilə aparılırdı. Yetmişinci illərdə onları AMEA-nın Geologiya İnstitutunun Xüsusi Konstruktor Bürosunda istehsal olunmuş maqnit qeydli Mobil ACC stansiyaları əvəz etdi. 1996-cı ildən detal seysmoloji tədqiqatlar İSS rəqəmli telemetrik sistemi (Cənubi Afrika istehsalı) vasitəsi ilə aparılıb. 2003-cü ildə aktiv tektonik proseslərin öyrənilməsi məqsədi ilə AMEA-nın Geologiya İnstitutunda Mülki Tədqiqatlar və İnkişaf Fondunun dəstəyi çərçivəsində Seysmik Monitorinq və Geodinamik Tədqiqatlar Mərkəzi yaranmışdır. Mərkəz 8 mobil rəqəmli stansiyalardan ibarət olan İSS sistemin yeni modifikasiyası ilə təchiz olunmuşdur.
Hiss olunan zəlzələlərin seysmik effekti R.Ağamirzəyev, S.Əliyeva, A.Əliyev, A.Həsənov, E.Gül, R.Cəfərov, V.Kuznetsov, F.Quliyev, B.Pənahi, Ş.Rəhimov, Z.Sultanova, R.Şəfadiyayev və b. tərəfindən öyrənilmişdir və bu da zəlzələlərin əsas parametrlərini və intensivliyin sönmə xarakterini təyin etməyə imkan verdi.
Ə.Ağalarova və S.Ağayeva tərəfindən aparılmış zəlzələ mexanizmlərinin tədqiqatları Azərbaycanda və Xəzər dənizi ərazisində Yer qabığının gərgin deformasiyalı vəziyyətinin mürəkkəb xarakterini üzrə çıxardı. Təyin oldu ki, ərazidəki zəlzələ ocaqları yer qabığında yerləşir və hadisələrin 90% yaxını çöküntü qatlarla əlaqədardır.
Seysmikliyin kəmiyyətcə təhlili və hadisələrin təkrarolunmasının analizi respublika ərazisinin çox böyük seysmik aktivliyə malik olduğunu göstərdi. Bununla bərabər enerji baxımından gələcək zəlzələlərin mülayim xarakterli olması təyin olunmuşdur.
Azərbaycan ərazisinin 1:5000000 miqyasında seysmik rayonlaşdırma xəritələri 1937-ci ildən tərtib olunur. 1963, 1967, 1979 və 1989-cu illərdə qəbul olunmuş dövlət seysmik rayonlaşdırma xəritələri AMEA-nın Geologiya İnstitutunda tərtib olunub. 1989-cu il xəritəsinə əsasən respublika ərazisində seysmikliyin intensivliyi 8 bal təşkil edir. Doqquz ballıq zonalar Böyük Qafqazın cənub yamacının Balakən-Şamaxı hissəsini, Gəncə və Naxçıvan daxil olmaqla, Kiçik Qafqazı əhatə edir. Seysmik rayonlaşdırma xəritələri xülasə xarakterlidir və inşaatda zəlzələyə davamlı layihələrin yaranması üçün istifadə oluna bilməzlər.