SOVET DÖVRÜNDƏ TEATR SƏNƏTİNİN İNKİŞAFI

1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nın 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-ci ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşdakı tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının (1933-cü ildən M.Əzizbəyov ad.) təntənəli açılışı oldu. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev və C.Cabbarlının, başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.

XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" (N.V.Qoqol), "Həyatın dibində" (M.Qorki), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.

Yeni forma axtarışları ilə bağlı, teatrın bəzi uğursuz tamaşaları da olmuşdur. Ancaq bunlar realist sənət yolu ilə irəliləyən teatrın ümumi inkişafına ciddi təsir göstərə bilməmişdi. 20-ci illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, İ.Hidayətzadə, R.Təhmasib, K.Ziya, M.Mərdanov, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, Ə.Məmmədova, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım) rej.A.Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və b. fəaliyyət göstərirdilər. 1935-1941-ci illər Azərbaycan Dövlət Dram teatrının yetkinləşmə dövrüdür. Bu dövrdə teatr müasir mövzuda "Həyat" (1937, M.İbrahimov), "Toy" (1939, S.Rəhman) pyeslərini, "Vaqif", "Xanlar" (1938, 1939, S.Vurğun), "Qaçaq Nəbi" (1940, S.Rüstəm) tarixi qəhrəmanlıq dramlarını göstərdi.

1948-ci ildə rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. Həmin il teatrın Moskvada qastrol çıxışları uğurla keçdi.

1949-cu ildə Azərbaycan teatrının 75 illik yubileyi təntənə ilə qeyd edildi. O vaxtkı SSRİ Ali Sovetinin Fərmanı ilə teatr Qırmızı əmək Bayrağı Ordeni ilə təltif edildi. S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər.

1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə"), "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə), və s. Bu illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının bir sıra əsərləri uğurla tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s. Teatr 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Otello" (V. Şekspir), "Almas" (C. Cabbarlı), "Fərhad və Şirin" (S. Vurğun) və s. tamaşalar göstərmişdir.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü. 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi H.Ə.Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də H.Ə.Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı — M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.

80-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edir. Bu illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, A.Pənahova Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, A.Vəlixanlı, H.Qurbanov, R.Dadaşov, R.Əzimov, N.Əliyev, Ə.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Mirzəyev, M.Novruzova, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər. Teatrın yanında gənclər studiyası vardı. 1982-ci ildən kiçik səhnədə də tamaşalar göstərilirdi.

1988-ci ildən Azərbaycanda baş verən iqtisadi, ictimai siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər; xarici havadarlarına söykənib torpaqlarımızı işğal etdilər; günahsız dinc əhalini qırdılar; Xocalı soyqırımını törətdilər; 1990-cı ilin 20 yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar.

Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi anarxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.