MƏHKƏMƏ HAKİMİYYƏTİ
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılmışdır. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Ölkənin 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk demokratik Konstitusiyasının müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.
İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Hüquq sistemi islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üç pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərman imzalamış, məhkəmə islahatı keyfiyyətcə yeni mərhələyə keçmişdir.
Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkə regionlarının inkişafı məqsədi ilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, məhkəmə aparatlarının strukturu təkmilləşdirilmişdir. Ədliyyə Akademiyası yaradılaraq fəaliyyətə başlamışdır.
Hazırda Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, yerli inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri fəaliyyət göstərir.
Yeni məhkəmə sisteminə müvafiq olaraq ölkənin 6 regionunda apellyasiya məhkəmələri fəaliyyət göstərir. Apellyasiya məhkəmələri 4 kollegiyadan - mülki, cinayət, hərbi və inzibati-iqtisadi kollegiyalardan ibarət olmaqla müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan Naxçıvan MR məhkəmələrinin təşkilində muxtar respublikanın ölkənin əsas ərazisindən kənarda yerləşməklə təcavüzkar Ermənistan Respublikası tərəfindən blokadada saxlanılması nəzərə alınmışdır. Belə ki, Naxçıvan MR Ali Məhkəməsi muxtar respublika məhkəmələrinə münasibətdə apellyasiya instansiyasıdır. Naxçıvan MR Ali Məhkəməsinin qərarlarına isə kassasiya qaydasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən baxılır.
Kassasiya instansiyası məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibində 4 məhkəmə kollegiyası - Mülki, Cinayət, Hərbi və İnzibati-iqtisadi məhkəmə kollegiyaları vardır. Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Eyni zamanda, ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında" 23 dekabr .2003-cü il tarixli qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilmişdir.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" qanuna müvafiq dəyişikliklər barədə və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar xüsusi əhəmiyyət kəsb edir.
Yeni qanunvericiliklə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti məsələləri bilavasitə Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid edilmiş, hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır.
Hakim seçkilərinə dair yeni qaydalara əsasən hakim olmaq üçün ilk dəfə olaraq 2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmiş, hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil olunmuş və bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik şəxslər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən Türkiyənin mütəxəssisləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, Avropa Ümumi Hüquq Mərkəzinin, ABACEELI-nin ekspertləri cəlb olunmuşlar.