Latviyanın Azərbaycandakı səfiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə IX Qlobal Bakı Forumunun hesabatı təqdim olunub. Həmçinin X Qlobal Bakı Forumu, bu ilin sentyabrında Nyu-Yorkda keçiriləcək XXIV Ali Səviyyəli toplantıya hazırlıq və ümumilikdə Mərkəzin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Qeyd edilib ki, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa 2012-ci ildə təsis olunan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. Mərkəzin Latviyada təşkil etdiyi konfransların və Latviyanın sabiq prezidentlərinin Mərkəzin üzvləri olaraq Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsindəki rolu xüsusi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib.
Səfir Daynis Qarançsa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi” adlı kitabı təqdim olunub.