Azərbaycan Fransaya etiraz notası verib
Fransa səfiri Zakari Qros oktyabrın 3-də Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Görüşdə oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı etiraz notası diplomata təqdim edilib.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə son zamanlar Azərbaycanın Fransanın ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı bu ölkədə məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib. Növbəti belə bir hücumun oktyabrın 1-də gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb. Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi vurğulanıb.
Eyni zamanda qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib. Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.
Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını söyləyib.