VIII Bakı Beynəlxalq Kitab Sərgisinə müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur
Oktyabrın 5-9-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılacaq. Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 5-də kitab sərgisi ilə bağlı təşkil olunmuş mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli bildirilib.
Qeyd edib ki, layihədə, həmçinin Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, eləcə də məşhur xarici yazıçılar, həmçinin aktyorlar iştirak edəcəklər. Eyni zamanda, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Diqqətə çatdırıb ki, Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarları” olacaqlar. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək. Sərginin “fəxri qonaq ölkəsi” isə Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edəcəklər.
Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyasının davam edəcəyini bildirən şöbə müdiri qeyd edib ki, hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb: “ Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq”.
Bildirilib ki, ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək. Sərgiyə giriş ödənişsizdir.