Bakıda VIII Beynəlxalq Kitab Sərgisi açılıb

Bakıda VIII Beynəlxalq Kitab Sərgisi açılıb

Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib: “Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir”.

Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Bildirib ki, sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Nazir qeyd edib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.

“Səkkizinci Bakı Kitab Sərgisinin digər əvvəlki illərdən fərqi onun daha geniş formada təşkil olmasındadır. Təbii ki, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olub. Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçən ilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı , ümumiyyətlə kitab sənayesi subyektlərinin sayı keçən ilkindən demək olar ki, 30-40 faiz daha çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə “fəxri qonaq” statusunda iştirak edir. “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib”,- deyə Anar Kərimov bildirib.

Anar Kərimov əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110 –dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var”.

Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyasının davam edəcəyini bildirən Anar Kərimov qeyd edib ki, hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb: “Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq”.

Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib, sərgi iştirakçılarına uğurlar arzulayıb.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dostluq münasibəti əbədi və sarsılmazdır: "Biz daim birlikdə istənilən sahədə tərəfdaşlıq mübadiləsi edirik. Türkiyədə də bu yaxın illər ərzində müxtəlif başlıqda xeyli sayda kitab işıq üzü görüb".

Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb. Söyləyib ki, kitab cəmiyyətin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.

Qeyd edilib ki, bu ilki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Beş gün ərzində müxtəlif formatda tədbirlər təşkil ediləcəyini bildirən natiqlər bildiriblər ki, sərginin “fəxri qonaq ölkəsi” Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edirlər.

Qeyd edək ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.

2022-10-05