Ceyhun Bayramov Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Ceyhun Bayramov Astanada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında iştirak edib. Əvvəlcə məhdud tərkibli formatda işə başlayan iclas daha sonra geniş tərkibdə davam edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov məhdud tərkibli iclasda çıxış edib. Çıxışında nazir MDB çərçivəsində qarşılıqlı fəaliyyət, habelə regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə konstruktiv fikir mübadiləsinin aparılması üçün iclasın yüksək səviyyədə təşkilinə görə sədr ölkə qismində Qazaxıstan tərəfinə təşəkkürünü ifadə edib. Müasir dünyanın çağırış və təhdidlərinə qarşı birgə fəaliyyətdə təhlükəsizlik məsələlərinin aktuallığının artdığını qeyd edən nazir bununla əlaqədar olaraq MDB çərçivəsində maraqlı tərəflər arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib. Nazir, xüsusilə ölkələr arasında etimad və qarşılıqlı anlayışın möhkəmləndirilməsində ənənəvi olaraq təsirli vasitələrdən sayılan humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlər haqqında məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib. Xüsusilə bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyətinin artacağı diqqətə çatdırılıb. Nazir azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal tədbirlərdən bəhs edib. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqlarını bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxış zamanı, həmçinin Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatların tam icra edilmədiyi, erməni hərbçilərinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Habelə Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 sentyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.

Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb. Nazir Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.

2022-10-12