Prezident İlham Əliyev: “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaq
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət‒özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Bu əsasda artıq ikinci dəfə təşkil edilən, müasir ideyalar, innovativ həllər və səmərəli təşəbbüslərlə zəngin olan “Rebuild Karabakh” Sərgisi faydalı işgüzar mühitin yeni modelini yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına məktubunda bildirib.
Dövlətimizin başçısı sərgi çərçivəsində qabaqcıl biznes subyektlərini yaranmış fürsətlərdən faydalanaraq, ərazilərimizin bərpasına dəstək olan bütün səylərini və yaradıcı ideyalarını bir araya gətirməyə dəvət edib.
“Əminəm ki, “Rebuild Karabakh” Sərgisi məhsuldarlığına və əldə olunmuş nəticələrə görə maraqlı məqamlarla yadda qalacaq, sərgi çərçivəsində keçirilən görüşlər, müzakirələr və yeni təşəbbüslər işgüzar əlaqələr üçün əlverişli platforma olacaq, Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması naminə göstərilən bütün səylərin və təşəbbüslərin uğurla gerçəkləşməsinə öz töhfəsini verəcəkdir”, - deyə məktubda vurğulanıb.