Josaia Voreqe Bainimarama: Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir

Josaia Voreqe Bainimarama: Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir

Fici Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Bu sözləri Ficinin Baş naziri Josaia Voreqe Bainimarama ölkəsinin Milli Günü ilə əlaqədar Sidneydə keçirilən xeyriyyə ziyafətində ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə ilə görüşü zamanı bildirib.

Qeyd edək ki, sözügedən tədbirin əsas məqsədi Ficidə xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etmək üçün ianə toplamaqdan ibarət olub. Ficinin Sidneydəki baş konsulluğunun yaydığı məlumata əsasən, tədbir zamanı 30 min Avstraliya dollarından artıq vəsait yığılıb. Həmin vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək verən “Walk On Walk Strong Kids Fiji” Fonduna köçürüləcək.

Xeyriyyə ziyafətində fəxri qonaq qismində Fici Respublikasının Baş naziri Josaia Voreqe Bainimarama iştirak edib. Tədbir zamanı Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Baş nazir ilə görüşərək onu Azərbaycan hökuməti adından bayram münasibətilə təbrik edib. Eyni zamanda, ölkəmizin Fici ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına əhəmiyyət verdiyini bildirib, dövlətlərimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini xüsusi vurğulayıb.

Ficinin Baş naziri öz növbəsində, ölkəsinin müstəqillik günü münasibətilə təbriklərə görə təşəkkürünü ifadə edib. Baş nazir Ficinin Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd edib. O, həmçinin xeyriyyə tədbirində səfirliyin iştirakını yüksək qiymətləndirərək, bununla əlaqədar Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan ilə Fici arasında diplomatik münasibətlər 2010-cu il martın 18-də qurulub.

Ölkəmizin Avstraliyanın paytaxtı Kanberrada yerləşən səfirliyi, eyni zamanda, Ficidə akkreditə olunub.

2018-10-22