AZƏRTAC səs çoxluğu ilə yenidən OANA-nın vitse-prezidenti seçilib
Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) Tehranda keçirilən XVIII Baş Assambleyasında təşkilati məsələlərə baxılıb. AZƏRTAC gizli səsvermə yolu ilə keçirilən seçkidə səs çoxluğu ilə yenidən OANA-nın vitse-prezidenti seçilib.
Baş Assambleyada təşkilatın üzvü olan 22 agentliyin nümayəndələri, həmçinin digər regional xəbər agentlikləri assosiasiyalarını təmsil edən müşahidəçilər qismində dəvət edilmiş fəxri qonaqlar iştirak ediblər.
Təşkilatın Nizamnaməsinə OANA-nın İcraiyyə komitəsi tərəfindən təklif edilmiş dəyişikliklər qəbul olunub.
OANA-da sədrlik müddəti başa çatan Cənubi Koreyanın Yonhap xəbər agentliyi Nizamnaməyə müvafiq olaraq növbəti üçillik müddətə OANA-nın dörd vitse-prezidenti mövqelərindən birini tutub. Budəfəki foruma ev sahibliyi edən IRNA agentliyi növbəti üçillik müddətə təşkilatın prezidenti vəzifəsinə seçilib.
Digər üç vitse-prezident vəzifəsinə gizli səsvermə yolu ilə keçirilən seçkilərin gedişində Azərbaycanın AZƏRTAC və Rusiyanın TASS agentliyi ən çox (hərəyə 18) səs toplayıb. Çinin Sinxua və Türkiyənin Anadolu agentliyi isə hərəyə 14 səs əldə edib. Səsvermənin ikinci turunda hər iki agentlik yenidən eyni miqdarda - 22 səs topladığı üçün Baş Assambleya iştirakçılarının konsensusu əsasında, qaydalara istisna kimi, bu agentliklərin hər ikisinin vitse-prezident olması qərara alınıb.
Növbəti Baş Assambleyanı keçirmək hüququ uğrunda gizli səsvermə yolu ilə keçirilən müsabiqədə TASS agentliyi 6 səsə qarşı 16 səslə Sinxua agentliyindən üstün olub. Beləliklə, XIX Baş Assambleya 2025-ci ildə Rusiya Federasiyasında keçiriləcək.
Sonda OANA-nın fotomüsabiqəsində qaliblərin adları elan edilib. Birinci yerə TASS agentliyi, ikinci yerə isə Anadolu agentliyi layiq görülüb.
Bununla OANA-nın XVIII Baş Assambleyası işini tamamlayıb.