Moldovada yaşayan azərbaycanlılar Fransa səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Moldovada yaşayan azərbaycanlılar Fransa səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Moldovada yaşayan azərbaycanlılar Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) təşkilati dəstəyi ilə Fransanın bu ölkədəki səfirliyinin qarşısında dinc aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya oktyabrın 3-də Fransa Senatının altı üzvü tərəfindən irəli sürülən, Azərbaycana qarşı qərəzli ittihamların yer aldığı, eləcə də Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə etiraz olaraq keçirilib.

Sözügedən qətnamə layihəsində Ermənistan-Azərbaycan münasibətlərinə tamamilə birtərəfli və qərəzli yanaşılaraq, 30 ilə yaxındır öz doğma yurd-yuvalarından didərgin düşmüş milyonlarla sadə azərbaycanlının ağrı-acıları, arzuları ümumiyyətlə nəzərə alınmayıb.

Aksiya iştirakçıları MAK-ın müraciətini Fransa səfirliyinə təqdim ediblər. Bu müraciətdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Ermənistan tərəfi hələ də Azərbaycana dəqiq və dolğun mina xəritələrini təqdim etmədiyi, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə məlumat vermədiyi qeyd olunub.

Eyni zamanda, müraciətdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında yerləşən ərazilərimizin minalanması ilə Azərbaycana qarşı genişmiqyaslı təxribatından sonra ölkəmizin silahlı qüvvələrinin mövqelərini atəşə tutmasının çoxsaylı hərbi qulluqçuların itkisinə səbəb olduğuna dair məlumat yer alıb.

Moldovada yaşayan həmvətənlərimizin Fransa səfirliyi qarşısında dinc aksiyası Moldova mediasında rumın və rus dillərində də yayımlanıb.

2022-11-05