Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib

Prezident İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədrini və qrupun məsləhətçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoreni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulandı, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirildi və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olundu.

Dövlətimizin başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirdi.

Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatore ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd etdilər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını dedilər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğuladılar.

Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparıldı.

Stefano Domenikali və Flavio Briatore Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd etdilər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdılar. Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğuladılar.

İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri ilə bağlı da dövlətimizin başçısını təbrik edən qonaqlar həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin, xüsusilə minlərlə kilometr yeni avtomobil yollarının çəkilməsinin əhəmiyyətini bildirdilər.

2022-11-22