Belqradda Azərbaycan-Serbiya sənədləri imzalanıb

Belqradda Azərbaycan-Serbiya sənədləri imzalanıb

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”i Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov və Serbiya Respublikasının daxili işlər naziri Bratislav Qaşiç imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında İnzibati Razılaşma”nı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Serbiya Respublikasının əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviç imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiya İnkişaf Agentliyinin direktoru Radoş Qazdiç imzaladılar.

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mixaylo Vesoviç imzaladılar.

2022-11-23