Ərəb mediası Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolundan yazıb

Ərəb mediası Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolundan yazıb

Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdəki Ərəb Dövlətləri Liqasının Sammitində fəxri qonaq qismində iştirakı iki dost ölkənin əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olub. İki böyük qaz ixracatçısı olan Azərbaycan və Əlcəzair, eyn zamanda, daha sıx əməkdaşlıq etməklə qlobal enerji təhlükəsizliyinə də mühüm töhfə verə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər energetika naziri Pərviz Şahbazovun Əlcəzairə səfəri və bu ölkənin Energetika və Mədən Nazirliyi ilə qarşılıqlı investisiyalara dair anlaşma memorandumunun imzalanması barədə ərəb mediasının dərc etdiyi materiallarda yer alıb. Rəsmi APS, “AfrikaEconomy”, “Attaqa”, “Şuruq”, “Əl Vəsit” və “Əl Hərir” qəzet və portallarında yayımlanan materiallarda Azərbaycanın energetika nazirinin Əlcəzairin Baş naziri Aymin Benəbderəhman və energetika və mədən naziri Mohamed Arkab ilə görüşlərinin iki dost ölkə arasında sürətlə inkişaf edən əlaqələrin daha bir örnəyi olduğu vurğulanıb. Oxucuların diqqətinə çatdırılıb ki, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində, həmçinin SOCAR ilə “Sonatrach” və “Sonelgaz” şirkətləri ilə əməkdaşlıq, o cümlədən qarşılılıqlı investisiyalar iki dost ölkənin maraqlarına xidmət etməklə yanaşı, həm də qlobal enerji təhlükəsizliyi məsələlərində böyük əhəmiyyət kəsb edir.

Materiallarda Azərbaycan və Əlcəzair arasında "OPEC+" və Qaz İxracatçısı Ölkələrin Forumu çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğu vurğulanıb.

2022-11-30