Azərbaycanda olan fransız sahibkardan deputata: Fransanın xaricdəki imicindən narahatıq
Azərbaycanda sahibkar kimi fəaliyyət göstərən Fransa vətəndaşı Martin Ryan ölkəsinin Asiya, Okeaniya (Sakit okean adaları) və Şərqi Avropa üzrə Fransadan kənarda yaşayan fransızlar üçün 11-ci seçki dairəsindən Milli Assambleyanın deputatı Ann Jeneteyə məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, sahibkar M.Ryan, ilk növbədə, ölkəmizdə qida məhsullarının idxalı və paylanması üzrə ixtisaslaşan fransız sahibkar kimi 2019-cu ildən Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda yaşayan çoxsaylı fransızlar kimi, o da Fransanın tərəqqisinə öz imkanları çərçivəsində töhfə verir və ölkəsinin xaricdəki imicindən çox narahatdır.
“Artıq iki ildən artıqdır - Azərbaycan 2020-ci ilin sentyabr ayının sonunda Ermənistan tərəfindən 30 il işğal altında olmuş ərazilərini azad etmək barədə qərar qəbul etdiyi andan bəri Fransadakı erməni diasporunun radikal ünsürləri yorulmadan anti-Azərbaycan kampaniyası aparırlar. Siyasi rəhbərlərimizə və diplomatlarımıza təsir göstərmək üçün yalanlarla dolu təbliğat həyata keçirirlər. Bu ünsürlər Azərbaycana hər hansı dəstək göstərən seçilmiş məmurları, jurnalistləri qorxutmaqdan və fiziki təhdid etməkdən çəkinmirlər”, - deyə sahibkar məktubunda bildirib.
O, ölkəsinin siyasi təbəqəsinin böyük əksəriyyəti kimi, A.Jenetenin də tutduğu haqsız mövqeyə etirazını bildirir. “Təəssüf ki, mövzu ilə bağlı mövqeyinizlə və son təşəbbüslərinizlə, xüsusilə də Fransadakı bu təbliğatın son estafeti olan 2022-ci il noyabrın 30-da Milli Assambleyada qəbul edilmiş Azərbaycan əleyhinə qətnamə layihəsinə səs verməyinizlə bu ölkədə yaşayan fransızların məyus olmasına və zəifləməsinə, Fransanın imicinin onsuz da xeyli pisləşdiyi vaxtda buradakı diplomatlarımızın işini çətinləşdirməyə “töhfə” verirsiniz”,- deyə Martin Ryan vurğulayıb.
Məktubda qeyd edilib ki, son iki il ərzində Azərbaycanda yaşayan fransızlar parlamentarilərə birlikdə müraciət edərək narahatlıqlarını bildirib, xüsusilə də onları münaqişə ilə bağlı qərəzli mövqe tutmaqla yaratdıqları təhlükə, eləcə də belə mövqe ilə iki ölkə arasında mövcud olmuş yaxşı münasibətlərin pozulması və onun Fransanın milli maraqlarına zidd olması ilə bağlı xəbərdar ediblər. Xatırladılıb ki, Fransa 1993-cü ildə Azərbaycanla Dostluq xartiyası imzalayıb.
M.Ryan diqqətə çatdırıb ki, 2021-ci ildə fransızlar “Causeur” jurnalında Respublika Prezidentinə vəziyyəti mükəmməl şəkildə əks etdirən məktub ünvanlayıblar. M.Ryan fransız deputata xatırladır ki, Fransanın seçilmiş nümayəndələrinin ilk vəzifəsi Fransa vətəndaşlarının maraqlarını müdafiə etməkdir, başqa bir ölkənin, hər hansı icmanın təzyiq qruplarının, hətta dostlarının maraqlarını müdafiə etmək deyil.
“Bu sətirləri yazarkən siz öz dairənizə aid olan Ermənistanda səfərdəsiniz. İndi isə sizi Bakıda gözləyirik. Burada sizi yaxşı qarşılayacaq həmvətənlərinizlə və potensial seçicilərlə görüşə biləcəksiniz. Bununla da regionda sülhün inkişafı üçün həqiqətən hansı konstruktiv təşəbbüslər üzərində düşünməli olduğunuzu biləcəksiniz”, - deyə M.Ryan vurğulayıb.