Azərbaycan ombudsmanı İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

Azərbaycan ombudsmanı İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktubda Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə yanvarın 27-də edilmiş terror aktı qətiyyətlə pislənilib və 1961-ci il Diplomatik əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyaların tələblərinin kobud şəkildə pozulması diqqətə çatdırılıb.

Azərbaycan ombudsmanı İranın sözügedən insan hüquqları təşkilatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlərin görülməsinə dəvət edib.

2023-01-30