Kanada azərbaycanlıları Tehrandakı terror aktını pisləyən bəyanat yayıblar

Kanada azərbaycanlıları Tehrandakı terror aktını pisləyən bəyanat yayıblar

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücum Kanadanın Kvebek vilayətində yaşayan soydaşlarımızı hiddətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Kvebek Azərbaycanlıları Assosiasiyasının və Monreal Kanada-Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatlarda səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənilib. İranda heç bir diplomatik nümayəndəliyin, heç bir insanın toxunulmazlığına zəmanətin olmamasına, 40 milyon azərbaycanlının hüquqlarının davamlı olaraq pozulmasına, Azərbaycana münasibətdə məhz İran İslam Respublikasının Ermənistanla eyni mövqedən çıxış etdiyinə, ölkəmizin sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinə diqqət cəlb edilib.

Yaranmış durumdan dərin narahatlıq keçirən soydaşlarımız Kanada ictimaiyyətini və beynəlxalq birliyi bu terror aktına etiraz səsini ucaltmağa və cavabdeh şəxslərin cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.

2023-01-31