Prezident: Tehrandakı səfirliyimizin binasında törədilən terror aktı Azərbaycan tərəfindən hərtərəfli araşdırılır
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.
Dövlətimizin başçısı bildirib ki, səfirliyimizin binasında törədilən terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib. Səfirliyin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısı alınıb.