Nazir: Qətər Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır
Azərbaycanın Qətərdəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev bu ölkənin mədəniyyət naziri Şeyx Əbdül Rəhman bin Həməd Al Tani ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əlaqələrin inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Şeyx Əbdül Rəhman bin Həməd Al Tani səfir Mahir Əliyevi Qətərə yeni səfir təyin olunması münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.
Qətərli nazir ölkəsinin Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edərək, ölkəmiz haqqında gözəl təəssüratlarının olduğunu bildirib. O, ötən il Bakıda keçirilmiş IX Qlobal Bakı Forumunda iştirak etdiyini və səfər çərçivəsində Azərbaycanın Baş naziri, həmçinin mədəniyyət naziri ilə məhsuldar görüşlər keçirdiyini, eyni zamanda, Bakıdakı Heydər Əliyev Mərkəzini ziyarət etdiyini xatırladıb.
Səfir Mahir Əliyev iki ölkə arasında siyasi əlaqələrin yüksək xəttlə inkişaf etdiyini və mədəniyyət sahəsində də əməkdaşlığın genişlənməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu nəzərə alaraq, bu çərçivədə Qətərdə bir sıra mədəni tədbirlərin keçirilməsi, o cümlədən Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması məsələləri ilə bağlı müzakirələr aparılıb.