Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib, Hataydakı zəlzələlərin təsirləri ilə maraqlanıb

Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib, Hataydakı zəlzələlərin təsirləri ilə maraqlanıb

Fevralı 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2023-02-21